Close

Buzeyir mağarasının turizm imkanları müzakirə edilib - FOTO

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon ərazisində, Zuvandçayın sol sahilində, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, çayın müasir yatağından 300-350 metr hündürdə yerləşən Buzeyir mağarasında olublar.

İnstitutdan TNS-ə verilən məlumata görə, mağaradan tapılan daş alətlər Mustye dövrünə aiddir. Çox əlverişli təbii şəraitə malik olan mağarada sonrakı dövrlərin də izləri var. Belə ki, mağaranın giriş hissəsindən İlk Tunc dövrünə aid çoxsaylı arxeoloji materiallar toplanıb.

İcra başçısı ilə baş direktor rayonun təbii-coğrafi şəraitini, tarixi, arxeoloji və memarlıq abidələrinin çoxluğunu nəzərə alıb, bölgənin turizm imkanlarının genişliyi barədə məsləhətləşmələr aparıblar.