168 saat – Prezidentin təxirə salınan səfəri, Ermənistana xəbərdarlıq, Türkiyədə seçkilər…
Mart ayının sonuncu həftəsində Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisələr baş verib.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin (26 - 31 mart) önəmli hadisələrinə nəzər salacağıq.
Prezident İlham Əliyev Elçin Səfəralı oğlu Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı “Avtomobil yolları haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb.
Martın 29-da Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib.
Prezident İlham Əliyev 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib.
Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Paylaşımda bildirilir: “Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Ötən həftə Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti quruma məktub ünvanlayıb. Moldova nümayəndə heyəti AŞPA-nın 2024-cü ilin yanvar ayı tarixində keçirilmiş sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat və Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış edib.
Xarici İşlər Nazirliyi 5 aprel 2024-cü il tarixində Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransına münasibət bildirib: "Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub.
Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur”.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib: “Rasmussenin və onun ətrafının Ermənistan hökuməti, erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya “möhürlü” təbliğat materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!”
Martın 28-də Azərbaycan təlükəsizlik orqanlarının yaradılmasının 105 ili tamam olub.
DTX rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları martin 28-də Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı ömrünün 25 ilini bu orqanlarda şərəfli xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra DTX-nin Mədəniyyət Mərkəzində Xidmətin əməkdaşlarının və veteranlarının iştirakı ilə peşə bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
DTX rəisi, general-polkovnik Əli Nağıyev tədbirdə çıxış edərək təhlükəsizlik orqanlarının 105 illik tarixinə nəzər salıb, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkülü, sovetlər dönəmindəki fəaliyyəti və müstəqillik qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması barədə ətraflı məlumat verib.
Ötən həftə deputat Qüdrət Həsənquliyev Milli Məclisin xüsusi iclası çağırılmasını təklif edib. Qüdrət Həsənquliyev bildirib ki, Rusiyada baş verən son hadisələrdən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb.
Həftə ərzində İranın Azərbaycandakı səfiri Abbas Musəvi vəzifəsindən azad edilib.
Martın 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
Martın 31-də isə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Nazirlik xəbərdarlıq edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa da baş çəkib.
Həftə ərzində respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları azad edilmiş bölgələrə yola salınıb.
Ötən həftə Xocalıya ilk köçün nə vaxt olacağı açıqlanıb. Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bildirib ki, Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür, yollar, qaz və su xətləri çəkilir. O qeyd edib ki, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub.
Martın 28-də Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqlar aşkarlanıb.
Qalıqları tapılan 7 nəfər xocalılı Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Həftə ərzində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov və Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.
Bundan başqa, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib.
Ötən həftə Şahmar Hüseynov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Qurbanov Əli Qurban oğlu “Azneft” İB-nin yeni baş direktoru olub.
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib, Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid olunub. Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib, “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov vəzifələrindən kənarlaşdırılıblar.
Ötən həftə Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
Qərara əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Ötən həftə 3 əcnəbi (Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları) "Bakı Metropoliteni"ndə qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazarıb, əmlaka ziyan vurub, buna görə saxlanılıb.
İsmayıllıda isə körpü uçub. İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən körpünün uçması nəticəsində gediş-gəlişdə fasilələr yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sel suları İsmayıllı rayonu Gəndov kəndində yolun bir hissəsini yuyub.
Sumqayıtda şok hadisə baş verib. 13 yaşlı oğlanın meyiti tapılıb. Onun yüksək dozada narkotik istifadəsindən öldüyü ehtimal olunur.
Rusiya ilə Ermənistan arasında gərginlik səngimək bilmir. Ötən həftə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq, 102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğunun Ermənistanın suverenliyinin yeganə real təminatı olduğunu bildirib.
Həftə ərzində Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib. Saxlanılanların “Crocus”dakı terror aktını törədənlərlə əlaqəsi yoxlanılır.
Özbəkistanda isə Prezidenti Şavkat Mirziyoyev hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə müşavirə keçirib. Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın rəhbərliyinə ictimai asayişin qorunması istiqamətində aparılan işləri daha da gücləndirmək, əhalinin sıx olduğu yerlərdə baş verə biləcək terror aktlarının və digər fövqəladə halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görmək tapşırılıb.
Martın 31-də Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkiləri keçirilib.
Ötən həftə "Qarabağ" futbol klubu 11-ci dəfə Azərbaycan çempionu olub.
Azərbaycanın bədii gimnastları Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-Pri yarışında qızıl medal qazanıblar.