168 saat – Dövlət Suverenliyi Günü təsis edildi, parlamentlə bağlı yekun qərar verildi
Sentyabr ayının yaddaqalan hadisələrlə zəngin daha bir həftəsi arxada qaldı. Ötən həftə (16 – 22 sentyabr) Azərbaycanın Qarabağda keçirdiyi anti-terror əməliyyatlarının bir ili tamam, Şuşada Bayraq meydanının açılışı oldu, Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil müəssisələri ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. “Heydər Əliyev Fondunun ölkənin təhsil sisteminə növbəti töhfəsi. Fondun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində inşa və təmir edilən təhsil müəssisələrinin açılışları davam edir. Bütün məktəblilərə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram!”, - deyə paylaşımda qeyd edilib.
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.
Dövlət başçısının imzaladığı sərəncamlarla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Həmçinin, Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının imzladığı digər sərəncamla Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Ağdam rayonunun Kəngərli kəndində, Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərinə qatılıb.
Prezident Ağdam şəhərində İmarət Kompleksinin, “Aghdam City Hotel”in açılışında iştirak edib, “İmarət” stadionunun təməlini qoyub.
Azərbaycan Prezidenti Ağdam rayonunun Xıdırlı kəndində, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub.
Dövlətimizin başçısı Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə və Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.
Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin və Bayraq Meydanının açılışına qatılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib. "Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra. Şuşa. 19.09.2024" – deyə paylaşımda bildirilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım ediblər.
Dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin və ali təhsil müəssisəsinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik və təltif edib.
Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə bu ölkənin Prezidenti Miriam Spiteri Debonoya təbrik məktubu göndərib.
Dövlət başçısı Azərbaycan Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” MMC və “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiqləyib.
ABŞ Dövlət katibi Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Ötən həftə Azərbaycan Ordusu və xüsusi xidmət orqanlarının Qarabağda keçirdiyi uğurlu antiterror əməliyyatının bir ili tamam olub. Əməliyyat nəticəsində Azərbaycan ərazisində yerləşdirilən terror düşərgələri məhv edilib, ölkənin ərazi bütövlüyü tam təmin olunub.
Həftə ərzində Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolu təsdiqləyib, seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi də növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.
Beləliklə, 11 siyasi partiyanın təmsil olunacağı Milli Məclisin tərkibi müəyyənləşib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.
Ötən həftə Azərbaycanda yeni dərs ili başlayıb. Yeni tədris ilində ölkənin hər yerində olduğu kimi, Şuşa, Xankəndi və Xocalıda tədris bərpa edilib.
Azərbaycana payız fəsli daxil olub. Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyədir.
Xankəndi şəhərində 33 illik fasilədən sonra ilk toy mərasimi keçirilib.
Həftə ərzində dünyanın əsas müzakirə mövzularında biri Livanda rabitə cihazlarının partladılması nəticəsində yüzlərlə insanın yaralanması və ölməsi olub. Partlayışlar nəticəsində yaralananlar arasında İranın Beyrutdakı səfiri də var.
İran Prezidenti Məsud Pezeşkian Ermənistanın müstəqilliyinin ildönümü və respublika günü münasibətilə bu ölkənin Prezidenti Vaaqn Xaçatryan və Baş naziri Nikol Paşinyanı təbrik edib.
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu isə ölkə prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.