168 saat – Bakıda daha bir beynəlxalq tədbir, növbədənkənar seçki anonsu, tarixə düşən qadın şahmatçımız…
Ötən həftə (29 aprel – 5 may) Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisə baş verib.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Prezidenti aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini, Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini, Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib.
Azərbaycan Prezidenti mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdəki çıxışında vacib mesajlar verib. Müharibədən sonra regionda yaranmış vəziyyətdən danışan Prezident İlham Əliyev Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb: “İndi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik. Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir”.
Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.
Prezident İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini, Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.
Azərbaycan Prezidenti həmçinin Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini, İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Prezident İlham Əliyev BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyev, BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart və Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov, Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovla da görüşüb.
Dövlətimizin başçısı Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.
Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasına rektoru təyin edilməsi haqqında sərəncam verib.
Dövlət başçısı 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında da sərəncam imzalayıb.
Prezident İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.
Azərbaycan lideri 3 May – Konstitusiya Günü münasibətilə Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.
Aprelin 30-da Kuba Kommunist Partiyası (KKP) Mərkəzi Komitəsinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla KKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının deputatı Emilio Ratmir Lozada Qarsia arasında videoformatda görüş keçirilib.
Aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayon ötən həftə Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.
Ötən həftə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib. Tomaş Poreba son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyib, bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib.
Səməd Seyidov "X" hesabındakı paylaşımında isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabeni siyasi terrorçu adlandırıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçən həftə “Al Jazeera“ telekanalına müsahibəsində bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional, beynəlxalq nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır. Nazir əlavə edib ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi inkişafına müsbət mənada böyük təsir göstərəcək.
Baş nazir Nikol Paşinyan isə yerli mətbuata açıqlamasında vurğulayıb ki, münaqişədən qaçmaq üçün Azərbaycanla delimitasiya mümkün qədər tez aparılmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) qərar qəbul edib.
Həftə ərzində MSK sədri Məzahir Pənahovun parlament seçkiləri ilə bağlı açıqlaması diqqət çəkib. O bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır: “Seçkilərin müddəti önə də çəkilə bilər”.
Bu açıqlama parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi ehtimallarını gücləndirib.
Ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bundan başqa, Azərbaycanla Mərakəş və Qambiya arasında viza rejimi aradan qaldırılıb. Ceyhun Bayramov bununla bağlı Mərakeş və Qambiyadan olan həmkarları ilə saziş imzalayıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qambiya Respublikasında baş tutan 15-ci İslam Sammitində isə 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.
Həftə ərzində Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. Ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 38 ölkəni, 10 beynəlxalq təşkilatıı təmsil edən müsəlman, xristian, yəhudi, buddizm, hinduizm və digər dinlərin liderləri və nümayəndələri qatılıblar.
Müsavat Partiyasının XI qurultayı keçirilib. İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib.
Ötən həftə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Naxçıvan Regional İdarəsi yaradılıb, Vəfa İsgəndərova Regional İdarənin müdiri təyin edilib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Bununla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.
Baş nazir Əli Əsədov isə Naxçıvan Dövlət Universitetinin yenidən təşkil olunmasına dair qərar imzalayıb. Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Ötən həftə Nazirlər Kabineti “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nı təsdiq edib. Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək.
Həftə ərzində azad edilmiş ərazilərə köç prosesi davam etdirilib. Yüzlərlə sakinin yurd həsrəti sona çatıb.
Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, ATV telekanalının sabiq prezidenti Tağı İbrahimov və Toğrul Rzayevin həbsdə saxlanma müddəti daha 2 ay uzadılıb.
Ötən həftə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Həftə ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bağlı sevindirici xəbər gəlib. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Orta Dəhlizin vacib seqmenti hesab olunan dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-genişləndirmə işlərinin yekunlaşdığını bildirib, mayın 20-də xətt üzrə yükdaşımanın başlanacağını deyib.
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva böyük uğura imza atıb. 27 yaşlı qrossmeyster Yunanıstanda keçirilən Avropa çempionatında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Ülviyyə Fətəliyeva Azərbaycan tarixinə Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçı kimi düşüb.
Ötən həftə Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub.
Bundan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.
Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
Qardaş Türkiyədə iqtidar-müxalifət münasibətlərində yumşalma müşahidə edilib. Prezident Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli ümumi qərargahda qəbul edib. Təkbətək görüş mətbuata qapalı keçirilib.
NATO Baş katibi Yens Stoltenberq isə gözlənilmədən Ukraynaya səfər edib. Səfər barədə öncədən heç bir məlumat verilməyib.
Qonşu Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı başlayan etiraz aksiyaları ötən həftə də davam edib. Baş nazir İrakli Kobaxidze ABŞ-nin qanun layihəsinə parlamentdə baxılmasını dayandırmaq tələbinə görə bu ölkəyə səfərdən imtina edib.
ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib. İsrail və HƏMAS arasında Qahirədə keçirilən danışıqlar isə nəticəsiz başa çatıb.