168 saat: Separatçıların məhkəməsi başladı, Azərbaycanda meymunçiçəyi aşkarlandı

Yanvar ayının növbəti həftəsi arxada qaldı.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (13-19 yanvar) önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.
Əbu-Dabidə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentlərinin görüşü olub. Dövlət başçıları birgə nahar ediblər.
Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışına və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasiminə qatılıb.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb.
Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay, Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Prezidentinə başsağlığı veriblər.
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılıb. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Prezident İlham Əliyev “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Dövlət başçısı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Prezident İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.
Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Azərbaycan Prezidentinin ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib. Prezident İlham Əliyev və Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidentinin İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib. “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə paylaşımda bildirilib.
Həftə ərzində Azərbaycanın və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanın Bakıda səfirliyinin yeni binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə baxış keçiriblər. Bakıda keçirilən Azərbaycan ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında dörd sənəd imzalanıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin görüşü keçirilib.
Ceyhun Bayramov həmçinin türkiyəli həmkarı Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbynin diplomatik missiyasının başa çatması ilə əlaqədar tədbir keçirilib.
Ötən həftə “Teleradio" İB Ağdərə rayonu ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz Radio-Televiziya Yayım Stansiyasının işini bərpa edib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam etdirilib. Cəbrayıl və Xocalıya yola salınan ailələrə evlərinin açarları təqdim olunub.
Həftə ərzində Azərbaycan əhalisinin sayı açıqlanıb. 2024-cü il dekabr ayının 1-i vəziyyətinə əhalinin sayı 10 milyon 222 min 2 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
“Azərsun” Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal vəfat edib. Tanınmış iş adamı Dubayda dünyasını dəyişib.
Keçən həftə Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyevə məxsus bank kartından 80507 manat oğurlanıb. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla qısa müddətdə şübhəli şəxs 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu müəyyənləşib və saxlanılıb. Vəsaiti tam həcmdə zərərçəkmişə ödənilib.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə ağır bəşəri, müharibə cinayətləri törətmiş Araik Arutyunyan Azərbaycandan üzr istəyib.
Həftə ərszində xaricdə səfərdə olmuş Azərbaycan vətəndaşında meymunçiçəyi virusu aşkarlanıb.
Ötən həftə ABŞ Prezidenti Cozef Bayden səlahiyyət müddətinin sonuna yaxın beş nəfəri, o cümlədən 85 il əvvəl vəfat etmiş hüquq müdafiəçisi Marcus Garveyi əfv edib. Bayden Marcus Garveyi ölümündən sonra əfv edərək, ABŞ-nin onun hüquq mübarizəsini yüksək qiymətləndirdiyinə diqqət çəkib.
ABŞ-də "TikTok" sosial şəbəkəsi bağlanıb. Kaliforniya ştatının Los-Anceles şəhərində isə meşə yanğınları nəticəsində azı 27 nəfər ölüb.
Qəzza zolağında atəşkəslə bağlı razılşama əldə edilib. Razılaşmanın şərtlərinə uyğun olaraq, HƏMAS üç israilli qadın girovu azad edib.
İsraildə ifrat sağçı Otzma Yehudit partiyasından olan üç nazir ölkənin HƏMAS ilə əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa verib.
İran Prezidenti Məsud Pezeşkian Rusiyya səfər edib.
Ötən həftə Tehranda Ali Məhkəmənin üç hakiminə silahlı hücum edilib, onlardan ikisi öldürülüb. Hücum edən şəxs sonra intihar edib.
Koreya Respublikasının Prezidenti Yun Sok Yol həbs olunub.
Ermənistan Rusiyaya etiraz notası verib. Buna səbəb “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramında “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsi olub. Erməni tərəf bu ölkənin suverenliyinə hörmətsizlik kimi dəyərləndirib.