Close

Neft ölkəsinin fantastik uğurları - Son 20 ildə real sektordan ixracın həcmi 13 dəfədən çox artıb - X YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən 10-cu yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.

Bir neft ölkəsində iqtisadiyyatın şaxələndirildiyini xarakterizə edən ən bariz göstərici, həmin ölkədə qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının artım dinamikasıdır. Bu dinamika varsa, deməli, iqtisadiyyatı neftlə bağlı olan ölkədə hökumət iqtisadiyyatın real sektorunu inkişaf etdirməklə, onun neftdən asılılığını azaltmağı və neft iqtisadiyyatı ilə real iqtisadiyyat arasında balanslaşdırılmış bir durum yaratmağı hədəfləyir.

İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən neftə güvənəməmyi tövsiyyə etmiş və son 20 ildə onun rəhbərliyi altında aparılan islahatların əsas qayəsi də ölkə iqtisadiyyatının real sektorunun üstün artımını təmin etməkdən ibarət olmuşdur. Nəticələr ortadadır. Bu gün Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı ümumi iqtisadiyyatın 2/3 hissəsinə qədər yüksələ bilib.

Azərbaycan bu gün artıq dünyanın bir çox ölkələrinə iqtisadiyyatın real sektorunda istehsal olunan məhsulları ixrac edir. Bu məhsulların çeşidi və onların ixrac edildiyi ölkələrin sayı durmadan artır.

2003-2023-cü illər ərzində respublikamızın ticarət tərəfdaşla­rının sayı artaraq 55 ölkədən 185-ə çatıb. Təkcə ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub ki, bu məhsulların sırasında sənaye mallarının payı 1,4 milyard dollar və ya qeyri-neft ixracının ümumi həcmində 41 faizdən çox olub.

Son 20 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 3,8 milyard dollardan 52,7 milyard dollara, qeyri-neft ixracı isə 260,0 milyon dollardan 3,4 milyard dollara qədər yüksə­lib və ya müvafiq olaraq 13,9 və 13,1 dəfə artıb. Bir neft ölkəsində 20 ildə real sektordan ixracın 13 dəfədən çox arta bilməsi çox mətləblərə aydınlıq gətirir. Deməli, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası real nəticələrə hesablanıb və bu gün həmin nəticələr qarşımızdadır.

Bu illər ərzində hökumət real sektordan ixracın artırılmasını stimullaşdırmaq istiqamətində qətiyyətli addımlar atıb və buna görə yüksək nəticələr əldə edilib. Dünya bazarlarında neftin qiymətlərinin 2014-cü ilin ortalarından başlayaqraq kəskin azalması bir daha sübut etdi ki, İlham Əliyevin qeyri-neft strategiyası nə qədər doğru və nə qədər uzağa hesablanmış bir seçimdir. Neftin qiymətləri ətrafında baş verən bu olaylar fonunda Azərbaycan hökuməti iqtisadiyyatın real sektorunun daha sürətlə inkişaf etdirilməsi və bu sektordan ixracın daha üstün artırılması qərarına gəldi. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Prezidentin 2016-cı ilin yanvar ayının 18-də imzaladığı “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı oldu. Sərəncamla Prezident Nazirlər Kabinetinə ən qısa müddət ərzində kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizmini, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmini işləyib hazırlamasına dair tapşırıqlar verdi.

Görülən bütün bu tədbirlərin nəticələri heç şübhəsiz bu gün əldə olunanlardan bəlkə də bir neçə dəfə yüksək ola bilərdi. Lakin 2019-cu ilin sonlarından dünya iqtisadiyyatını əsaslı şəkildə silkələmiş COVİD-19 pandemiyası Azərbaycandan da yan keçmədi. Azərbaycan hökuməti bu dönəmdə iqtisadiyyatın real sektorunun ayaqda qalmasını təmin edən xüsusi qərarlar qəbul edərək, özəl sektorda çalışan müəssisələrin itkilərinin qarşılanması istiqamətində konkret addımlar atdı. Dövlətin maliyyə dəstəyi iqtisadiyyatın real sektorunda pandemiya səbəbindən yaranmış qapanmaların vurduğu ziyanı qarşılamağa və vəziyyəti sabit saxlamağa imkan verdi. Bu dəstək olmasaydı, ölkədə iqtisadiyyatının real sektoru və ilk növbədə bu sektordan məhsul ixrac edən müəssisələrin əksəriyyəti müflis olub sıradan çıxa bilərdi. 

Koronovirus pandemiyası başa çatdıqdan sonra iqtisadiyyatın real sektoru öz əvvəlki axarı ilə inkişafa üz tutdu. Pandemiyadan ötən illər ərzində ölkə iqtisadiyyatının real sektorundan ixracın artım dinamikası bu sahədə ciddi uğurların əldə edildiyinin real göstəricisidir. Faktlara nəzər salaq. 2021-ci il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə 2,7 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2020-ci il ilə müqayisədə 870 milyon dollar və ya 47,2% artım deməkdir. Ayrı-ayrı məhsul növləri üzrə artımlar bu şəkildə baş verib: 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln ABŞ dolları, pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb. Koronovirus pandemiyasından sonrakı ilk ildə qeyri-neft sektorundan ixracın belə sürətlə artması, hökumətin pandemiya başlayana qədər sahənin inkişafına göstərdiyi qayğının, verdiyi dəstəyin və habelə pandemiya dönəmində bu sektorun ayaqda qalması üçün gördüyü təxirəsalınmaz tədbirlərinin bariz nəticəsi idi.

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 12,4% artıb. Eyni qayda ilə 2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı ölkədə neftin hasilatının azalması səbəbindən  azalsa da, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-dekabr ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “My Fruit” MMC, “STP Global Cable” MMC, “PAqro” MMC, Muradova Sahibə Səlimət qızı və “Mors Trading” MMC qeydə alınıblar. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında ilk yer “Azərenerji” ASC-ə məxsusdur, sonrakı yerlərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC və Naxçıvan MR Dövlət Energetika Xidməti dayanır.

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi tərəfindən dünyanın 48 ölkəsinə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

2023-cü il üzrə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən qeyri-neft ixracının dəyəri 242,9 milyon ABŞ dolları təşkil edib.

Ölkədə qeyri-neft sektorunun sürətli inkişafı bir tərəfdən idxalın əvəzlənməsinə, digər tərəfdən isə bu sektordan ixracın həcminin sürətlə artmasına geniş imkanlar açır.

Real sektordan ixracın yaxın gələcəkdə bir neçə dəfə artırılması bu gün aparılan islahatların əsas qayəsidir. Neft erasının sona yaxınlaşdığı bir zamanda bu olduqca vacibdir.

Qeyd: Yazının hazırlanmasında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatlarından istifadə edilib.