Close

Suya düşən "Amerika xəyalları və Fransız romantizmi", şirin quyruğunun görünməsi…

Həftəyə "Qarabağ"la başladıq. Bütün Azərbaycanın sevimli komandası Çexiyada büdrəsə də bu hadisə sevincimizi azalda bilmədi. Çünki  bu il ötənilkindən fərqli olaraq, komandamız Avroliqada ölkəmizi təmsil edəcək. "Qarabağ" keçən il bundan bir qədər aşağı turnir hesab olunan Konfrans Liqasında çıxış edirdi. Bu isə o deməkdir ki, hələ də komandamız böyüyür, inkişaf edir, ümidlərimizi doğruldur. Elə futbol komandamız kimi, ordumuzdan da hər gün bir uğurlu səda gəlir. 2020-ci il 10 noyabr bəyanatının yerinə yetirilməsi üçün Ermənistana təzyiq yavaş-yavaş öz nəticəsini verməyə başlayıb. Hər ötən gün ordumuz Qarabağdakı yüksəkliklərdə daha çox bərkiyir, rus sülhməramlıları torpaqlarımızdan addım-addım çəkilir.

Bu ilin ən böyük uğurlarından birinə də ötən həftə imza atıldı. Özü də ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günündə. Avqust ayının 26-da, yəni Mehriban xanımın ad günündə Prezident İlham Əliyev tərəfindən belə bir tvit paylaşıldı:

 "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Yaşasın Laçın!

Yaşasın Azərbaycan!"

Beləliklə, 2020-ci ilin 10 noyabrında imzalanan bəyanatın daha bir bəndi yerinə yetirilmiş oldu. Bu isə o deməkdir ki, Laçın şəhəri, Zabux və Sus kəndləri heç bir güllə atılmadan, şəhid verilmədən azad edildi. Azərbaycan ordusunun Laçını, Zabuxu və Susu nəzarətə götürməsi dünənə qədər "Laçın şəhərinin taleyi necə olacaq?" deyə ittiham edənlərin topuna sillə kimi cavab oldu. Bundan sonra yəqin ki, "Xankəndi, Xocalı, Xocavənd necə olacaq?" deyənlər də artıq kiriməyə başlayarlar. Çünki proseslər hələ də ölkə başçısının düzgün siyasət yürütdüyünü göstərir. Artıq hər iki ölkənin ictimai fikrində Qarabağ problemi arxa plana keçməyə başlayıb. Görünən odur ki, Ermənistan elitası Qarabağda yaşayan ermənilərdən əlini üzub. Paşinyan sülh sazişi bağlayarkən Qarabağdakı ermənilər üçün hüquqi üstünlük əldə etməyə çalışsa da, İlham Əliyevin sərt mövqeyi və əlavə heç bir üstünlük verməməsi, Paşinyan hökumətinin əl-qolunu bağlayıb. Onlar da Qarabağdakı ermənilərin azərbaycanlıların əhatəsində yaşamağa məhkum edilməsi ilə razılaşıblar. Bizim hökumətin qərarı isə belədir: Qarabağdakı ermənilər ya üçrəngli bayrağımızın altında Azərbaycan vətəndaşı kimi yasayacaqlar, yaşaya bilirlərsə, ya da rədd olub gedəcəklər. Bunu bu həftə Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında da qeyd etdi. Bildirdi ki, ordumuz Xankəndini azad edə bilərdi, amma mülki əhaliyə zərər verilməməsi üçün bu addım atılmadı. Bu da o deməkdir ki, Azərbaycan milliyyətindən asılı olmayaraq, onun vətəndaşlığını qəbul edən hər kəsə sahib çıxacaq. Çünki bu, Hikmət Hacıyevin dediyi kimi, mənəvi məsələdir.

Bunu azərbaycanlılar, ruslar, ermənilər, bütün dünya dövlətləri bildi və qəbul etdi. Yalnız iki ölkədan başqa. Onlar hələ də bunu həzm edə bilməyiblər. Əgər edə bilsəydilər, həftənin ən qalmaqallı hadisəsinə imza atmazdılar. Söhbət Amerika və Fransa səfirlərinin Şuşa səfərindən imtinasından gedir. Onlar sıradan ölkələrin səfirləri deyillər. Bu ölkələr 30 il ATƏT-in Minsk qrupuna sədrlik ediblər. İndiyədək Azərbaycan ictimaiyyətinə özlərini haqq-ədalət carçısı kimi göstəriblər. Guya ədalətli sülh üçün çalışıblar. Bizim saf, məsum insanımız isə iki ikiüzlü, riyakar ölkəni həqiqətən dünyanı qurtarmağa çalışan Femidanın vətəni hesab edirdilər. Lakin o saf, məsum insanların "Amerika xəyalları və Fransız romantizmi" bu həftə suya düşdü. Utanmadan dünyaya demokratiya ixrac etdiyini bəyan edən hər iki ölkənin necə haqq-ədalət tərəfdarı olduğu hər kəsə aydın oldu. Hər iki ölkənin həqiqət qarşısında lal, kar, kor olduğunu Azərbaycan ictimaiyyəti bir daha gördü...

Hadisələrin bu dəfəki cərəyanı nədənsə cənubdakı qonşunu da gizildədir. Din pərdəsinə bürünmüş şirin quyruğu yavaş-yavaş görünməyə başlayır. Bir vaxtlar Qarabağdakı məscidlərin dağıdılmasına, onlarda donuz saxlanılmasına mıkk edə bilməyən qonşumuz nədənsə erməni təəssübkeşliyi edən zaman şirə dönür. Qarabağ probleminin arxa plana keçməsi və Zəngəzur dəhlizi məsələsinin gündəmə gəlməsi, təbii ki, molla rejimini qıcıqlandırmaya bilməzdi. Çünki özünə dini-imanı bayraq edən İranın narkotik tranziti də yavaş-yavaş daralmağa başlayır. Belə getsə, İran narkotiki ölkədən ixrac edə bilməyəcək, nəticədə də özlərini ekspert adlandıran Salar Seyfəddini timsalındakı istifadəçiləri  hallanıb, ağlasığmaz bəyanatlar verəcək. Çünki İran da bilir ki, artıq Azərbaycanın hədəfi öncə anklavda qalan 8 kəndin qaytarılması, ardınca isə Zəngəzur dəhlizidir. 

Dünyada baş verən proseslər Şərq və Qərbin etibarlı nəqliyyat dəhlizinə ehtiyacı olduğunu göstərir. Bir tərəfdən Rusiya, digər tərəfdən İran bu nəqliyyat dəhlizinin öz ərazilərindən keçməyini istəsələr də görünür, bu ölkələrin "saf niyyəti" artıq heç bir ölkəni qane etmir. Hər dəfə müxtəlif bəhanələrlə Avropanı sıxışdırmağa çalışan Rusiya, uranı zənginləşdirməyə çalışan İran bu dəfə nəqliyyat dəhlizi məsələsində cəzalandırıldılar. Onların dəhlizin kənarında saxlanılmasının səbəbkarı isə regionun ən etibarlı ölkəsi Azərbaycandır. Azərbaycanın son 30 ildə apardığı balanslı siyasət, ərazi bütövlüyünü təmin etməsi, həmçinin Rusiya və İran arasında bufer zonaya çevrilməsi Qərbin maraqlarını da təmin edir. Buna görə Zəngəzur dəhlizi hər tərəf üçün cəlbedici görünür. Bu mövzu masaya yatırılarkən, həyata keçməsi üçün Çin başda olmaqla, Şərq ölkələrinin aqressiyası pik həddə qalxan İrana, Fransa başda olmaqla, Qərb ölkələrinin isə başqalarının sözü ilə oturub-duran Ermənistana müxtəlif təzyiqlər edəcəyi labüddür. Proseslərin bu axarda davam etməsi Azərbaycanı bəzi dini-radikal və başqa qruplaşmaların, “beşinci kolon”un və xarici kəşfiyyata işləyənlərin hədəfinə gətirir. Belə ki, artıq ölkə gündəmində müxtəlif qruplaşmalara xidmət edənlərin təxribat törətmək cəhdləri ilə bağlı fikirlər yer alır və hər kəsin diqqətli olmasına çağırışlar edilir. Bu təxribatlar sosial şəbəkələrdə edilə bilər. Məsələn, xüsusi təyinatlı geyimdəki əsgərin Türkiyə bayrağı ilə videosu tez bir zamanda bütün sosial şəbəkələrdə tirajlanır və ölkə ictimaiyyətini parçalamaq məqsədi güdür. Məqsəd ölkə insanını üz-üzə qoymaq, Azərbaycanı kiçik düşürməkdir. Yaxşı ki, getdikcə insanların gözü daha çox açılır, yaxşını pisdən seçməyi bacarırlar. Bunun sayəsində də düşmənin bu cür təxribatları nəticəsiz sona çatır. Çünki Azərbaycan vətəndaşı açıq-aydın düşünür ki, onun ölkəsi o qədər də kiçik ölkə deyil. Böyük ölkənin vətəndaşı da böyük düşünər. Bu baxımdan Azərbaycanın hər gün daha çox güclənməsinə, inkişaf etməsinə və böyüməsinə hər birimizin ehtiyacımız var.

Elmar Hüseynov