Close

00:03
26 Aprel 2024

Bu gizli məqsədlər növbəti dünya savaşının gerçələşmə təhlükəsindən xəbər verir

...Hərdən düşünürəm ki, bütün müharibələr ədalətsizdir. Daha doğrusu, müharibə kadrlarını, onun ürək parçalayan mənzərələrini görəndə, açdığı  göynəkli yaralara, dinc, zavallı insanların ah-naləsinə, məsum körpələrin göz yaşlarına şahidlik edəndə müharibə ilə ədalət anlayışının tərs mütənasibliyi hakim olur düşüncələrimə. Amma... bir az məntiqlə yanaşanda, fikrimdə yanıldığımı, ifrata vardığımı görürəm. Çünki, müharibə həm də, haqqın, ədalətin bərqərar olması uğrunda mübarizədir.

3_dunya_savasi_cikar_mi_ucuncu_dunya_savasi_cikarsa_ne_olur_h35097_aa31b

Hər hansı bir savaşı səciyyələndirəndə onun haqlı və haqsız tərəfləri görünür. Məzlumu müharibəyə təhrik edənlər, işğalçılar haqsız, təhrik olunanlar - işğala məruz qalan, istibdada qarşı mübarizə aparanlar haqlı hesab edilir. Bu mənada, ona bütövlükdə ədalətsizlik meyarı ilə baxmaq  düzgün yanaşma deyil. Lakin, burada "əsl siyasət ağlın, idrakın zor üzərində qələbəsidir" deyimi, siyasi anlaşma modelinin mövcudluğu da yada düşür. Düşünürsən ki, münaqişənin, qarşıdurmanın beynəlxalq hüquq normaları müstəvisində diplomatik yolu, ədalətli həlli də mümkündür. Təəssüf ki, çox halda bu metodlar, diplomatik manevrlər işə yaramır, ədaləti dinc yolla bərqərar etmək mümkün olmur. Əslində, buna çox halda böyük iddialar, eyni zamanda, kənar güclərin maraqları, mənfəətləri naminə müdaxilələri maneə olur. Təbii ki, dinc yolla həll variantı səmərəsiz olanda, haqqı tapdalanan, işğala məruz qalan xalqın da səbri, dözümü tükənır, son çarə kimi savaş qaçılmaz olur, müharibə labüdləşir.

Xalqımızın Qarabağ uğrunda mübarizəsi, haqq-ədalətin təntənəsi ilə nəticələnən Vətən müharibəsi buna canlı nümunədir. Erməni qəsbkarlarının işğalına məruz qalan torpaqlarımızı dinc yolla, diplomatik üsullarla azad etmək üçün 30 ilə yaxın bir zaman sərf olundu. Nə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, nə ATƏT-in diplomatik cəhdləri, nə də dövlətimizin hüquqi, siyasi yöndə göstərdiyi ardıcıl səylər Ermənistanı destruktiv mövqeyindən daşındıra bilmədi. Nəticədə, son sözü Müzəffər Ordu və xalqın sarsılmaz vəhdətinin rəmzi olan "Dəmir yumruq" deyəsi oldu. Haqqın qələbəsinə, ədalətin təntənəsinə nail olundu. Yeri gəlmişkən, Vətən müharibəmiz  dünyaya örnək olunası mübarizə modelini, ədalət müstəvisində sivil döyüş nümunəsini, eləcə də, savaş mədəniyyətini nümayiş  etdirdi. Erməni qəddarlarından fərqli olaraq, beynəlxalq müharibə qanunlarına, tam mənada əməl edildi, düşmənə qarşı insani, humanist mövqe sərgiləndi...

ordumuz

Bütün bunlara, haqq-ədalət uğruna savaşın son çarə olmasına rəğmən, müharibənin vurduğu yaralar çox ağır olur, çətin sağalır. İşğaldan azad olunan, yerlə yeksan olan yurd yerlərimizin vəhşət saçan görüntüsü, ürək parçalayan mənzərəsi, Vətənin hər guşəsində sıralanan şəhid məzarlıqları və saymaqla bitməyən ağrı acılar deməyə əsas verir ki, müharibə müsibətlər, fəlakətlər, faciələr daşıyıcısıdır. Göz yaşı, əcəlsiz ölüm, dərd-ələm, qəm-kədər qaynağıdır. Viranəlik, xarabazarlıq, yoxsulluq, səfalət girdabıdır. Dağıdılan iqtisadiyyat, tükənən maliyyə, eləcə də mədəni, mənəvi tənəzzüldür. Bu səciyyə eyni dərəcədə olmasa da, hər iki - istər təcavüz  edən, istərsə də, təcavüzə məruz qalan tərəf  üçün məqbuldur.

16170089204699035584_1000x669

Bəşər tarixinin bütün dövrlərində baş verən kiçik, məhəlli savaşların, böyük müharibələrin nəticəsi bu reallığı diktə edir. Qəribədir ki, bu acı gerçəklik heç də ibrət dərsi olmur və olacağına ümid etmək də sadəlövhlükdür. Çünki, bir az mifik yöndən baxsaq, sanki dünyamız gerçəkdən iki təzadlı qütbün – haqla iblisin mübarizəsi fonunda pərvəriş tapıb. Bu mifik səciyyə real həyatda, elə müasir dövrümüzdə də cərəyan etməkdədir. Və bu cərəyandan yaranan “qısa qapanma”lar bəşər övladına zaman-zaman dəhşət və vəhşət alovu yaşatmaqdadır.

Bax beləcə...Tiranlığın iblisanə iddiaları, hegemonluq xislətləri var olduqca, Yer üzündə müharibə kabusu bitməyəcək, müsibətlər tükənməyəcək, savaş atəşləri səngiməyəcək. Çünki tiranlıq xislətində kamillik, adillik, lütf və inayət olmaz. Onlar xislətləri, maraqları naminə ölkələri müxtəlif bəhanələrlə müharibələrə sövq edər; zəiflədər, gücsüz, çarəsiz vəziyyətə salar, əsarət girdabına yuvarlar, xalqları kölə, millətləri qul psixologiyasına sürüklər, insanları azad, hürr yaşamaqdan məhrum edib hegomonluqlarını sürdürərlər.

img-20220226-wa0016

Bu acımasız xislətin növbəti qurbanı qismində Ukrayna dövlətini, onun xalqını görürük. Daha doğrusu, rus qoşunlarının bu ölkəyə yeridilməsinin də məhz bu amacdan qaynaqlandığı şübhəsizdir. Hansı aspektdən yanaşsaq,  bu, təcavüz aktı, işğal faktıdır. Və burada da kənar müdaxilələrin, qlobal güclərin özünəməxsus maraqları da əsas faktorlardandır. Beləcə, bir az obrazlı ifadə etsək, hegemonluq iddiasında olan böyük güclərin geosiyasi ambisiyalarının toqquşması səbəbindən qədim slavyan torpaqları da oda, alova bülənd olub. Həm də qloballaşan sivil dünyanın gözləri qarşısında iki slavyan xalqın qarşıdurması, qardaş qırğını müstəvisində baş verir bu amansız od-alov mənzərəsi. Nə insanlıq, nə də beynəlxalq müharibə qanunlarına sığmayan vəhşiliklərə, amansızlıqlara şahidlik edir dünya. Kəndlər, şəhərlər viranə qoyulur, xarabazarlığa cevrilir, yurd-yuvalar dağıdılır, mülki əhali hədəfə alınır, məsum insanlar öldürülür, körpələrə, ahıllara belə rəhm olunmur, qaçqınlıq, köçkünlük tüğyan edir...

Rusiya-Ukraynanin-shrlrini-bombalayir-Desant-quvvlri-Xarkovda

Əslində, bütün bunlar bizim üçün tanış mənzərələr, oxşar görüntülər, bənzər üzüntülərdir. Yaxın tarıximizdə, birinci Qarabağ müharibəsində xalqımızın düçar olduğu  fəlakətlər, faciələr, yaşadığımız ağrı-acılar, ürək göynərtilərinin eynisidir. Lakin oxşar cəhətləri ilə yanaşı, fərqli tərəfləri də görünməkdədir. Fərq ondadır ki, bizim başımıza gətirilən oyunlara, xalqın sürükləndiyi fəlakət girdabına, qaçqın, köçkün səfalətinə dünya seyirçi qaldı. Haqlı mübarizəmizə nahaq don biçənlər, ədalətə göz yumanlar da oldu. Ukrayna xalqının haqq davasına isə, demək olar ki, dünya səs verir, güc qatır, arxa, dayaq olur. Qaçqın, köçkün insanlara isti qucaq açılır. Təbii ki, bu, haqq-ədalət göstəricisi, humanizim nümunəsidir.

Təəssüf ki, bu mərhəmət, insanlıq anlayışını döyüş meydanlarında görmək olmur. Qəddarlıq, zalımlıq, vəhşilik bütün çalarları ilə təzahür edir. Sözsüz ki, təcavüzkardan məhz bu xislət gözlənilirdi və gözləntilər baş verdi. Bunu russayağı taktika, strateji gediş, düşünülmüş hərbi manevr adlandırsaq, məncə, yanılmarıq.  Onların düşüncəsində rəhmsizlik, vəhşılık, mülki əhaliyə mərhəmətsizlik, qarışıqlığa, xaosa yol açar, ölüm xofu xalqı dövlətə qarşı çevirər, təslimçiliyə yönələrdər. Bu üsullar onların müəllifi olduğu çox ssenarilərdə, o cümlədən, Qarabağ müharibəsində də tətbiq edilib. Nəticə isə əksinə olub. Xalqın, millətin işğalçıya qarşı qəzəbin, hiddətin çoşdurub, döyüş əzmini yüksəldib. Ukrayna xalqının işğalçıya qarşı dirənişi, inadlı müqaviməti, təcavüzkarı itkilərə məruz qoymasını, bəlkə, Moskva da gözləmirdi.

5d0f9c1-vorog690      

Əslində, Rusiyanın Donbassının müdafiəsi pərdəsi arxasında bütöv ölkəni işğal etmək planı da çoxlarının gözləmədiyi gerçəklik oldu. Yəqin ki, bu savaşda hələ  görünməyən  səbəblər, sirli məqsədlər, gizli məramlar da yox deyil.  İlk baxışda ağıla gələn, aşkar tərəfi isə Rusiyanın postsovet ölkələri  üzərində total nəzarət mexanizmini  bərpa etməkdən ötrü növbəti cəhdidir. Putinin müharibə öncəsi Rusiyanın SSRİ-yə aid bütün ərazilər üzərində haqqı var deməsi də bunu gün kimi aydın edir. Təbii ki, imperiya yaratmağa yönələn bu iddia rus məngənəsindən qurtulan ölkələrin dövlət müstəqilliyinə böyük qəsddir. Eləcə də Avropa dövlətləri gələcək təhlükə anlamında bu iddianın gerçəkləşməsini yolverilməz hesab edir. Dünyanın digər böyük gücləri,  o cümlədən ABŞ da öz hegemonluğuna alternativ görmək istəmir,

Bu gerçəklik və  görünməyən digər gizli  məqsədlər, məramlar  müharibə alovunun daha genis miqyas ala biləcəyindən, növbəti dünya savaşının gerçələşmə təhlükəsindən  soraq verir. Ümid edək ki, ağlın, idrakın nuru xəbis iddiaların zülmətini aydınladacaq, zəkanın gücü zor üzərində zəfər çalacaq. Dünyamız yox olmaq, bəşəriyyət məhv edilmək təhlükəsindən xilas olacaq.

Allahverdi Aqil