Close

Şirvanın dirilik əfsanəsi – Əmir Teymurun belə toxunmağa cəsarət etmədiyi Peyğəmbər abidəsi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar. TNS mövzunun aktuallığını nəzərə alaraq, "Diri Baba" türbəsi haqqında yazını təqdim edir.

VIII-IX əsrlərdə tarixi Şirvan ərazisində yaranmış, intibah dövrü XI-XV əsrlərə təsadüf edən Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən biri - "Diri Baba" türbəsi Qobustan şəhərinin şərqində Ala dağın ətəyində yerləşir. Məhəmməd məscidi (1078-ci il), Qız qalası (XII əsr), Səbail (Bayıl) qəsri (1234-cü il), Şirvanşahlar Saray Kompleksi (XIII-XVI əsrlər), Nardaran məscidi (1663-cü il)  və s. kimi abidələrin də aid olduğu bu memarlıq məktəbi özündə Şirvanşahlar dövləti ərazisində yaşayan memarların yaradıcılıq üslublarını əks etdirir. Bu abidələrin əksəriyyətinin üzərində “Şirvani”, “Şamaxı”, “Şimaki” təxəllüslü memarların adları qeyd olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2021-ci il tarixli qərarı ilə  ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunan "Diri Baba" həm türbə, həm məscid, həm də ziyarətgahdır. Təbiətlə sənətin ilahi vəhdətinin məhsulu olan türbə mükəmməl memarlıq həlli, quruluşu ilə yerləşdiyi təbii mühitlə harmoniyalı olduğu qədər də təzadlıdır. Bəlkə də o başqa bir yerdə, məsələn, hər hansısa bir memarlıq kompleksinin tərkibində, yaxud şəhər mərkəzində yerləşsəydi bu qədər nəzərəçarpan olmayacaqdı.

Bu növ türbələrin, xüsusilə sonradan ziyarət yerlərinə çevrilmiş abidələrin inşası orta əsrlər Şərq memarlığı üçün səciyyəvidir. İran İslam Respublikasının Zəncan vilayətinin Soltaniyyə şəhərinin yaxınlığında yerləşən Çin və İran memarlığının xüsusiyyətlərini özündə əks etdirən, Hülakülər (XIII-XIV əsrlər) dövründən büdpərəstlərin, xristianların, müsəlmanların sitayış yeri olmuş Daşkəsən abidəsi, Türkmənistan Republikasının Balkan vilayətinin Sərdar şəhərinin yaxınlığında, Kopetdağın ətəklərində yerləşən Parau-bibi abidəsi (X-XI əsrlər) ilə "Diri Baba" arasında bənzərliklər vardır. Tikilinin inşaat təsvirində deyilir: “Türbə ikimərtəbəlidir. Birinci mərtəbədəki iki otaq cənub tərəfdən fasadda iki çatmatağla qeyd edilmişdir. Sol tərəfdəki bir pəncərəli otağın daxilində tavan çatma formasındadır. Ondan sağdakı kiçik kvadrat otağın tavanı isə səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır. İkinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir. Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir. Böyük otağın fasada açılan, eləcə də Şərq və Qərb tərəfə baxan işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir”.

132dcfec-ea90-465f-ae93-bbedb22d884f

Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805-ci (miladi 1402) il kimi göstərilib. Günbəzli zalın tromplarının birinin üzərində həkk edilmiş yazıya görə, türbənin memarı “ustad Hacının oğlu” dur. Türbənin kitabəsində deyilir: "Ən böyük sultan, xalqların ixtiyar sahibi, sultan oğlu Sultan Cəlal əd-dünya şeyx İbrahim xanın - Allah onun dövlət hökmranlığını əbədiləşdirsin və hər iki dünyanı onun dəlili ilə aydınlaşdırsın - hakimiyyəti günlərində, səkkiz yüz beşinci (805/1402-03) ilin aylarında. Onu (kitabəni) dərviş yazdı".

Kitabənin mətnindən türbədə dəfn olunmuş müqəddəsin şəxsiyyəti aydınlaşmır. Kitabəni yazmış xəttat-dərvişin sarayda yaşamış Seyid Yəhya Bakuvi olduğu güman edilir.

81027edc-8f0f-44d6-977e-4d57a4becc82

Türbədə kimin dəfn olunması haqqında müxtəlif fikirlər mövcuddur. Şirvanda, xüsusilə Şamaxı-Qobustan ərazisində çoxlu sayda ərəb mənşəli kəndlərin olması ilə əlaqədar türbənin ərəb müqəddəslərindən birinə aid olması haqqında fərziyyələr də var.  Rəvayətə görə, Məhəmməd Peyğəmbərin əmisi Əbu Ləhəbin nəvəsi Atam Peyğəmbər Məkkədən Mədinəyə qayıtdıqdan sonra başçılıq etdiyi dəstə ilə Şirvana gəlmişdi.

Atam sufiliyin Xəlvətiyyə təriqətinin nümayəndələrindən idi və bu təriqətin adəti ilə yaşadığı Mərəzə kəndinin yaxınlığındakı mağaraya çiləyə çəkilirdi. Növbəti çilə vaxtı vəfat etdiyinə görə Mərəzə kəndinin yaxınlığındakı “Diri Baba” türbəsində dəfn edilib.

XVII əsrdən etibarən bir çox səyahətçilərin, alimlərin diqqətini cəlb etmiş “Diri Baba” haqqında tarixi qeydlərə də rast gəlinir. 1636-cı ilin 27 dekabr tarixində burada olmuş alman səyyahı Adam Oleariy (1599-1671) “Moskvaya səfər” əsərində yazır: “...kəndin şərqində Seyid İbrahimin müəllimi olmuş Diri Baba adlı bir müqəddəsin türbəsi yerləşir. Bizə dedilər ki, o burada həmişə dizləri üstə ibadət edir, əynində boz rəngli köynəyi var... Bu, onun şagirdi Seyid İbrahimin arzusunun nəticəsidir ki, ustadı həyatda olduğu kimi, ölümündən sonra da daima Allaha itaətdə olsun.  Deyirlər ki, hər il onun əynindəki boz köynəyi ağ köynəklə əvəz edirlər. Köhnə köynəyi isə hissələrə bölüb buraya gələn ziyarətçilərə paylayırlar. Xüsusi günlərdə bura insanlar ziyarətə gəlirlər, çox vaxt da piyada... Sakinlər bu iki müqəddəs haqqında çoxlu rəvayətlər danışırlar... Bu yerin qapısı üzərində ərəb dilində “Allah, bu qapını aç!” sözləri yazılıb.  Diri Babanın dəfn olunduğu yerin yaxınlığında zəvvarların gecələdikləri və qurban kəsdikləri dağda çoxlu mağaralar və çuxurlar var. Bəziləri o qədər hündürdədir ki, oraya pilləkənsiz qalxmaq mümkün deyil”.

Səyahətçi bir faktı da vurğulayır ki, 1400-1403-cü illərdə buradakı yaşayış yerlərini darmadağın etmiş Teymurləng ordusu istər Diri Babanın, istərsə də də Seyid İbrahimin türbəsinə toxunmayıb. 

Öz əsərlərində Bakı, Şamaxı, Şəki və Gəncə kimi qədim Azərbaycan şəhərlərinin  XVII əsrdəki vəziyyəti haqqında bəhs etmiş və rəsm əsərləri yaratmış məşhur alman həkimi, səyyahı Engelbert Kempferin (1651-1716) qeydlərində də türbə haqqında məlumatlara rast gəlinir. 1703-1707-ci illərdə Şirvana səyahət etmiş hollandiyalı rəssam Kornelius de Bruin (Breyn) türbənin şəkillərini çəkib və özünün kitab-albomunda dərc etdirib.

1647-ci ildə abidəni ziyarət etmiş türk səyyahı Övliya Çələbi yazır ki, türbədə dünyəvi işlərdən əl çəkmiş və burada ibadətlə məşğul olan şeyx Hacı Salahəddinlə rastlaşıb. Şeyxin sözlərinə görə, burada dəfn olunmuş və yerli əhalinin “Diri baba” adlandırdıqları şəxs Şirvanşah I İbrahimin zamanında yaşyıb və Şirvanşahlar sarayında azançı – müəzzin olub.

Abidəyə maraq XIX-XX əsrlərdə də azalmayıb, bu mövzuda müxtəlif əsərlər yazılıb. Qafqazın qədim tarixinin tədqiqatçıları İvan Bartolomey və Benqard Dorn abidəni öyrənərək onun I Şirvanşah İbrahimin zamanında (1382-1414) inşa edildiyini müəyyənləşdiriblər.

L.S.Bretanitskinin və B.V.Veymarnın “IV-XVIII əsrlər Azərbaycan incəsəti” adlı monoqrafiyasında türbədən bəhs edən müəlliflər onun tarixi və sənətkarlıq əhəmiyyətindən, Şərq memarlığında mövcud olan analoqlarından bəhs edərkən yazırlar ki,  “Əsrarəngiz dekorativ friz Diri babanın bəzəyi olub. “Dərviş” təxəllüslü xəttat tərəfindən yazılmış bu gözəl yazı Göy məscidin yığma mozaika ilə işlənmiş yazılarını xatırladır”.

926bedfd-9d8d-4944-a97d-8435753963d6

Şirvanın rəmzi olan “Diri Baba”nın açılmamış sirləri, müəmmalı tərəfləri çoxdur. Məsələn, yaxın ərazilərdə eyni dövrə aid, oxşar memarlıq üslubuna malik ikinci bir tikiliyə rast gəlinmir. İslam memarlıq ənənələrinin əksinə olaraq, bu türbənin funksional yükü birinci mərtəbənin deyil, ikinci mərtəbənin üzərinə düşür.  

Türbə yaşayış yerindən uzaqda - dərədə yerləşir. Onun hansı məqsədlə belə bir gizli yerdə inşa olunduğu məlum deyil. Lakin məlum olan bir həqiqət var ki, xalqın bu türbəyə inamı əsrlərin sınağından keçib. Dirilik suyu, dirilik bulağı, dirilik köynəyi kimi mistik inancları burada bir xəyali müqəddəsin şəxsində cəmlənib.

Ülviyyə Tuncay