Konyanın əsrarəngiz mağaraları
Mədəniyyət və turizmi ilə dünyanın müxtəlif yerlərindən gələn turistləri qəbul edən Konya möhtəşəm mağaraları ilə də zəvvarların diqqətini çəkir.
Tınaztepe mağarası
Konya-Antalya marşrutu üzərində yerləşən və 1968-ci ildə kəşf edilən Tınaztepe mağarası "təbiət möcüzəsi" olaraq adlandırılır.
Mağaranın sahəsi 1580 metr, döşəmə ilə tavan arasındakı hündürlük bəzi yerlərdə 65 metrə çatır. Mağaranın içərisindəki qalereyalar ziyarətçilərə “vizual ziyarət” təqdim edir.
TNS xəbər verir ki, mağaranı idarə edən şirkətin baş direktoru Bayram Çelmeli 2004-cü ildən etibarən fəaliyyət göstərdiklərini bildirib.
Mağaranı öz imkanları ilə təchiz etdiklərini bildirən Çelmeli "Mağaramızın sabit uzunluğu 22 kilometrdir, lakin gəzilə bilən, yəni təchiz olunmuş hissəsi 1580 metrdir. Mağara 1968-ci ildə fransız alim Mixail Bakaloviç tərəfindən kəşf edilib və o dövrün alətlərindən istifadə edilməklə rəsmlər çəkilmişdir. Onu digər mağaralardan fərqləndirən cəhəti içərisində daha bir mağara olmasıdır. Xüsusilə yaz aylarında yağış və qar yağıntılarından aşağıya doğru axan su bir mağara yaradır. Zamanla burada stalaktitlər və stalaqmitlərin əmələ gəlməsinə səbəb olur”.
Hər il minlərlə yerli və xarici zəvvar qəbul edən mağaranın yaşı ilə bağlı məlumat verən Çelmeli deyib: "Mağaranın yaşı 230 milyon il olaraq təyin olunub. Stalaktitlər və stalaqmitlərin hər santimetrinin əmələ gəlməsi üçün 100 il lazımdır. Bu yolla mağaranın yaşını təxmin edə bilərik".
Çamlık mağaraları
Konyanın Derebucak sərhədləri daxilində yerləşən və 2022-ci ildə milli park elan edilən Çamlık Mağaralarının turizm mərkəzinə çevrilməsi üçün işıqlandırma və avadanlıq işləri tamamlanıb. Mağaranın yerləşdiyi ərazidə torpağın sıldırım olması vəhşi heyvanlar üçün əlverişli yaşayış mühiti yaradır. Gəzinti zamanı bölgədə qorunan çöl keçilərinə də rast gəlmək mümkündür.
Beyşehir Mədəniyyət və Turizm Dərnəyi Başçısı Mustafa Büyükkafalı ətrafda müxtəlif ölçülü 20-yə yaxın mağara olduğunu bildirib.
Balatini Mağarasının "Çamlık Mağaraları" adlandırılan mağaraların ən böyüyü olduğunu qeyd edən Büyükkafalı əlavə edib ki, mağaranın xüsusiyyəti 1 kilometrdən sonra inanılmaz gözəl mənzərənin açılmasıdır: “Digər mağaralara nisbətən fərqli formasiyalar görmək mümkündür. İrəlilədikcə inanılmaz gözəllikdə stalaktitlər və stalaqmitlər görəcəksiniz. Bundan əlavə, mağara su ilə doludur, dərhal "cadu qazanı" deyilən suya düşəcəksiniz. Buradan mümkün qədər tez çıxmalısınız və bunun üçün xüsusi avadanlıqlara ehtiyac var. Hazırda bu ərazi turizm məqsədləri üçün istifadə olunur”.
Suluin Mağarası
Suluin Mağarası eyni bölgədə, Çamlıkdan 500 metr cənub-qərbdə yerləşir.
Təxminən 25 metr uzunluğunda olan mağaranın girişi su ilə dolu olduğu üçün yanlız qayıqla gəzinti mümkündür. Nəhəng daş bloklar arasında şəlalələr əmələ gətirən su mağaranın 150 metr daxilində böyük bir gölə birləşir. Bu dərin göldə qayıqla gəzmək böyük bir həzzdir.