Close

168 saat – Sülhməramlılarla bağlı son qərar, 4 kəndimizin qaytarılması, Çovdarovun 30 milyonluq sərvəti…

Aprel ayının daha bir həftəsini arxada qoyduq. Bu həftə (15-21 aprel) Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq daha iki böyük uğura imza atıldı. Dövlət başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində rus hərbi kontingentinin Azərbaycan ərazisindən çıxarılmasına start verildi və 30 ildir, işğl altına olan 4 kəndimizin geri qaytarılması ilə bağlı razılaşma əldə olundu.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Dövlətimizin başçısı Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Peter Pelleqrinini təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

h1

Prezident çıxışında dünyanın iqlim dəyişikliyi nəticəsində üz-üzə qaldığı problemlərə toxunub, ölkəmizdə bu sahədə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs edib: “İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.

Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır.

n2

Artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək, görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük.

Bunlar ancaq Azərbaycanın bir hissəsinə aid olan layihələrdir. Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri əlavə etsək, mənzərə daha ürəkaçan olacaq. Çünki Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.

Bir layihəni də qeyd etməliyəm. İndi bu layihə üzərində iş aparılır. Bu da Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir. Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.

vucic

Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan Prezidenti aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

saribay

Prezident İlham Əliyev “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Ötən həftə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması prosesinə başlanılıb.

sm

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı açıqlama verib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Ötən həftə Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində aprelin 15-də Prezident Şavkat Mirziyoyevlə görüşüb.

cb-mirz

Aprelin 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon arasında görüş keçirilib.

kuba

Həftə ərzində Qazax rayonunun 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə bununla bağlı razılığa gəlinib. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalara beynəlxalq səviyyədə dəstək ifadə edilib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar, ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və digər şəxlər Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli alqışlayıb.

Ötən həftə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdamın işğaldan azad edilmiş ərazilərində səfərdə olub, rayonda fəaliyyət göstərən minaaxtaranları ziyarət ediblər. Mark Libbi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ANAMA, Minalar üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birgə tərəfdaşlıqla həyata keçirilən “Məcburi köçkünlərin müharibədən zərər çəkmiş bölgələrə təhlükəsiz qayıdışına dəstək məqsədilə Azərbaycanın humanitar mina aksiyaları tədbirlərinə dəstək” layihəsinin heyəti, onların fəaliyyətləri və iş prosesləri ilə yaxından tanış olub.

sefir-abs

Həftə ərzində Türkiyə Milli Müdafiə Nazirliyi Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin də fəaliyyətini dayandırağacını açıqlayıb.

Azərbaycanın Quru Qoşunlarının qərargahında isə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirlərinin iştirak etdiyi müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət təhlil edilib, müvafiq tapşırıqlar verilib.

qq

Ötən həftə Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev ilə görüşüb. Görüşdə Baş katib Asəf Hacıyev təşkilat haqqında ətraflı məlumat verib, müxtəlif sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb.

n-baskatib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, cari ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

nnk

Məlum olduğu kimi, ilin sonunda Azərbaycan daha bir beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Həftə ərzində COP29-un loqosu təqdim edilib, keçiriləcəyi yer açıqlanıb. Tədbir Bakı Olimpiya Stadionunda keçiriləcək.

cop29

Həftə ərzində iki sabiq deputat - Hadı Rəcəbli və İsgəndər Quliyev vəfat edib.

Ötən həftə tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Martın 3-də və 10-da keçirilmiş buraxılış imtahanlarında ümumilikdə 53 nəfət 300 bal toplayıb.

Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı məlum olub. Məktəb Administrasiyasndan bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.

Milli Məclisdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə medianı və qida ekspertlərini tənqid edib, onları qeyri-peşakarlıqda günahlandırıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun əmlaklarının özünə qaytarılıb-qaytarılmayacağı ilə bağlı məsələdə yekun qərar verilib. Ali Məhkəmədə Akif Çovdarovun şikayəti rədd edilib. Onun müsadirədən azad edilmiş 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı yenidən müsadirə edilib.

Sumqayıt şəhərində isə ailə faciəsi yaşanıb. 24 yaşlı oğlan atasını və anasını qətlə yetirib.

Ötən həftə Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib. Müğənni 70 yaşında ürəktutmadan vəfat edib.

Həftə ərzində dünyada çox önəmli hadisələr baş verib.

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, bütün əsas layihələri iflasa uğratdığı üçün təşkilatın hazırkı rəhbərliyi istefaya getməlidir.

Gürcüstanda isə parlamentin qəbul etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun ciddi narazılığa səbəb olub. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla, Qərb tərəfdaşları qanunun qəbuluna etiraz edib. Paytaxt Tbilisidə bununla bağlı keçirilən etiraz aksiyaları davam edir.

Gürcüstan Prezidenti Salome Zurabişvili də qanunun əleyhinə olanlardandır. Baş nazir İrakli Kobaxidze Salome Zurabişvilini müvafiq qanun layihəsini tənqid etdiyinə görə xarici agent adlandırıb. Prezident isə bildirib ki, qanun üçüncü oxunuşda qəbul olunarsa, ona veto qoymağı planlaşdırır.

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalmaqdadır. SEPAH-ın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandanı general Əhməd Haq Tələb bildirib ki, İsrailin nüvə mərkəzləri müəyyən edilib. İsraildən hücum olarsa, İran həmin mərkəzləri hədəf alacaq.

İsrail isə Livanın cənubundakı şiə Hizbullah hərəkatının hərbi obyektlərinə havadan zərbələr endirib.

Rusiya-Ukrayna cəbhəsində də gərginlik davam edir. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın dondurulmuş aktivlərinin 60,84 milyard dollarını hərbi yardım qismində Ukraynaya göndərməyə qərar verib. Bu silah-sursat Pentaqonun mövcud arsenalı hesabına təmin olunacaq.