168 saat: Prezident Ermənistana xəbərdarlıq etdi, maaşlar artırıldı, qəzada ölənlərin borcları silindi...

Yanvar ayının növbəti həftəsi başa çatdı. Ötən həftə (6-12 yanvar) ölkədə və dünyada xeyli yaddaqalan hadisənin şahidi olduq.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar müxtəlif ölkələrin dövlət və hökumət başçıları Prezident İlham Əliyevə başsağlığı veriblər. Onların arasında Macarıstanın Prezidenti Tamaş Şuyok, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül, Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah, Belçika Kralı Filip, Qırğız Respublikasının Prezidenti Sadır Japarov var.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidentinə zəng edərək, təyyarə qəzası ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb.
Birinci vitse-prezident Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı paylaşım edib. “Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!” – deyə paylaşımda bildirilib.
Prezident İlham Əliyev Əhməd Əhmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısı “Arbitraj haqqında” qanunun icrası ilə əlaqədar beş məcəllə və altı qanunda dəyişikliyi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə edilən dəyişikliyi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliyi təsdiqləyib.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində bir sıra vacib məsələlərdən danışıb. Prezident bildirib ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq: “Biz bunu istəmirik. Biz sülh istəyirik. Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar”.
Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident bildirib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Prezident İranla bağlı danışarkən deyib: “Səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”.
Dövlət başçısı Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub: “Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.
Prezident Qərbi Azərbaycan məsələsinə də toxunub: “Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qərbi azərbaycanlılar oradan əsassız qovulub. Onların qayıtmaları üçün tam hüquqları vardır. Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin. Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.
Azərbaycan Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu, İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Prezident İlham Əliyev Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı verib.
Dövlət başçısı Samir Rauf oğlu Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsi, Baş nazirin müavini təyin olunması barədə sərəncamlar imzalayıb.
Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”i, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən yeni istifadə qaydasını təsdiqləyib.
Dövlət başçısı “Rəqəmsal ekologiya” informasiya sisteminin (REİS) yaradılması, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin təsdiq olunması haqqında fərmanlar imzalayıb.
Prezident İlham Əliyev Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun, Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnamələrini qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Ötən həftə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib. O, sosial media hesabında bildirib ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Azərbaycandan Serbiyaya qaz təchizatı dayandırılmayacaq: “Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”.
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyi qeydə alınan şəxslərin sayı açıqlanıb. Bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb. Onlar 23 siyasi partiyanı təmsil edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısının qərarı “Resmi gazete”də dərc olunub.
Həftə ərzində ABŞ-nin Los-Anceles şəhərində baş verən meşə yanğınları dünyanın diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş Konsulluğu başqa yerə köçürülüb.
“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır.
Ermənilər uzun müddətdən sonra atəşkəs rejimini pozublar. Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülüb.
"Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.
Suriyanın yeni dövlət başçısı Əhməd Əş-Şəranın xaricə ilk rəsmi səfərini Türkiyəyə edəcəyi açıqlanıb. Səfər zamanı əş-Şəra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.
Los-Ancelesdə günlərdir, davam edən meşə yanğınları böyük faciələrə yol açıb. İndiyədən yanğınlarda 30-a yaxın insan ölüb, 13 nəfər itkin düşüb.
Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayışda isə 15 nəfər ölüb, 65 nəfər yaralanıb.
Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili ölkəsini tərk edərək, ABŞ-yə üz tutub. Zurabişvili hazırda ABŞ-nin Makkeyn İnstitutunda işləyir. O, Gürcüstanın dövlət başçısı olaraq qaldığını bəyan edib.
Səudiyyə Ərəbistanında leysan yağışları səbəbindən Məkkə və Mədinə şəhərlərinin küçələrini su basıb. Avtomobillər su altında qalıb, ölkənin Meteorologiya İdarəsi Məkkə, Mədinə, eləcə də Ciddə liman şəhəri üçün qırmızı təhlükəsizlik səviyyəsi elan edib.