Close

00:03
26 Aprel 2024

İsveç və Finlandiya Türkiyənin razılığı olmadan NATO-ya qoşula bilərmi?

İsveç və Finlandiya NATO-ya üzvlük üçün rəsmi müraciət etsələr də, Türkiyə terror təşkilatlarına dəstək verdikləri üçün bu ölkələrin üzvlüyünə qarşı çıxır. Bəs NATO-ya üzvlük prosesi necə işləyir? Türkiyə icazə verməsə, İsveç və Finlandiya NATO-ya üzv ola bilərmi?

TNS NATO-ya üzvlük prosesləri ilə bağlı bütün maraqlı detalların açıqlandığı yazını sizə təqdim edir.

İsveç və Finlandiyanın qoşulmaq istədiyi NATO-ya üzvlük normal olaraq uzun bir proses tələb edir. NATO-nun yeni üzvlər qəbul etməsi üçün müxtəlif şərtlər yerinə yetirilməli, hüquqi prosedurlar tamamlanmalıdır.

NATO 1949-cu ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra 12 ölkə tərəfindən yaradılıb. Bu ölkələr ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Portuqaliya, Lüksemburq, İslandiya, Danimarka və Belçika idi. Aradan keçən 73 ildə üzvlərin sayı 8 genişlənmə dalğası ilə 12-dən 30-a yüksəlib.

Türkiyə və Yunanıstan 1952-ci ildə NATO-ya yeni üzv olublar. 1955-ci ildə o zamankı adı ilə Federal Almaniya, 1982-ci ildə isə İspaniya alyansa qoşulub. 1999-cu ildə Çexiya, Macarıstan və Polşanın daxil olması ilə üzvlərin sayı 19-a yüksəlib. 2004-cü ildə Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya və Sloveniya NATO-ya qoşulub. 2009-cu ildə Albaniya və Xorvatiya, 2017-ci ildə Monteneqro, nəhayət, 2020-ci ildə Şimali Makedoniya NATO-ya üzv olublar.

Şimali Makedoniyanın üzvlüyü Yunanıstanla illərdir davam edən ad mübahisəsinin həllindən sonra mümkün olub. Yunanıstan uzun illərdir ki, adının əvvəlinə “Şimal” sözü əlavə edilən ölkənin keçmiş adının əleyhinə çıxdığı üçün bu ölkənin NATO üzvlüyünə mane olub. 2018-ci ildə ad problemi həll olunduqdan sonra Yunanıstan vetosunu ləğv edib və Şimali Makedoniya NATO ilə üzvlük danışıqlarına başlamağa dəvət olunub. Nəhayət, Şimali Makedoniya 2020-ci ilin martında rəsmi olaraq üzv qəbul edilib.

Bu genişlənmə dalğalarında bəzi ölkələr NATO-ya üzv olmaq istədiklərini açıqlasalar da, indiyə qədər üzv ola bilməyiblər. Bu ölkələr Bosniya və Herseqovina, Ukrayna və Gürcüstandır. 2008-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO Sammitində Gürcüstan və Ukraynanın gələcəkdə NATO-ya üzv olması razılaşdırılıb. Lakin bu ölkələrə tarix verilməyib. Bosniya və Herseqovina 2010-cu ildə Üzvlük Fəaliyyət Planına daxil olmaq üçün dəvət olunub.

Nəhayət, iki yeni üzvün NATO-ya qoşulması gündəmə gəlib. Rusiyanın Ukraynaya hücumundan sonra Finlandiya və İsveç uzun müddətdir, davam edən hərbi neytrallıqlarından əl çəkərək NATO üzvlüyünə müraciət etmək qərarına gəliblər. Finlandiyanın Rusiya ilə 1500 kilometr sərhədi var. İkinci Dünya Müharibəsində o vaxtkı Sovet İttifaqı ilə vuruşan Finlandiya ərazisinin təxminən 10 faizini itirib, əhalisinin 11 faizini  yeni yerlərə köçürüb və bugünkü tariflərlə müharibə təzminatı üçün təxminən 5 milyard avro ödəyib.

Bu itkilərdən sonra Finlandiyanın Sovet İttifaqı ilə razılaşması ölkənin uzun müddətdir davam edən silahsızlaşdırılmasına səbəb olub. Sovet İttifaqının dağılmasından sonra Avropa İttifaqına üzv olan və avro valyutasına keçən Finlandiya NATO-ya üzv olmayıb. Uzun illər Finlandiya əhalisinin yalnız 20 faizi NATO-ya üzv olmaq istəyib. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra finlərin 70 faizi NATO üzvlüyünü dəstəkləyir.

İsveç isə Finlandiyadan sonra NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib. 1809-cu ildə Rusiya ilə vuruşan və bu müharibədə Finlandiyanı Rusiyaya uduzan İsveç 200 ilə yaxın Rusiya ilə vuruşmayıb. İsveç İkinci Dünya Müharibəsi və Soyuq Müharibə illərində neytral ölkə olaraq qalıb. Lakin ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərdə İsveçin 1950-ci illərdə ABŞ ilə gizli razılaşma əldə etdiyi ortaya çıxıb. İsveçə Rusiya tərəfindən hücum olacağı təqdirdə ABŞ-ın yardım edəcəyi vədi verilib.

NATO “açıq qapı” siyasəti aparır. Bu siyasət alyansın təsis müqaviləsinin 10-cu maddəsinə əsaslanır. Bu maddədə bildirilir ki, təsisçi Vaşinqton Müqaviləsinin tərəfdarı olan ölkələr  Şimali Atlantika regionunun təhlükəsizliyinə töhfə vermək üçün istənilən Avropa ölkəsini alyansa qoşulmağa dəvət edə bilərlər. Ancaq bir ölkənin NATO-ya daxil olması üçün mövcud 30 müttəfiq ölkənin yekdil razılığı lazımdır.

NATO-ya üzvlük adətən uzun proses tələb edir. Bunun üçün çoxmərhələli proses tamamlanmalıdır. Müvafiq olaraq, müttəfiqlər alyansa başqa ölkənin qoşulmasını  qərarlaşdırdıqdan sonra NATO həmin ölkəyə rəsmi dəvət göndərir. Bundan sonra 7 mərhələli iştirak prosesi başlayır.

Birinci mərhələdə NATO ekspertləri və dəvət olunan ölkənin nümayəndələri Brüsseldə bir araya gələrək danışıqlar aparırlar. Bu görüşlərdə dəvət olunan ölkənin NATO-nun siyasi, hüquqi və hərbi tələblərinə cavab verib-verməməsi, NATO üzvlüyünün iqtisadi, hərbi, hüquqi, siyasi və kəşfiyyat öhdəliklərini yerinə yetirə bilməsi müzakirə olunur. Bu danışıqlara əsasən, dəvət edilən ölkənin NATO şərtlərinə və standartlarına uyğun islahatlar aparıb-aparmayacağı müəyyənləşir.

İkinci mərhələdə dəvət olunan ölkə NATO-nun baş katibinə rəsmi niyyət məktubu göndərir və NATO-ya üzvlüklə bağlı öhdəlikləri qəbul etdiyini bəyan edir. Əgər islahatlar aparılacaqsa, bu məktubda islahatların təqvimi də göstərilir.

Üçüncü addımda NATO Vaşinqton Müqaviləsinə əlavə qoşulma protokollarını hazırlayır. Beləliklə, alyansın təsis müqaviləsi müəyyən mənada yenilənir. Bu protokollar NATO ölkələri tərəfindən imzalanır.

Dördüncü mərhələdə protokollar NATO-ya üzv dövlətlər tərəfindən öz milli qanunlarına və prosedurlarına uyğun olaraq ratifikasiya edilməlidir. Təsdiqləmə prosesi ölkədən ölkəyə fərqlidir. Məsələn, ABŞ-da təsdiq üçün Senatın üçdə ikisinin səsi tələb olunur, Böyük Britaniyada isə parlamentdə rəsmi səsvermə tələb olunmur.

Beşinci addımda bütün üzv dövlətlər ratifikasiya proseslərini başa vurduqdan sonra Vaşinqton razılaşmasına sadiq qalan ABŞ-a yeni üzvün qoşulmasını nəzərdə tutan protokolları qəbul etdikləri barədə bildiriş göndərirlər.

Altıncı mərhələdə bütün bu mərhələlər tamamlandıqdan sonra NATO-nun baş katibi yeni üzvü alyansa qoşulmağa dəvət edir.

Yeddinci və nəhayət, yeni üzv öz milli hüquqi prosesini tamamlayır və üzvlük sənədini Vaşinqton Müqaviləsini qoruyan ABŞ-a təqdim edir və NATO üzvü olur.