Close

00:03
26 Aprel 2024

Mühacirətdə Rəsulzadəyə qarşı müxalif mövqedə dayandı, partiyadan xaric edildi – Türkiyədə dəfn olunan ilk ədliyyə nazirimiz

May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 104 il ötür. 

TNS Cümhuriyyətimizin qurucuları ilə bağlı ilə silsilə yazıları davam etdirir.

Növbəti yazı Xalq Cümhuriyyətinin ədliyyə, daxili işlər naziri vəzifələrində çalışan Xəlil bəy Xasməmmədov haqqındadır.

Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov 1873-cü il oktyabr ayının 25-də Gəncədə anadan olub. Gəncə klassik gimnaziyasında orta təhsil alıb.  1895-ci ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirib. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) Dairə məhkəmələrində işləyib, "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olub. O, 1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilib. Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olub, Xalq Azadlığı Partiyasını təmsil edib. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırıb və onun qanunvericilik yolu ilə keçirilməsini təklif edib. 3-cü Dövlət Dumasında (1907-12-ci illər) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalarının üzvü idi. Xəlil bəy Xasməmmədov Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edərək Duma deputatlarına bəyan etmişdi ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir”.

Xasməmmədov Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maariflənməsi, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırıb, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulayıb.

Xasməmmədov Dumanın bütün fəaliyyəti dövründə müxtəlif sorğular və məsələlər üzrə (ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfiyyət, seçki, dini etiqad, zemstvə idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və s.) çıxış edib. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, "dövlət dilini bilməyi zəruri" sayırdı. Xasməmmədov Zaqafqaziya (Qori) seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifı Nazirliyi qarşısında vəsatət qaldırmışdı. O, 1911-ci il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi.

Xəlil bəy Xasməmmədov 1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi işləyib. 1917-ci il Fevral inqilabından sonra Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdu. Müsavat Partiyasının birinci qurultayında (Bakı, 1917-ci il, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilmişdi. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918-ci il, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918-ci il, 27 may) üzvü olub. O, 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi.

X.Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. Müsavat Partiyasından Azərbaycan Parlamentinin üzvü idi. X.Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919-cu il, aprel-iyun) iştirak etmişdi.

Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmayıb, İstanbulda yaşayıb, coşğun siyasi-publisistik fəaliyyət göstərib, “Yeni Qafqasya” (1923-1927), “Azəri-türk” (1928-1931), “Odlu yurd” (1920-1930), "Azərbaycan yurd bilgisi" (1932-ci ildən nəşr olunub) jurnallarında, Parisdə fransızca çıxan "Prometey" (1929-1938), rusca "Kavkaz" (1932-1938), Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" (1932-1934) və "Qurtuluş" (1934-1938) qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirib.

Xasməmmədov Azərbaycan Milli Mərkəz Komitəsinin (1924-cü il, İstanbul)  və Müsavat Partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə - sədr, Mirzə Bala Məmmədzadə - katib və Xəlil bəy Xasməmmədov - xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və xarici büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkiləv, Şəfi bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməmmədov M.Ə.Rəsulzadəyə qarşı müxalif mövqedə dayanırdı. Sovet hökumətinin təzyiqi ilə M.Ə.Rəsulzadə Türkiyəni tərk etdikdən sonra Xəlil bəy, Şəfı bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında (avqust 1936-cı il, Varşava) Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilmişdi.

Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfındən yaradılmış "Azərbaycan-Dağlılar Birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazında Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olmuşdu.

Xəlil bəy Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat edib və Fəriköy məzarlığında dəfn olunub.  

Yazı AMEA-nın Tarix İnstitutunun internet saytında yerləşdirilmiş materiallar əsasında hazırlanıb.