168 saat – Türkiyəyə səfər, sülhməramlıların tam çıxarılması, geriyə çağırılan səfirlər...
İlin altıncı ayının daha bir həftəsi geridə qaldı. Ötən həftə (10-16 iyun) Azərbaycanda Milli Qurtuluş Günü, İslam aləmində Qurban bayramı qeyd olundu, Prezident İlham Əliyev Türkiyəyə səfər etdi, Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi partiyalarının konfransı keçirildi.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.
İki ölkənin dövlət başçıları Ankaranın Esenboğa Hava Limanında görüşüblər.
İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edilib, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb.
Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib.
Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul edib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçıları birgə nahar ediblər.
Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 10-da başa çatıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna rektor təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Elçin Əli oğlu Məmmədov bu vəzifəyə təyin olunub.
Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Azərbaycan lideri Rusiya Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putini təbrik edib.
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb.
Dövlət başçısı həmçinin Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorunun müavinləri barədə fərman imzalayıb. Fərmana əsasən, icraçı direktorun Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Azərbaycan Prezidenti Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım ediblər.
Dövlətimizin başçısı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım ediblər.
Azərbaycan Prezidenti Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Günü münasibətilə təbrik edib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib, Qurban bayramı münasibətilə təbrik edib.
İyunun 15-də Azəraycanda Milli Qurtuluş Günü qeyd olunur. 15 İyun Azərbaycan xalqı üçün sadəcə, təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin 31 il əvvəl hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, inkişafın sarsılmaz təməlləri qoyulub.
3 il əvvəl – 2021-ci ilin 15 iyun tarixində isə Şuşada Azərbaycan və Türkiyə prezidentləri tarixi Şuşa Bəyannaməsini imzalayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, xarici işlər naziri Hakan Fidan və digər şəxslər Azərbaycan xalqını Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik ediblər.
İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. TDT-yə üzv və müşahidəçi ölkələrin hakim partiyalarının təmsilçilərinin iştirak etdiyi tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, hazırda Cənubi Qafqazın lider dövləti olan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycanın fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, gələcəyə hesablanmış yeni perspektivlər də yaradır: “Şübhəsiz ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini də şərtləndirəcək”.
Həftə ərzində Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Belarusda səfərdə olub. Sahibə Qafarova burada Prezident Aleksandr Lukaşenko və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Xarici işlər naziri Ceyhun Bayramov isə Almaniyaya işgüzar səfər edib. Nazir burada Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb, Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib.
Ötən həftə Fransa Azərbaycanın dövlət informasiya agentliyi olan AZƏRTAC-ın müxbirinin Şengen zonasına daxil olmasına mane olmaq istəyib. Müxbir Almaniyada hava limanında gözlədilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə qatılacaq jurnalistin bütün sənədləri qaydasında olduğundan Fransanın qərəzli addımı nəticəsiz qalıb. Almaniyanın rəsmi qurumları ona ölkəyə daxil olmasına icazə verib.
Həftə ərzində Ermənstanın Baş naziri Nikol Paşinyan maraqlı açıqlamalar verib. O, Azərbaycanla bir ay ərazində sülh sazişini imzalamağa hazır olduqlarını deyib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə Azərbaycan ərazisinin 12 faizindən artıq hissəsinin minalarla əhatə olunduğunu açıqlayıb.
Ötən həftə Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi tam başa çatıb. Xocalı aeroportunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb.
Həftə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atəşə tutub.
Ötən həftə ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb, bölgələrdə leysan yağışları, dolu, sel müşahidə edilib. Dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib. Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri təbii fəlakət baş vermiş əraziyə gediblər.
Həftə ərzində ibtidai sinif müəllimləri üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanının nəticələri açıqlanıb. Müəllimlərin yarıdan çoxu tələb olunan minimum balı toplaya bilməyib.
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində və I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanlarının nəticəsini elan edib. Abituriyentlərdən cəmi 1 nəfər 700 bal toplayaraq, maksimum nəticə göstərib.
Azərbaycan məktəblərində “Son zəng” də ötən həftə qeyd olunub. Bu il respublikada 102 min 120 nəfər XI sinfi bitirib.
Həftə ərzində dünyada da maraqlı proseslər müşahidə edilib. Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.
Ermənistanın Rusiyadan sonra Belarusla münasibətlərində də gərginlik yaranıb. Baş nazir Nikol Paşinyan bildirib ki, Lukaşenko Prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. Bundan sonra Ermənistan Belarusdakı səfirini geri çağırıb.
Ermənistanda həftələr öncə başalayan etiraz aksiyaları ötən həftə də davam edib. İrəvan istiqamətində hərəkət edən avtomobillərə nəzarət gücləndirilib, yollarda postlar qurulub. Ölkənin müxtəlif şəhərlərində kütləvi həbslər başlayıb.
Almaniyada 91 ölkənin iştirakı ilə Ukrayna Bərpa Konfransı keçirilib.
Ötən həftə Avropada futbol bayramı başlayıb. İyunun 14-də futbol üzrə Avropa çempionatına start verilib.
Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçi təyin olunub. Bu, portuqaliyalı mütəxəssis Fernandu Santuşdur.
Həftə ərzində futbol cameəsi 3 ölüm xəbəri ilə sarsılıb. Vaxtilə “Trabzonspor”, “Arsenal” və “Everton” kimi klublarda çıxış etmiş Kevin Kempbell 54 yaşında vəfat edib. Monteneqro milli futbol komandasının 26 yaşlı qapıçısı Matiya Sarkiç də qəfildən ölüb.
“Sabah” komandasının 19 yaşadək futbolçulardan ibarət komandasının oyunçusu Amid Alxasov isə faciəvi şəkildə dünyasını dəyişib.