Close

00:03
26 Aprel 2024

Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatını inflyasiyaya sürükləyir – Azərbaycanda vəziyyət necədir?

Geosiyasi gərginlik 2022-ci ildə dünyanın hər yerində inflyasiyaya səbəb olub, enerji xərcləri artıb, tədarüklə bağlı gecikmələr istehlak bazarına təsir edib. Dünya ölkələrinin demək olar ki, əksəriyyəti ikirəqəmli və ya daha yüksək inflyasiya səviyyəsindədir.

2020-ci ilin oktyabr ayından etibarən xam neft, təbii qaz, kömür və propandan ibarət qlobal enerji qiymətləri indeksi kəskin şəkildə artıb.

2021-ci ilin orta göstəricisi ilə müqayisədə Avropada təbii qazın qiymətləri altı dəfə, elektrikli məişət texnikasının qiymətləri 78%, qazın qiymətləri isə 20 illik orta göstəricilərlə müqayisədə daha da artaraq 144% təşkil edib.

Mayeləşdirilmiş təbii qaz tədarükü üçün qlobal rəqabət şəraitində qiymətlər son vaxtlar aşağı düşsə də, çox güman ki, yaxın zamanda kəskin artacaqdır. Enerji şokunun digər fəsadlarına qiymət dəyişkənliyi, iqtisadi gərginlik və enerji çatışmazlığı da daxildir.

Dünya iqtisadiyyatını formalaşdıran makroiqtisadi göstəricilərə əsaslanaraq Trading Economics dünyanın ən yüksək iqtisadi böhranı və inflyasiyası olan ölkələrin infoqrafikasını tərtib edib.

318491670_10160393735714168_5378308447464118511_n

5 dekabr 2022-ci ildə yayımlanan infoqrafikaya əsasən dünya üzrə 2022-ci ilin inflyasiya göstəricilərində ən aşağı yeri 2,1% -lə Çin, ən yuxarı yeri isə 269 % -lə Zimbabve tutur.

Amerika Birləşmiş Ştatları 7,7 %-li inflyasiya göstəricisi ilə yenə də Çini ötüb keçə bilmədi.

İnflyasiya göstəricisi yüksək olan Livan və Venesuella cədvəldə Zimbabvedən sonrakı sıralamadadır. Avropa ölkələri içərisində ən yüksək inflyasiya göstəricisi Ukraynadadır- 26,6%.

Təəssüfləndirici haldır ki, Azərbaycanla sərhəddə yerləşən iki ən mühüm strateji dövlət olan Türkiyə (85,5%) və İran (52,2%) yuxarı inflyasiya göstəricilərinə görə dünya sıralamasında onluğa daxil olan ölkələr sırasındadır. Beləliklə, cədvəldən göründüyü kimi, dünyanın münaqişə ocaqları sayılan ölkələr enerji böhranı, qlobal iqtisadi tənəzzül və inflyasiya yaşamaqdadırlar.

Azərbaycan isə 30 illik qısa müstəqillik tarixində ərazisində üç böyük tarixi müharibə aparan dövlət olaraq, Rusiya, Türkiyə və İran kimi inflyasiya həddinin ən pik və iqtisadi tənəzzülün ən ağır dövrünü yaşayan ölkələrlə həmsərhədd olmasına baxmayaraq, 13,7%-lə dünyanın inflyasiyaya uğrayan dövlətləri sıralamasında aşağı göstərici ilə ölkədə aparılan doğru iqtisadi siyasətin nəticəsini real faktlarla ortaya qoyub.

Surə Seyid,

tədqiqatçı-jurnalist

(Yazı müəllifin “Facebook” hesabından götürülüb)

998d43fa-e6d9-437e-a215-c649a3b99983