Close

168 saat – Sankt-Peterburqda qeyri-rəsmi görüş, arzuolunmaz fransızlar, meydana çıxmayan komandalar…

İlin sonuncu həftəsi (26-31 dekabr) Azərbaycanda və dünyada maraqlı hadisələrlə yadda qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftəyə nəzər salacağıq.

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

hemrey

Dövlət başçısının digər sərəncamı ilə Bakı‒Şamaxı‒Yevlax (218 km)-Potu-Ulaşlı Şıxlı-Üngütlü-Çərəkə-Çərəcə-Şıxlar-Xəlitli-Yeniarx-Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,4 milyon manat ayrılıb.

Həmçinin, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının, Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında da sərəncam imzalanıb.

Dövlət başçısının imzaladığı digər sərəncamlara əsasən, Qusar rayonunun Qusar-Xudat (18 km)-Langi-Caqarqışlaq-Urvaoba‒Atlıxan-Kuzunqışlaq-Zindanmuruqqışlaq-Avaranqışlaq avtomobil yolu, Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)-Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolu, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq.

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında da sərəncam imzalayıb.

Ötən həftə dövlət başçısının sərəncamları ilə Ramil Usubov “Şərəf” ordeni, Məcid Çaybasarski 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı daha bir sərəncama əsasən, Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihə həyata keçiriləcək.

Azərbaycan Prezidenti Elbay Qasımzadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev həftə ərzində "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanunu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunu, İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsini, Dövlət Neft Fondunun 2024-cü il büdcəsini təsdiqləyib.

Azərbaycan Prezidenti Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

peterburq

Həmin gün Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.

lukosenko

Prezident İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” ("Екатерининский дворец") və “Böyük Peterhof Sarayı” ("Большой петергофский дворец") ilə tanış olublar.

peterhov yekaterina 

Həmin gün Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib, dövlətimizin başçısı tədbirdə iştirak edib.

mdb-1

Görüşdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

nikol

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb. Qanuna əsasən, bu rayonların bəzi kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.

Dövlət başçısı Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qanuna əsasən, bir sıra rayonların bəzi əraziləri Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.

Qarabağ iqtisadi rayonunun tərkibi genişləndirilib. Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmana edilən dəyişikliyə əsasən, yeni yaradılan Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın sədri dəyişib.

Prezident İlham Əliyev bu barədə müvafiq fərman imzalayıb.

Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevdir.

eli_naqiyev

Ötən həftə Prezident İlham Əliyev "Bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamlar imzalayıb.

Dekabrın əvvəlindən ölkədə seçki marafonuna start verilib. Ötən həftə Ağsaqqallar Şurası, Azərbaycanın Rus İcması, Qərbi Azərbaycan İcmasının ümumi yığıncaqları keçirilib. Yığıncaqlarda növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizdəliyinin dəstəklənməsinə qərar verilib.

qai

Bir il əvvəl törədilən terror aktından sonra fəaliyyətini dayandırmış Azərbaycanın İrandakı Səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.

Fransa ölkəmizə qarşı qərəzli siyasətini ötən həftə də davam etdirib. Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Həmçinin Azərbaycanın Parisdəki Səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.

Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar 5 KİV-də ödənişsiz efir vaxtı və dərci üçün yer ayırıb.

Ötən həftə Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib. YAP prezident seçkilərində müşahidə aparacaq şəxslərini də müəyyənləşdirib.

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib, Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Həftənin sonunda Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd–keçid buraxılış məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən inşa olunan körpünün və modul tipli sərhəd-buraxılış məntəqəsinin açılış mərasimi keçirilib.

korpu

Həftə ərzində qızılcaya yoluxma mövzusu aktual olub. Səhiyyə Nazirliyi bu barədə vəziyyəti açıqlayıb, əhaliyə müraciət edib.

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması da müzakirələrə səbəb olub. Qızın atası artıq həbs edilib.

nisan

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülərək həbs edilmiş və bu yaxınlarda əsirlikdən azad edilmiş Azərbaycan Ordusunun əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirovla görüşüb.

Ötən həftə Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan bir sıra məşhur istiqamətlər üzrə endirim aksiyasına start verib. Aksiya çərçivəsində Bakıdan Mineralnıye Vodı, Həştərxan, Volqoqrad, Samara, Soçi, Ufa və Minsk şəhərlərinə aviabiletlərin qiyməti bir tərəfə 79 manatdan, hər iki istiqamətdə isə 149 manatdan başlayır.

Həftə ərzində Azərbaycan və Türkiyə hərbçilərinin növbəti birgə təlimləri həyata keçirilib.

telim

İşğaldan azad edilmiş ərazilərdə 2023-cü ildə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə statistik məlumat açıqlanıb. İl ərzində 53081,8 hektar ərazi təmizlənib. Ümumilikdə 3495 piyada əleyhinə mina, 5034 tank əleyhinə mina, 23049 partlamamış hərbi sursat aşkarlanıb.

phs

İşğaldan azad edilən ərazilərdə 2023-cü ildə “AzərEnerji” tərəfindən 12 yerdə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub.

Ötən həftə “Böyük Qayıdış” proqramı çərçivəsində daha onlarla ailə ata-baba yurdlarına dönüb.

Dünyanın əsas müzakirə mövzuları ötən həftə də dəyişməyib: Ukrayna-Rusiya, İsrail-HƏMAS savaşları gündəm olmaqda davam edib. Ötən gün Rusiyanın Belqorod şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 24 nəfər ölüb, yüzlərlə yaralı var.

İdman sahəsində isə sensasion sayılacaq hadisə baş verib.  Türkiyənin “Qalatasaray" və "Fənərbağça" komandaları arasında Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan Türkiyə Superkuboku ləğv edilib. Buna səbəb Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsi olub.