Prezident İlham Əliyev Azərbaycanı Avropanın enerji təchizatçılarından birinə çevirir - VII YAZI
“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən yeddinci yazını təqdim edirik. Digər yazıları bu linkdən oxuya bilərsiniz.
Hər bir dövlətin iqtisadiyyatı və onun sosial həyatı həmin ölkədə enerji sektorunun inkişaf səviyyəsindən bilavasitə asılıdır.
Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, elektrik enerjisi sahəhəsinin də etibarlı inkişafının təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən Onun Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə qoyulmuşdu. O vaxta qədər uzun illər Azərbaycanda energetika sahəsinin inkişafına diqqət yetirilməmiş, bu səbəbdən də onun inkişafında ciddi ləngimələr qeydə alınmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən enerji sektorunun inkişafını xüsusi nəzarətə götürmüş və iqtisadiyyatın bu sahəsində yaranmış geriləmənin ən qısa zaman kəsiyində aradan qaldırılması, respublikanın elektrik enerjisinə olan təlabatının yerli istehsal hesabına ödənilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə start vermişdi. Həmin illərdə bir-birinin ardınca yeni elektrik stansiyalarının tikilməsi, elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilməsi Azərbaycanda güclü sənaye sektorunu formalaşmasının təməlini qoydu. Bu sırada 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan İran-Azərbaycan “Araz” Su Elektrik Stansiyasının tikintisini, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün 220 MVt-a çatdırılmasını, 1976-1977-ci illərdə gücü 50 MVt olan “Sərsəng” Su Elektrik Stansiyasının istifadəyə verilməsini, gücü 380 MVt olan “Şəmkir” Su Elektrik Stansiyasının istismara buraxılmasını xüsusi qeyd etmək lazımdır. Heydər Əliyevin Azərbaycanda qurduğu yeni və güclü energetika sisteminin ən bariz nümunələrindən biri bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, 8 enerji blokna malik və gücü 2400 MVt olan “Azərbaycan” İstilik Elektrik Stansiyasıdır.
1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtdığı vaxt ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, elektrik enerjisi sistemində də acınacaqlı vəziyyət yaranmışdı. Ulu Öndər bu dəfə müstəqil Azərbaycanın enerji sisteminin yenidən qurulması işlərinə start verdi.
Heydər Əliyev ölkədə maliyyə çətinliklərinin mövcud olduğu bir şəraitdə “Şimal” Elektrik Stansiyasının yenidən qurulmasının vacibliyini nəzərə alıb, Yaponiyaya səfəri zamanı rəsmi Tokionun bu layihə üçün 210 milyon ABŞ dolları məbləğində uzunmüddətli, güzəştli kredit ayırmasına nail oldu.
Müstəqillik illərində Ulu Öndərin rəhbərliyi altında Azərbaycanın enerji sisteminin yenidən qurulması istiqamətində görülən işlər nəticəsində ölkədə elektrik enerjisi istehsalı 2 dəfəyə qədər artırılıb. Onun bu sahədəki uzaqgörən siyasəti ilə elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə edib və Azərbaycanın enerji sistemi Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan üzərindən keçərək Türkiyə enerji sistemləri ilə sıx əlaqəni təmin edib.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan enerji sistemində son 20 ildə Prezident İlham Əliyev tərəfindən böyük uğurlara imza atılıb. Ölkənin enerji sistemində aprılan islahatlar, enerji istehsal edən yeni stansiyaların inşası və fəaliyyətdə olan stansiyaların modernləşdirilməsi hesabına enerji istehsalı sahəsində yüsək nəticələr əldə olunub.
Əgər 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud idisə, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildə Azərbaycanda 34 yeni elektrik stansiyası tikilib istismara verilib. Bunun nəticəsidir ki, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib. Ölkənin enerji sistemində görülən bu uğurlu işlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya miqyasında ikinci yerə layiq görülüb.
Azərbaycan enerji sektorunda əldə edilmiş naliyyətlərlə kifayətlənməyib, indi ölkəmizin bu sektorda yeni hədəfləri var. Ölkəmiz dünyanın enerji bazarında baş verən yeni çağrışlara qoşularaq bölgədə yaşıl enerji istehsalının lokomotivi rolunu öz üzərinə götürüb.
Bu gün Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətində mühüm addımlar atır. Prezident kimi fəaliyyətinin ilk ilində - biz elə yaşamalıyıq ki, sanki neftimiz yoxdur - çağrışı edən İlham Əliyev ölkənin enerji sektorunda islahatların məhz bu çağrışlara uyğun aparılmasına nail olub.
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə böyük potensiala sahib ölkədir. Onun bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də məhz bu potensialdan yararlanaraq ölkəmizdə bərpa olunan enerji mənbələrindən maksimum istifadəyə nail olmaqdır. Dünya enerji balansının sürətlə alternativ enerjinin xeyrinə dəyişdiyi bir dönəmdə bir neft ölkəsində enerji sisteminin yeni çağırışlara tam uyğunlaşdırılmasını təmin edən addımların atılması yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin sistemliliyini təmin etmək məqsədilə 2020-ci il 22 sentyabr tarixli fərmanla Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyini yaradıb. Bunun ardınca 2021-ci il 31 may tarixdə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bununla da ölkədə bərpa olunan enerji istehsalının hüquqi bazası formalaşdırılıb.
Bu gün Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1687,8 MVt-dır ki, bu da ümumi enerji istehsalı gücünün 20,3 %-ni təşkil edir. 2030-cu ilə qədər qarşıya qoyulmuş hədəf isə bu rəqəmin 30%-ə çatdırılmasından ibarətdir.
Ətraf mühitin mühafizəsinə önəm verən Azərbaycan bu gün “yaşıl enerji” istehsalı istiqamətində böyük uğurlara imza atır. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də dövlətin bu sahədəki siyasətinin tərkib hissəsidir.
Azərbaycan 2008-ci illə müqayisədə 2023-cü ildə elektrik enerjisi ixracını 4,0 dəfə artıra bilib. Bu göstəricinin gələcəkdə alternativ enerji mənbələrində istehsal olunan enerji hesabına daha da yaxşılaşdırılması hədəflənir və ölkəmiz artıq bu sahədə real addımlar atmaqdadır. Belə ki, 17 dekabr 2022-ci il tarixdə Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Yaxın gələcəkdə Azərbaycan Qara dənizin dibi ilə çəkiləcək ötürücü kabel vasitəsilə Avropanın şərqində yerləşən ölkələrə “yaşıl enerji” ixrac edəcəkdir.
Azərbaycan “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması istiqamətində artıq bir çox tədbirlər görüb. Ölkəmizdən Qoca qitəyə “yaşıl enerji” ixracı dövlətimiz üçün həm siyasi, həm də iqtisadi faydalar gətirəcəkdir. Qarabağ və Şərqi Zəngəzurun və eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması da Prezident İlham Əliyevin ölkədə “yaşıl enerji”nin inkişaf etdirilməsinə dair planının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu baxımdan, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncamın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 21 iyun 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib.
İşğaldan azad olunan bölgələr 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Laçın və Kəlbəcərin dağlıq əraziləri külək enerjisi, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı isə Günəş enerjisi potensialı ilə seçilirlər. Bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlər, Günəş və külək enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanı regionda “yaşıl enerji” istehsalı sahəsində lider ölkə mövqeyinə çıxarır.
Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Miqyasına və nüfuzuna görə seçilən bu sessiya BMT-nin Baş Assambleyasından geri qalmayan bir tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən yaxşı nümunəsidir. Eyni zamanda bu tədbir ölkəmizin “yaşıl enerji” potensialından istifadə məqsədlərinə xarici investisiyaların cəlb edilməsi üçün tam uyğun bir platformadı.
Yaxın gələcəkdə Azərbaycan Avropanın tək etibarlı neft və qaz təchizatçısı kimi deyil, eyni zamanda elektrik enerjisi təchizatçılarından biri kimi də söz və nüfuz sahibi olacaqdır.