Close

12:20
27 İyul 2024

Laçında Böyük Qayıdışa dair müzakirələr aparılıb - VİDEO

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Böyük Qayıdış” elmi-praktik konfransı keçirilib.

TNS xəbər verir ki, tədbiri Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev açaraq konfransın məqsədi barədə ətraflı məlumat verib.

STM-in departament rəhbəri Əziz Əlibəyli bildirib ki, Laçının Ermənistanla sərhəd olması, üzərində işğalçı tərəfin xüsusi iddialar səsləndirməsi, Laçın yolundan Azərbaycana daxil olub keçmişdə işğalçı siyasətlərini davam etdirməsi şəhər üzərində Azərbaycan bayrağının dalğalanması məsələsini xüsusilə vacib edib.

STM-in sektor müdiri Əfqan Vəliyev çıxışında Qərbi Azərbaycana, tarixi torpaqlara qayıdışın Laçından başlayan əsas tendensiya olduğunu söyləyib.

Konfrans çərçivəsində Ə.Vəliyevin müəllifi olduğu “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarında maddi-mədəni irsimiz” kitablarının təqdimatı da təşkil olunub.

Qeyd edək ki, STM ölkə rəhbərliyinin Vətən müharibəsindən sonra müəyyən etdiyi “Tarixi Azərbaycan torpaqlarına qayıdış siyasəti” çərçivəsində fundamental hesabatlar və kitablar hazırlayıb. Növbəti vəzifələr kimi Qayıdış prosesinə müxtəlif formalarda töhfə verməyə çalışan STM Şərqi Zəngəzurla yanaşı, digər tarixi torpaqlara qayıdışla bağlı da fəaliyyətini həm davam etdirir, həm də onu ictimai rəylə mütləq surətdə bölüşür. Laçında təşkil edilən tədbirin əsas istiqamətlərindən biri də məhz bundan ibarət olub.

Tədbir paytaxtın elmi tədqiqat mərkəzləri, siyasi institutları ilə işğaldan azad edilmiş ərazilərə köçən insanlar arasında əlaqələri daha da möhkəmləndirmək xarakteri daşıyır.