Close

22:27
28 Noyabr 2023

“Bu, qitələrarası balansı dəyişə bilər” - Türkiyə və Azərbaycanın bu addımı Qərbdə narahatlıq doğurur

Azərbaycanın Qarabağ bölgəsində başlatdığı və 24 saatdan az bir müddətdə qələbə ilə nəticələnən antiterror əməliyyatından sonra dünyanın bütün gözləri Qafqaz regionuna yönəlib.

Xüsusilə Türkiyə və Azərbaycan liderlərinin Naxçıvan görüşü və orada verilən həmrəylik mesajları iki ölkə arasında dərin əlaqələri bir daha ortaya qoyur və Türk dünyasının birləşməsi ehtimalı Qərbi narahat etmiş kimi görünür.

TNS xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı “strateji məsələdir və tamamlanmalıdır” sözlərinin bir sıra ölkələrdə yaratdığı narahatlıq Qərb mediasında öz əksini tapıb.

ABŞ-nin “Forbes” jurnalında dərc olunan “Ermənistan-Azərbaycan münaqişəsi İran, Türkiyə, Rusiya və Çində güc balansını dəyişə bilər” başlıqlı təhlildə Qarabağda baş verən proseslərin qlobal güc balansı üçün geniş nəticələri ola biləcəyi vurğulanıb: “Fantastik səslənsə də, Ermənistanla Azərbaycan arasında baş verənlər, xüsusən də Qarabağda əldə edilən nəzarət qitələrarası tarazlığı dəyişmək potensialına malikdir”.

Heç kimin coğrafiyada gizlənən “fövqəlgüc”ün fərqinə varmadığına bildirən “Forbes” Ermənistan ərazisinin bir hissəsindən keçən və Azərbaycanı birbaşa Türkiyəyə birləşdirən Zəngəzur dəhlizi sayəsində iki türk dövlətinin bir-birinə birbaşa bağlana biləcəyinə diqqət çəkib.

Ermənistanın, bir müddət İran və Moskvanın da dəhlizə qarşı çıxdığını xatırladan “Forbes” bunun səbəbini belə izah edib:

"Zəngəzur dəhlizi niyə bu qədər vacibdir? Çünki dəhliz Orta Asiyadakı türk respublikalarını Azərbaycan üzərindən Türkiyə ilə birləşdirəcək və "Orta Dəhliz" adlanan daha uzun şimal-cənub marşrutunun son ayağı olmaq potensialına malikdir. Burada, söhbət tarixi İpək Yolu ticarət marşrutunu canlandıra biləcək dəmir yolu və avtomobil xətlərindən gedir".

C5 ölkələri Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın qızıl, qaz, neft və bənzəri xammal satmaqda hazırda Rusiya, Çin və İrandan asılı olduğuna diqqət çəkən jurna Azərbaycan və Türkiyənin daxil edilməsi ilə blokadanın yarılacağını və türk ölkələri arasında regional supergüclərdən uzaq, birbaşa magistralın yaradılacağını yazıb.

“Forbes” türk dövlətlərinin bir araya gəlib birlikdə hərəkət etmələrinin İran, Rusiya, Çin və Ermənistan üçün yeni təhlükə yaradacağını iddia edərək, bu vəziyyətin dünyanın bir çox yerində türkləri ruhlandıracağını qeyd edib.

651521124e3fe017a894e700

Yunanıstanın CNN telekanalında “Dağlıq Qarabağ Ermənistan üçün bitdi, Türkiyə üçün yeni başlayır” başlıqlı təhlildə “Zəngəzur dəhlizi”nə diqqət çəkilib.

“CNN Greece" yazıb ki, “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edən türk qardaşlar tərəfindən bu dəhlizin yaradılması Ermənistana qarşı qələbə və Ərdoğanın Türk dünyasını birləşdirmək öhdəliyini yerinə yetirməsidir.

6515214e4e3fe017a894e706

Qeyd edək ki, Naxçıvandan qayıdarkən Türkiyə prezidenti təyyarədə jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin Türkiyənin Azərbaycanla birbaşa əlaqəsini təmin edəcəyini bildirib: “Quru və dəmir yolu xətləri ilə Naxçıvan və Azərbaycanın digər bölgələri ilə birbaşa əlaqə yaratmaq münasibətlərimizi daha da gücləndirəcək. Ona görə də ən qısa zamanda bu dəhlizin açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır".