Close

00:03
26 Aprel 2024

“Neftçalada aşkar olunmuş küp qəbirlər yeni tarixi faktları ortaya çıxarıb” - FOTOLAR

“Aprelin 12-də Neftçala şəhər Əli Piriyev adına 2 saylı tam orta məktəbin direktoru Rövşən Həsənov tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə, həmçinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rayon ərazisində küp qəbirlərin aşkar edilməsi haqqında məktub daxil olub. Küp qəbirlər Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində üzə çıxıb. Aprelin 14-də institutun “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun iki əməkdaşı Neftçala rayonuna ezam edilib. Arxeoloqlar rayonun Cəngan, Bala Surra, Ərəbqardaşbəyli və Pirəbbə kəndlərində Kür çayı sahilində aşkar edilmiş küp qəbirlər nekropoluna baxış keçiriblər”.

Bunu TNS-ə açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Professor həmin kəndlərin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri barədə məlumat verərək bildirib ki, Pirəbbə kəndinin şimal qərb hissəsində Kür çayının GPS koordinatları 39.5066 – 49.0146 olan hissəsində aşkar olunan küp qəbirlər daha maraqlıdır.

“Buradakı qəbirlərin az hissəsi dağılıb. Lakin Kür çayının yenidən qalxması səbəbindən qalan hissədə aparılacaq arxeoloji qazıntı işlərində çətinliklər yaranıb. Buna baxmayaraq, yerli sakinlərlə, icra hakimiyyətinin nümayəndələri ilə abidənin qorunması istiqamətində söhbətlər aparılıb. Cəngan kəndi ərazisindən aşkara çıxarılmış küp qıbirlərin qırıqları isə kəndin tam orta məktəbinin tarix müəllimi Şəhrəbanu Ağalarovanın sinif otağında saxlanılır. Arxeoloji materiallar əsasən ilk orta əsrlərə aiddir”, - Abbas Seyidov vurğulayıb.

Onun sözlərinə görə, Neftçala rayonu ərazisində 20-yə yaxın ölkə əhəmiyyətli arxeoloji abidə vardır.

Professor deyib ki, küp qəbirlərdə dəfn adətinə Misirdə e.ə.IV minillikdə rast gəlinir: “Mesopatamiya ərazisində isə hələ Neolit və Eneolit dövründə körpə uşaqların saxsı qablarda dəf edilməsi halları qeydə alınıb. Aralıq dənizi hövzəsində də küplərdə dəfn adəti geniş yayılmışdı”.

Baş direktor Azərbaycanda saxsı qablarda dəfnetmə adətinə bəzi Eneolit dövrü abidələrində təsadüf edildiyini xatırladaraq bildirib ki,  XX əsrin 80-ci illərində arxeoloq İdeal Nərimanov tərəfindən Leylatəpə mədəniyyəti və bu mədəniyyətə aid küp qəbirlər tədqiq edilib. Sonrakı dövrdə Böyük Kəsik yaşayış yerindən Leylatəpə mədəniyyətini əks etdirən maddi nümunələr və evlərin döşəməsində saxsı qablarda körpə uşaqların dəfn edilməsi adətinə rast gəlinib. Naxçıvan ərazisində isə körpə uşaqların saxsı qablarda dəfn edilməsi halları ilk dəfə Ovçulartəpəsi abidəsinin Eneolit təbəqəsində qeydə alınıb.

“Tunc dövründə Azərbaycan ərazisində küp qəbirlərdə dəfn adətinə təsadüf edilməyib. Lakin uzun zamandan sonra e.ə. I minillikdə - Albaniya dövründə bu tip qədirlərdə dəfn adəti geniş yayılıb. Alban dövrü küp qəbirlərinin öyrənilməsinə ilk dəfə E.Resler tərəfindən Şuşa qəzasında və Qarqarçay sahilindəki Qalatəpədə hələ XIX əsrin sonları-XX əsrin əvvəllərində başlanmışdır. XX əsrdə Yardımlı, Laçın kimi dağlıq ərazilərdə də bu adətin işləri tapılmışdır. Mingəçevir tədqiqatları isə küp qəbirlərin tarixi xronologiyasını tərtib etməyə imkan vermişdi. Ümumiyyətlə, Albaniyanın sərhədləri daxilində olan demək olar ki, bütün bölgələrdən bu tip qəbirlər məlumdur. Naxçıvan ərazində isə antik dövrə aid küp qəbirlər Püsyan və Oğlanqalada öyrənilib. Bunlardan Oğlanqalada tədqiq edilmiş küp qəbirin tarixi onun daxilindən tapılmış imperator Avqusta aid 4 ədəd gümüş sikkə ilə dəqiq müəyyən edilib”, - professor bildirib.

O, Azərbaycan ərazisindəki bəzi küp qəbirlərdə Sasani şahı II Xosrovun adından kəsilmiş pullar tapıldığına (590-628 ci illər) diqqət çəkərək deyib ki, Küp qəbirlərdə dəfn etmək adətinin VIII əsrədək davam etdiyi ehtimal olunur: “Sonrakı dövrdə İslamın geniş yayılması ilə əlaqədar olaraq bu tip qəbir abidələri sıradan çıxır. Salyan rayonu ərazisində Babazanlıda aparılan araşdırmaların ilkin nəticələrinə görə, bu ərazidə e.ə. III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu abidənin unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir öyrənilib. Bunların arasında həm uşaqlara, həm də böyüklərə aid qəbirlər vardır”.

Abbas Seyidov Neftçala rayonunun Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşdiyini vurğulayaraq bildirib ki, tarixi mənbələrdə Kür çayının mənsəbində parfiyalılara aid böyük bir şəhərin olduğu barədə məlumatlar vardır.

“Küp qəbirlər e.ə. IV əsrdən eramızın VIII əsrinədək Cənubi Qafqazda, əsasən də  Qafqaz Albaniyası ərazisində yayılıb. Bu mədəniyyət əsasən  əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir. Beləliklə, Neftçala rayonunda aşkar olunan küp qəbirlər nekropolu bu bölgə üçün səciyyəvidir. Neftçala rayonu ərazisində aşkar olunmuş nekropollarda vaxt itirmədən arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Belə düşünürik ki, arxeoloji qazıntıların nəticələri bölgənin tarixinin tədqiqində yeni mərhələ olacaqdır”, - professor əlavə edib.

IMG_0672

IMG_0687

IMG_0683

IMG_0682