Naxçıvanda da namizədlərə seçicilərlə görüş yerləri ayrıldı - FOTO
Bu gündən 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə təbliğat-təşviqat mərhələsi başlayıb.
Növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün ayrılmış açıq və qapalı yerlərin siyahısı bir neçə gün əvvəl Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
MSK-nın rəsmi saytında yerləşdirilən yerlərin siyahısı 7 saylı Səbail Seçki Dairəsindən başlayırdı, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində yekunlaşırdı. 119 seçki dairəsini əhatə edən ərazilərdə görüş üçün ayrılmış açıq və qapalı yerlərin ünvanları tək-tək göstərilib.
Məlumdur ki, Azərbaycanda 125 seçki dairəsi var. Bunlardan 6-sı Naxçıvan Muxtar Respublikasının ərazisində, 119-u paytaxt Bakıda və ölkənin digər bölgələrindədir.
Dünənə qədər Naxçıvan Muxtar Respublikasının ərazisində olan seçki dairələri (1 saylı Şərur – Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək - Şahbuz - Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək - Naxçıvan – Culfa, 6 saylı Ordubad – Culfa) üzrə görüş yerlərinin siyahısı sayta yerləşdirilməmişdi. Bu gecə siyahıya muxtar respublikadakı yerlər də əlavə edilib.
Qeyd edək ki, TNS avqustun 8-də bu məsələni ictimailəşdirib. Eyni zamanda MSK-dan siyahıda muxtar respublikada yerləşən seçki dairələri üzrə seçicilərlə görüş yerlərinin siyahıda olmamasının səbəbini soruşub.
MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli TNS-ə bildirib ki, Naxçıvan ərazisində də namizədlərin seçicilərlə görüşməsi üçün açıq və qapalı yerlər müəyyənləşdirilib: “Naxçıvandakı görüş yerlərinin siyahısı və ünvanları bu gün (dünən – red.) MSK-nın saytına yerləşdiriləcək”.
Naxçıvan MR ərazisi üzrə namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan yerlərin siyahıya sonradan əlavə olunması maraq doğurur.