Close

21:23
31 Avqust 2024
20:23
31 Avqust 2024
19:34
31 Avqust 2024

Kərkükdə əslində nə baş verir? – Türkmənlər də Azərbaycandan dəstək istəyir - ÖZƏL AÇIQLAMA

Ankaradakı Kərkük Kültür Dərnəyinin başqanı, jurnalist-yazar Şəmsəddin Kuzəçi Kərkükdəki son hadisələri TNS-ə şərh edib.

Kərküklü yazar bildirib ki, 2003-2017-ci illərdə Kərkükü idarə etmiş kürd qrupları yenidən Kərkükü ələ keçirməyə çalışır. 2017-ci ildə kürd qruplaşmaları Şimali İraqa qaçıb, Kərkükün kürd valisi Məcməddin Kərimi ərəb Rakan Cübüri əvəz edib. Rakan Cüburi indiyədək bu vəzifədədir.

“2022-ci ildə İraqda Maliki Bərzani ilə anlaşaraq, 10-cu hökuməti qurdu. Amma Bərzaninin şərtləri var idi. Bunların arasında Kərkük valisinin kürd olması, kürd siyasi partiyalarının Kərkükə qaytarılması, Kərkükün mühafizəsinin kürdlərə verilməsi və s. idi. Ərəb və türkmənlər kürd partiyalarının Kərkükə qayıtmasına qarşı çıxmırlar, ancaq Müştərək Əməliyyatlar Komandanlığı Qərargahının Kürd Demokrat Partiyasına (KDP) verilməsi ilə razılaşmırlar”, - jurnalist qeyd edib.

O bildirib ki, ABŞ hərbçiləri bu binanı KDP-yə verib. KDP isə binanı bir vaxtlar dəhşətli hadisələrə şahid olmuş “Əbu qərib” zindanı kimi istifadə edib: “Kürdlər ərazidən qaçandan sonra o vaxtadən Kərkükdə itkin düşmüş 5 min nəfərin əksəriyyətinin meyitinin qalıqları bu qərargahda aşkarlandı. Həmin 5 min nəfər ərəb, türkmən və müxalifətçi kürdlər idi. Quyulardan, çuxurlardan meyiti tapılan şəxslərin ağır işgəncələrə məruz qaldığı müəyyənləşdi. Çoxunun əl-ayaq və digər bədən üzvləri kəsilibmiş”.

Şəmsəddin Kuzəçi deyib ki, bu məsələ ilə bağlı məhkəmələrə müraciət edilsə də, açılmayan cinayətlər kimi işə xitam verilib:

“İndi KDP-nin istədiyi həmin qərargah ərəb və türkmənlər üçün şərəf məsələsidir. O səbəbdən ərəb və türkmənlər kürdlərlə anlaşa bilmir. Qərargah Kərkük Neft Şirkətinin mülkiyyətindədir. Bu bölgələrin böyük hissəsinin sahibi kərküklü Sarıkahya ailəsi olsa da, İraq höküməti Neft Şirkətinə yaxın olduğu üçün əraziləri ələ keçirib. Ərəblər isə qərargahın üstündə İraqın bayrağından başqa bir bayraq görmək istəmirlər”.

Yazar bu səbəbdən bölgədə gərginlik yaşandığını qeyd edib.

KDP-in idarəçiliyi dönəmində kürdlərin onlarla inzibati binanın, hərbçilərin evlərinin zəbt etdiyini xatırladan Kuzəçi əlavə edib ki, saysız-hesabsız dövlət əmlakı da yağmalanıb. “Ərəb və türkmən kəndləri yandırıldı, torpaqları zəbt olundu, insanları zindana atıldı, öndə gələn şəxsləri qətlə yetirildi”.

Hazırkı vəziyyət gəlincə, dərnək başqanı bunları deyib: “Bu il sentyabrın 1-də ərəb və türkmənlər çadır quraraq, KDP-nin qərargaha girməsinə icazə verməyəcəklərini bildirdilər. KDP isə təxribata əl ataraq, ərazidə 290 avtomobili yandırdı, qərargaha tərəf yürüşə başladı. Lakin təhlükəsizlik qüvvələri buna müdaxilə etdi. Nəticədə ərazidə gərginlik başladı. Ölən və yaralananların olduğu aksiyalarda kürdlər İraq bayrağını yandırmaqla durumu daha da gərginləşdirdilər. Bundan sonra fövqəladə vəziyyət elan olundu, küçəyə çıxmaq qadağası gətirildi. Vəziyyət Kərkük Əməliyyatlar Komandanlağının nəzarətinə alındıqdan sonra qadağalar qaldırıldı. Hazırda vəziyyət normaldır”.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kərkük məsəlsini xüsusi diqqətdə saxladığını xatırladıb.

Kərkükün Azərbaycan və Türk dünyasından gözləntilərinə gəlincə, Kuzəçi bildirib ki, Osmanlı İmperiyası İraqı 400 il idarə edib: “5 iyun 1926-cı ildə Ankara Anlaşması ilə Kərkük-Mosul birlikdə İraqın nəzarətinə keçdi. 1991-ci ildə İraq ikiyə bölünüb. Can Azərbaycan və Türkiyə Türk dünyasının ürəyidir. Ulu Öndər Heydər Əliyevin “tarixi araşdıranda gördük ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq türkmənləri bir bütünün hissələridir”, - sözlərinin həyata keçməsini istəyirik. Bizə Azərbaycandan siyasi dəstək lazımdır. Prezident cənab İlham Əliyev və dövlət böyüklərimizin Türkiyə kimi mesaj və açıqlamalarna çox ehtiyac var. Çünki Füzulinin ruhu Kərbəladakı məzarında şad olmayacaq".

semseddinkuzeci