Close

FHN-nin “yanğınsöndürən” və yanğınsöndürənləri, daxildəki düşmənlər, ETSN-nin susduğu hadisə - Elmar Hüseynov yazır

Nənəm deyərdi ki, avqust ayının 15-dən sonra quyruq doğar. Bəzi yerlərdə bu ifadə "quyruq donar" şəklində işlənsə də, quyruğun doğması reallığa daha uyğundur. Çünki bütün ilin aktiv prosesləri avqust ayına qədər səngiyir. Avqust ayında yox səviyyəsinə enir. Avqustun sonundan başlayaraq, yenidən aktiv fazaya qədəm qoyur. Yəni avqust ayının sonlarından “quyruğun doğması” hadisələrin bu dövrdən daha aktivləşməsi anlamına gələ bilər. Eyni zamanda bizdə "xoruzun quyruğu görünməyə başladı" ifadəsi də var ki, onu da təqvim olaraq bu ayın sonuna  aid etmək olar.

İndi isə keçək həftənin hadisələrinə. Əslində bu həftəyə yaxşı başlamaq haqqında düşünürdük. Amma Fövqəladə Hallar Nazirliyinin polkovniki məşhur "yanğınsöndürmə" əməliyyatı ilə həftənin siftəsini kor elədi. Bu hadisə nəinki daxili qruplaşmaların davası kimi xarakterizə edildi, ölkələrarası mübarizə miqyasına çıxarıldı.

FHN-dəki "yanğınsöndürmə əməliyyatı" hər bir azərbaycanlıya bir dərs olmaqla, bəzi gerçəklikləri ortaya qoymuş oldu. Əsl əxlaqsızlıq kabinetdə rüşvət almaqdır. Görünür, xalqın gələcəyini bu şəkildə məhv etmək onu heç düşündürmür də. Amma kabinetdə seks A-dan Z-yə bütün azərbaycanlıları düşündürür.

Bu hadisəni həm də qadınlara qarşı atılan addım hesab etmək olar. Dövlət idarələrində çalışan qadınlara etimadın azaldılmasına, cəmiyyətdə onlara qarşı çox təhlükəli seks köləsi fikrini aşılamağa çalışan qüvvələr var. Və bu hadisə onların əlinə düşmüş böyük şansdır.

"Yanğınsöndürmə" əməliyyatının törədilməsi və onun videosunun yayılması ilə bəzi dairələr cəmiyyətin dövlətə etimadını sarsıtmaq məqsədi də güdə bilər.

Bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılması vacibdir.

Beləliklə, bundan öncəki yazıda qeyd etdiyimiz kimi, düşmən iş başındadır, biz hər şeyə hazır olmalıyıq. Çünki daim kənarda axtardığımız düşmən daxildə də gizlənə bilər. Biz son illər dəfələrlə bunun şahidi olmuşuq. Ancaq bütün bunlarla yanaşı öz pozitivliyimizi də itirməməliyik. Çünki düşmən də cavabsız qalmır. Məsələn, bu həftə düşmənə ən gözəl cavab idman arenalarında verildi. Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan  "Qarabağ" Futbol Klubu dünya şöhrətli müğənnimiz Müslüm Maqomayevin 80 illik yubileyi günündə Bakıda ÇL-nin himnini çaldırmaqla Azərbaycan idmanına öz töhfəsini verdi, həmçinin Müslüm Maqomayevin ruhunu da şad etdi. Həmin gün ölkə Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya ilə xoş, səmimi zarafatı ağ-qara xəbər lentlərinə pozitiv rənglər bəxş etdi...

Həftənin qapanış törəni çörək imtahanı ilə başlasa da, FHN-dən başlayan “yanğın” söhbətini elə FHN-in yanğınsöndürənlərinin özləri də bitirməli oldular. Amma bu dəfə acı reallıqla. Əslində onlara əhsən demək lazımdır. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən fərqli olaraq, onlar ölkənin ağ ciyərləri olan meşələrimizi qorumağa çalışırlar. Bu nazirlik isə Bakının mərkəzindəki parkda (bu barədə ayrıca material veriləcək) hasarlanmış hissədə məqsədli şəkildə qurudulan ağacları görmür, sözçüsü isə ona verilən məlumata baxmayaraq, susmağa üstünlük verir! Bu baxımdan FHN yanğınsöndürənlərinin boynuna böyük bir yük düşür. Onlar artıq bir neçə rayonda başlayan və çox böyük əraziləri əhatə edən yanğınlardan bəzilərini söndürə biliblər. Düzdür, Laçın rayonu ərazisində düşmənlər tərəfindən yandırılan meşə zolaqlarını hələ də söndürmək mümkün olmayıb. Amma olacaq. Çünki Azərbaycan yanğınsöndürənləri artıq dünəndən Laçındadır. İnşallah, tezliklə o yanğınlar da söndürüləcək.

Yekunda həftənin mesajı yenə düşmən tərəfədir. Unutmayın, biz onsuz da 44 günlük müharibə ilə sizə od qoymuşuq, bu od  sizin içinizi yandırıb göynətsə, çölünüzü tüstülətsə də meşələri yandırmaqla bunun əvəzini çıxa bilməzsiniz! Etdiyiniz əməlin bədəli bu dəfə daha ağır olacaq! Hazırlaşın!

Elmar Hüseynov