Süni intellektli və 2 dəfə sürətli yeni iMac

“Apple” şirkəti heyrətamiz, ultra nazik dizaynda güclü M4 çipi və süni intellekt Apple Intelligence dəstəyi ilə təchiz edilmiş yeni iMac komputerlərini təqdim edib.
TNS xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilib.
M4 çipi ilə iMac, M1 çipli iMac ilə müqayisədə gündəlik işlərdə 1,7 dəfə, foto redaktə və oyun kimi mürəkkəb iş proseslərində isə 2,1 dəfə daha sürətlidir.
Qeyd olunur ki, iMac istifadəçinin üzünü və iş yerini yuxarıdan göstərməyə imkan verən Desk View funksiyalı 12 meqapiksellik kamera, həmçinin dörd Thunderbolt 4 və USB-C portu ilə təchiz edilib.
iMac istifadəçiləri üçün Apple Intelligence macOS Sequoia 15.1-də əlçatan olacaq. Süni intellektlə işləyən Yazı Alətləri ilə istifadəçilər mətnləri yenidən yaza, yoxlayaraq və ümumiləşdirərək təkmilləşdirə bilərlər. Əlavə olaraq, Siri-nin yenilənmiş versiyası ilə istifadəçilər tapşırığın tamamlanmasını sürətləndirmək üçün danışıqdan çap edilmiş sorğulara problemsiz keçmək imkanı əldə edəcəklər.
Yeni iMac-ın qiyməti 1299 dollardan başlayır. ABŞ də daxil olmaqla 28 ölkə və regionda ilkin sifarişlər bazar ertəsi açılır və cihazın satışı noyabrın 8-də başlayacaq. Yeni iMac yeddi rəngdə mövcuddur - yaşıl, sarı, narıncı, çəhrayı, bənövşəyi, mavi və gümüşü.
1976-cı ildə qurulan “Apple” fərdi kompüterlər və planşetlər, smartfonlar, smart saatlar və proqram təminatı istehsal edir.