Laçında sirlərlə dolu əsrarəngiz mağara – Qarıkaha - VİDEO
Bəzi yurd yerlərinin adları müxtəlif dövrlərdə baş vermiş tarixi hadisələrlə bağlıdır. Azərbaycanının coğrafiyası, dağları, dərələri, zirvələri onun övladları üçün möhtəşəm qala, düşmən üçün isə fəlakət yuvasıdır. Bu torpaqların hər daşı, hər cığırı tarixin sirrini özündə saxlayır.
TNS-in əməkdaşları işğaldan azad edilməsinin 3-cü ildönümdə Laçın rayonunda əcdadlarımızın yaşadığı Qarıkaha mağaralarında olub. Bir-birinə yaxın ərazidə 30-dan çox mağara Laçın rayon mərkəzi ilə Şəlvə dərəsini birləşdirən magistral avtomobil yolunun sol, Həkəri çayının sağ tərəfində yerləşir. Tarixi mənbələrə əsasən, böyük, qədim kahalarda Qafqaz Albaniyası dövrlərində yaşayış olub. Qədim insanların yandırdığı ocaqların tüstüsü, hisi kahanı qara rəngə boyayıb.

Qarıkaha kəndi Laçın şəhəri ilə birləşdirilmədən öncə mağaralarla eyni adı daşıyan kəndin sovxoz direktoru Asif Baxışov TNS-ə açıqlamasında bildirib ki, kahalar 1992-ci ilədək sovxozun anbarı olub, ehtiyat yem və taxıl orada saxlanılıb.
A. Baxışov qeyd edib ki, təbii kahalar sonrakı illərdə insan əməyi nəticəsində oyularaq genişləndirilib.

Yazılı mənbələrdə qeyd olunur ki, 19-cu əsrin sonlarında tədqiqat aparan alman və rus əsilli arxeoloqlar kahadan gümüş çıraq aşkarlayıblar. Çırağın bir tərəfi saqqallı kişi qiyafəsi, şeytan, digər tərəfi məzhəkəci, təlxək şəkilləri ilə bəzədilib. Qədim əşyanın eramızın I əsrinin ikinci yarısında Suriyada hazırlandığı müəyənləşib. Hazırda həmin gümüş çıraq Sankt-Peterburq şəhərində muzeydə saxlanılır.

Qeyd edək ki, Qarıkaha Azərbaycanın Laçın rayonunun Laçın şəhər inzibati ərazi dairəsində kənddir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı qərarı ilə Laçın rayonunun Qarıkaha kənd sovetinin Qarıkaha kəndi Laçın şəhəri ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılıb.
