168 saat – Bakıda yeni metro qatarları, Azərbaycan-Ermənistan heyətlərinin görüşü, su altında qalan şəhər…
2024-cü ilin sonlarına yaxınlaşırıq. Artıq ilin 11-ci ayındayıq. Noyabrın ilk həftəsində (28 oktyabr – 3 noyabr) xeyli yaddaqalan hadisənin şahidi olduq.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Petr Pavelə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.
Dövlət başçısı Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə qardaş ölkənin Prezidenti Şavkat Mirziyoyevi təbrik edib.
Azərbaycan Prezidenti 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Günü münasibətilə paylaşım edib. Paylaşımda "Türkiyə xalqını milli bayramı - Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!" – deyə bildirilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə və “Turizm haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.
Dövlətimizin başçısı Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli Sərəncamında dəyişiklik edib. Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.
Dövlət başçısı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları, Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub. Prezidentə Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Prezident İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın, Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin, Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın, Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın, Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin, İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnamələrini qəbul edib.
Dövlət başçısı Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar İspaniya Hökumətinin Sədri Pedro Sançezə başsağlığı verib.
Bakının Xətai rayonundakı Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən istifadəyə verilib. Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.
Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar, Talassemiya Mərkəzinə baş çəkiblər.
Prezident İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Abdelmacid Tebbunu təbrik edib.
Prezident İlham Əliyev Orxan Rüfət oğlu Hüseynzadənin Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ötən həftə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.
Həftə ərzində Azərbaycanda bələdiyyə seçkilərinin bu il keçirilməyəcəyi açıqlanıb. Bələdiyyə seçkiləri 2025-ci ildə keçiriləcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşə səfər edib.
Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində pozuntular aşkarlayıb. Palatada keçirilən kollegiya müzakirəsinin yekununda yüksək məbləğlərlə ifadə olunan və müvafiq hüquqi məsuliyyətə səbəb olan pozuntulara yol verilməsi halları nəzərə alınaraq, auditin nəticəsi barədə materialların aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanına göndərilməsi haqqında qərar qəbul edilib.
Həftə ərzində beynəlxalq yarışlarda iştirak edən idmançılarımızdan xoş xəbərlər gəlib.
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə dünya çempionatında Ülvü Qənizadə, Eldəniz Əzizli və Nihat Məmmədli qızıl medal qazanıblar. Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu olub.
Gimnastlarımız Əli Niftəliyev, Ammar Baxşalıyev, Hüseyn Abbasov və Nicat Mirzəyev Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında batut gimnastikası üzrə birinci və ikinci yeri tutublar. Sinxron proqramda yeniyetmə gimnastlar Əli Niftəliyev və Ammar Baxşalıyev qızıl, böyüklərin yarışında isə Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş medal əldə edib.
Gənc boksçulardan ibarət Azərbaycan milli komandası tarixi uğura imza atıb. Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında yığmamızın üzvləri Bilalhəbaşi Nəzərov, Zidan (63,5 kq) və Aynur Mikayılova bürünc medallara sahib olublar. Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur.
Ötən həftə dünyanın gündəmində olan əsas məsələlərdən biri Gürcüstanda keçirilən parlament seçkiləri olub. Seçkinin nəticələri ilə razılaşmayan müxalifət etiraz aksiyası keçirib.
27 sentyabr 2024-cü ildə İsrail ordusunun Livanın Dahiyə bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində öldürülən Hizbullah” lideri Həsən Nəsrullahı bu vəzifədə əvəzləyəcək şəxsin kimliyi müəyyənləşib. Naim Kasım hərəkatın yeni Baş katibi seçilib.
İspaniyada daşqın qurbanları üçün üçgünlük matəm elan edilib. Təbii fəlakət nəticəsində İspaniyanın Valensiya şəhərində yollar və bütün ərazilər su altında qalıb, 200-dən çox insan ölüb.
İspaniya kralı VI Filipp və həyat yoldaşı Letisiya Valensiyada daşqından əziyyət çəkənlərin hücumuna məruz qalıb. Daşqınlardan daha çox zərər çəkmiş Paiporta və Çiva rayonlarına səfər zamanı kral və həyat yoldaşına palçıq atılıb.