Close

00:03
26 Aprel 2024

İran Azərbaycana qarşı düşmənçilik etsə, "Traktor" onun fars zehniyyətini şumlayacaq

Ötən yazımızda Amerika və Fransa haqqında müəyyən fikirlərimizə (yazıya burdan keçid edə bilərsiniz Suya düşən "Amerika xəyalları və Fransız romantizmi", şirin quyruğunun görünməsi…) Qərbi müdafiə edən bəzi sosial şəbəkə istifadəçiləri facebook səhifəmdə öz etirazlarını bildirdilər. Biz onların fikrinə hörmətlə yanaşırq. Hərinin öz doğruları var, biz də doğru bildiyimizə əmin olduğumuz üçün öz mövqeyimizdə qalırıq. Növbəti yazımızla onlara birtərəfli düşünmədiyimizi bildirmək istəyirik. Bu dəfə Azərbaycanla uzun illər qonşu olsa da, qonşuluq prinsiplərindən uzaqda duran İran İslam Respublikası haqqında yazımızı təqdim edirik.

Beləliklə, İranla bağlı acı reallıqları paylaşmaq vaxtı gəldi. Əvvəla belə bir sual verək: İran kimlərin dövlətidir? Bu qədim tarixə malik dövləti kimlər idarə edib? İranda yaşayan millətlər nədən öz kökündən ayrı salınır? Gəlin öncə bu suallarımıza aydınlıq gətirək. Elə ilk sualdan başlayaq. İran adı qədim olmasa da, əsrlər boyu bizimlə tarixi bağlılığı olan  dövlətdir. Bu ölkənin ərazisində min illərdir, müxtəlif tayfalar, sülalələr hakimiyyət qurublar. Lakin bu hakim tayfalardan heç biri fars olduğunu bəyan etməyib. Hətta farsların Əhəməni, Arşaki və Sasaniləri mənimsəməyə çalışması da həmin tayfaların fars olması anlamına gəlmir. Belə olsaydı, 1925-ci ildə hakimiyyətə gələn Rza Pəhləvi öz çıxışında: "Biz nəhayət ki, İranda farsların hakimiyyətini təmin edə bildik" deməzdi. Çünki İslamdan sonrakı min illik tarixdə İran ərazisində yalnız türklər hakimiyyətdə olublar. Qədim dövlətlərin adını sadalamağa lüzum yoxdur. Son bir neçə əsrdə Qəznəvilər, Səlcuqlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk tayfaları olublar və İranı türk yurdu hesab ediblər.

1813-1828-ci illərdə İran-Rusiya müharibəsi zamanı Qacarların məğlubiyyəti ilə ölkəmiz iki yerə bölündü. 1925-ci ildə hakimiyyətə gələn Rza Pəhləvi İranda farslaşdırma siyasəti aparmağa başladı. Ölkənin rəsmi dili fars dili olmaqla yanaşı, hər yerdə farslaşdırma siyasəti aparıldı. Hakimiyyət təmsilçilərinin qırımızı xətti keçən siyasəti  54 il sonra Pəhləvilərin sonunu gətirdi. Tezliklə Təbrizdə başlayan xalq üsyanları İranın hər yerinə yayıldı. Bu inqilablar əslində sosial, siyasi, milli zəmində yaranmışdı, ancaq Fransada mühacirət həyatı yaşayan Xomeyni və onun tərəfdarları çox ağıllı şəkildə inqilablara dini don geyindirməyi bacardılar. Nəhayət bütün üsyanlar Xomeyni və onun tərəfdarları tərəfindən yönləndirildi. Nəticədə, xalq inqilabları dini inqilaba çevrildi. İranda dini, molla hakimiyyəti quruldu. Molla rejiminin yüksək vəzifələrində türklər otursa da onlar milli məsələlərdə lal, kar, kor oldular. Çünki molla rejimi fars ideologiyasına xidməti seçmişdi. Buna görə də ölkədə rəsmi dil fars dili elan edildi. İranda yaşayan əhalinin 50 fazini təşkil edən türklərin ana dili heç bir rəsmiyyət daşımadı, nəinki daşımadı, hətta dilimizə qadağalar qoyuldu. Bütün millətlərin hüquqlarına müdaxilələr olsa da, aborigen türklərin təkcə ana dili ilə bağlı hüquqları yox, bütün milli hüquqları pozulmağa başladı. Ana dilində təhsil, milli kimliklə bağlı qadağalar türkçülüyü və başqa millətlərin milliyyətçiliklərini məhv etməyə yönəlmişdi. Qadın hüquqları pozulur, onların geyimlərinə müdaxilə edilirdi. Uzun sözün qısası, şah dövrünün dünyəvi dövləti, qara din pərdəsinə çevrilmiş dini dövlətə çevrildi.

Molla rejimi öz hakimiyyətini qorumaq üçün bütün vasitələrə əl atıb, içəridə inqilabların baş verməməsi üçün mütləq xaricdə bir düşmən tapılıb. Sonra da içəridəki siyasi fəalları xaricə işləməkdə günahlandırıb edam ediblər. Öz hüquqlarını müdafiə edənlərə təxribatçı və din düşməni damğası vurulub. Molla rejimi elə hakimiyyətinin ilk ilindəcə İraqla müharibəyə başlayıb. Ardınca Amerika və İsrail ölkədə düşmən elan olunub. Ərəb ölkələri Amerika casusu adlandırılıb. Türkiyə ilə uzun müddət dini düşmənçilik mövqeyində dayanılıb.

Yarandığı 43 ildə İran bütün qonşu ölkələrdə dini propaqanda ilə məşğul olan mollalar yetişdirib. İran hazırda belə bir siyasət yürüdür: bir ölkə ilə problemi yaranan kimi, molla şəbəkəsinin casus ordusunu ayağa qaldırıb, həmin ölkəyə təzyiq etməyə çalışır. Bütün bunların nəticəsində istər Qərbdə, istərsə də Şərqdə İran arzuolunmaz dövlətə çevrilib.

İranın yaxın dövrə aid tarixinə nəzər salsaq görərik ki, vaxtilə onun ən yaxın qonşusu və ən yaxşı münasibətdə olduğu ölkə Azərbaycan olub. Çünki Azərbaycan təkcə İranla deyil, bütün ölkələrlə balanslaşdırılmış siyasət yürüdüb. Amma İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra İranın Azərbaycanla bağlı gizli siyasəti üzə çıxıb. Birdən-birə dini dövlət çevrilib oldu ermənipərəst. İstər müharibə dövründə, istərsə də ondan sonrakı dövrdə hər vəchlə İran Ermənistanın yanında olduğunu bildirib. Ermənistana yardımlar edib, hətta müharibədə Ermənistanın qalib gəlməsinə çalışıb. Bu da iki qonşu ölkə - Azərbaycan və İran arasında münasibətləri korlayıb.

İranın Azərbaycana düşmən mövqe tutmasının arxasında Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi dururdu? Qətiyyən yox. Bəs onda bu düşmənçilik haradan qaynaqlanır? Azərbaycanın güclənməsi, İsraillə münasibətləri ola bilərdimi? İranın sözçüləri dəfələrlə bunu bəyan etsələr də, bu, inandırıcı səbəb deyil. Bəlkə, İranın bu cür davranışlarının əsas səbəbi şimaldakı nəfəsliyi hesab olunan Zəngəzur dəhlizi barədə İlham Əliyevin açıqlamalarıdır. Deməli, İranı şirə döndərən onun sonuncu nəfəsliyinin qapanması olacaq ki, artıq bu mesaj da İrana verilib.

İndi isə gəlin görək İran şirə dönə biləcəkmi, yoxsa quyruğunun qaldırılmasından qorxacaq? Əslində şir kim idi, indi İran onu kimə qarşı tətbiq etmək istəyir? - suallarına cavab axtaraq.

Səfəvilərin bayrağında şir şəkli və arxasında günəş var idi. Bu bayrağın rəngi isə yaşıl idi. Səfəvilərdən sonra hakimiyyətə gələn Əfşarlar bayraqdakı şəkillərdə cüzi dəyişiklik etdilər.  Yalnız bayrağın rəngini dəyişdilər. Qacarlar isə əvvəl şirin əlinə qılınc verdilər, sonra isə bayraqdakı rənglərdən yaşılı yerinə qaytardılar, amma qırmızı və ağ əlavə etdilər. Ortada ağ, yuxarıda yaşıl, aşağıda qırmızı rəng, bayrağın mərkəzində isə əlində şir tutmuş qılınc.  Pəhləvilər hakimiyyətə gəldikdən sonra bayraqda heç bir dəyişik etmədilər. Nəticədə, Türk Şirinə sahib çıxmağa çalışdılar. İranda İslam İnqilabı quranlar tərəfindən də bayraqda köklü dəyişiklik edilmədi. Qacarların bayrağındakı rənglərə toxunmadılar. Şirdən imtina etdilər, onun yerinə ərəb dilində Allah yazısını qoydular. Beləcə, özünü ali təbəqə hesab edən irançı fars zehniyyəti türkün yaratdıqlarını oğurlamaqla ona sahib çıxmağa çalışır. Amma heç ağlına gətirmir ki, şiri yaradan türklər istənilən vaxt onun quyruğunu da qaldıra bilərlər. Əgər İran Azərbaycana qarşı düşmənçilik etsə, "Traktor" onun fars zehniyyətini şumlayacaq və məcbur edəcək ki, Təbrizin sehrli nağıllarını dinləsin. Buna görə İran Azərbaycan ilə həddindən artıq ehtiyatla danışmalıdır, yoxsa İranın göbəyində 40 milyon bombanın partlamasında günahkar Azərbaycan olmayacaq!

Elmar Hüseynov

ed9dc5b6-a29c-4225-a77b-0914c138c663