Close

Adada sülhü təmin edən hərəkat: 50 il öncə “Ayşe tətilə çıxmışdı”

Bu gün Türkiyənin Kiprdə həyata keçirdiyi Sülh Hərəkatının 50-ci ili tamam olur.

TNS xatırladır ki, 1974-cü ildə Türkiyənin o vaxtkı Baş naziri Bülent Ecevitin göstərişi ilə Kiprdə hərbi əməliyyat keçirilib. Məqsədi Kiprdə yaşayan türklərə qarşı törədilən soyqırımının dayandırılması olan əməliyyat tarixə Kipr Sülh Hərəkatı (Kıbrıs Barış Harekatı) kimi düşüb.

1920-ci ildən başlayaraq, adada yaşayan yunanlar Kiprin Yunanıstana birləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. Türklərlə ortaq dövlətin qurulmasına razı olmayan yunanlar bütün beynəlxalq anlaşmaları, qanunları heçə sayaraq, türklərin adadan çıxarılması üçün bütün vasitələrə əl atıblar. 50-ci illərdə artıq türklərə qarşı soyqırıımları törətməkdən belə çəkinməyiblər.

1959-cu ildə London Müqaviləsi ilə müstəqil Kipr Cümhuriyyəti qurulsa da, yunanlar adada türkləri istəmirdilər. Buna görə türklərin adadan sıxışdırılıb çıxarılması üçün zorakılıq yolunu tutdular.

60-cı illərin əvvəllərində adada vəziyyət gərginləşməyə başladı. Artıq türklərə qarşı açıq şəkildə soyqırımı həyata keçirilirdi. Türk kəndlərinə basqınlar edilir, evlər yandırılır, sakinlər qətlə yetirilirdi. 1974-cü ilədək vəziyyət belə davam etdi. Artıq adanın şəhərləri, kəndləri türklər üçün yaşanmaz vəziyyətə gəlmişdi. Türklər mütəmadi hücumlara məruz qalır, öldürülür, evləri yandırılırdı. Öldürülənlərin əksəriyyəti mülki şəxslər, qadın və uşaqlar idi.

Demokratiya “carçısı” olan dövlətlər bu olaylara reaksiya vermir, tərəfləri sülhə çağırmaqla işlərini bitmiş hesab edirdi.

Belə olan halda, Türkiyə Cümhuriyyəti Kipr türk xalqının xilası üçün hərbi yola baş vurdu.

Əməliyyat tamamilə məxfi saxlanılırdı. Hətta bəzi hökumət üzvlərinin belə hazırlıqlardan, əməliyyatın tarixindən xəbəri yox idi.

Baş nazir Bülent Ecevitlə xarici işlər naziri Turan Günəş əməliyyatın parolunu belə müəyyənləşdirir: “Ayşə tətilə çıxsın”.

Yeri gəlmişkən, Ayşə Turan Günəşin qızının adı idi.

Qızmar iyul gecələrinin birində bu gizli mesajla aidiyyəti şəxs və qurumlara ötürülür, 20 iyul 1974-cü il tarixdə Kipr Sülh Hərəkatı başlayır.

Qısa müddətdə Türkiyə və dünya mətbuatı hərakat haqqında xəbərləri yayır. Baş nazir Ecevitlər, müavini Necmettin Erbakan mətbuat konfransı keçirərək, Türkiyə Silahlı Qüvvələrnin Kiprdə əməliyyata başladığını bildirirlər.

İndiyədək hadisələri sükutla izləyən bir çox dövlət dərhal müdaxilə edərək, əməliyyatın dayandırılmasına çalışır. Amma Türkiyə Silahlı Qüvvələri əməliyyatı uğurla başa çatdırır, ada türklərinin qətliamının qarşısını alır.

Nəticədə 1975-ci ildə Kipr Türk Federe Dövləti, 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) qurulur.

Böyük təzyiqlərlə üzləşən, diskrimaniyaya məruz qalan KKTC-nin qurucuları Rauf Denktaş, Fazıl Küçük və silahdaşları bir addım belə geri atmır, mübarizələrini sonadək davam etdirirlər.

Bu gün artıq KKTC dünya birliyi tərəfindən dövlət tanınmasa da, qəbul edilir.

Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Şimali Kiprin Prezident Ersin Tatar, rəsmi şəxsləri dəfələrlə Azərbaycana səfər edib, rəsmi tədbirlərə qatılıb, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

İnanırıq ki, KKTC-nin bir dövlət kimi tanınacağı gün də çox uzaqda deyil…

Gülşən Hacıyeva