Close

Almaniyalı alim: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb”

Almaniya mediasında Azərbaycana qarşı yayımlanan audioreportaja (podkast) layiqli cavab verilib.

TNS xəbər verir ki, bu haqda Azərbaycan Diaspora Komitəsi məlumat yayıb.

Belə ki, son illər aparılmış məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizə dost münasibəti bəsləyən və Azərbaycanla bağlı mükəmməl tarixi biliklərə sahib əcnəbi alimlərdən biri olan almaniyalı tədqiqatçı Dr. Mixael Reynhard Hess ölkəmiz əleyhinə böhtanlarla dolu reportajı əsaslandırılmış faktlarla darmadağın edib.

Qeyd edək ki, Almaniyanın “Spiegel” jurnalının beynəlxalq mövzularda yayımlanan “8 milyard” başlıqlı audioreportajları sırasında aparıcı Olaf Heuser yanvarın 14-də növbəti podkastını Azərbaycan-Ermənistan münasibətlərinə həsr edib. “Dağlıq Qarabağın blokadasının Rusiya müharibəsi ilə nə əlaqəsi var?” başlıqlı audioreportajda Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişənin tarixi və hazırkı vəziyyəti, o cümlədən azərbaycanlı ekofəalların Laçın dəhlizi ətrafındakı etiraz aksiyası, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən irəli sürülən Qərbi Azərbaycan konsepsiyası məsələləri əks olunub. 33 dəqiqəlik podkast tamamilə təhrif olunmuş və yalnız erməni mövqeyindən hazırlanıb, bir İrəvan sakini və Anna Aridcanyan adlı bir erməni jurnalistdən isə “zamin qismində” müsahibə alınıb.

Almaniyalı alim, “Şuşanın irsi” kitabının müəllifi Dr. Mixael Reynhard Hess təhriflərlə dolu və qeyri-peşəkar hazırlanmış reportajla bağlı “Spiegel”in redaksiyasına geniş həcmli, etiraz məzmunlu oxucu məktubu göndərib.

Dr. Hess oxucu məktubunda Qarabağın “Spiegel” jurnalı tərəfindən səhvən “eksklav” kimi təqdim olunması ilə bağlı 44 günlük müharibə dövründən bəri dəfələrlə etiraz məktubları göndərdiyini vurğulayıb. Onun fikrincə, audioreportajın əsas məğzi ermənilərin yalnız qurban kimi, azərbaycanlıların isə əksinə - avtokrat və cinayətkar kimi təqdim edilməsi olub. Bütün veriliş ərzində Dağlıq Qarabağ dedikdə, yalnız orda yaşayan ermənilər nəzərdə tutulur, bu regionun 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmasına qədər “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə 40 000 azərbaycanlının yaşaması, ümumiyyətlə, dilə gətirilmir. Ermənistan təcavüzünün qurbanı olan azərbaycanlılar Heuser tərəfindən “əhəmiyyətsiz məsələ”, “ikinci dərəcəli qurban” kimi bir dəfə belə olsun, xatırlanmır.

M.Hess qeyd edib ki, “audioreportaj 100% Azərbaycansız Qarabağ təqdim etməklə tam olaraq Ermənistanın etnik təmizləmə siyasəti mənasında yayımlanıb”. Bununla aparıcı Heuser Ermənistanın 1990-cı illərdə həyata keçirdiyi müharibə cinayətini dolayısı ilə legitimləşdirmiş olub.

Dr. Hess Qarabağın Arsax kimi təqdim edilməsinə də məhz erməni elmi mənbələrindən sitat gətirməklə münasibət bildirərək, bu sözün son 1000 il ərzində, XI əsrdən 1990-cı illərin əvvəllərinə kimi administrativ-hüquqi termin kimi işlənmədiyini faktlarla sübut edib. Qarabağın tarixi ilə bağlı bir neçə kitabın müəllifi Hess Olaf Heuseri “Ermənistanı tarixi mifologiyasını tarixi reallıqla dəyişik salmaqda” ittiham edib.

Dr. Hess reportajda şəxslərə yönəlmiş emosionallığı qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan Prezidentinə qarşı olan bu hücumlar Azərbaycanın öz ərazisini geri qaytarmaq hüququnun legitimliyini sual altına qoymaq niyyəti ilə edilib.

“Spiegel” podkastının ziddiyyəti ondadır ki, başlıqda Azərbaycanı "Dağlıq Qarabağın blokadasında" ittiham edir, reportaj boyu isə bunu rusların barrikadalar qurmaqla etdiyini bildirir.

Dr. Hess oxucu məktubunun sonunda jurnalistin həm də seçdiyi veriliş formatı ilə öz imkanının sərhədlərini aşdığını tənqid edib, Almaniyanın fikir formalaşdıran jurnalistlərini lazımi bilgilərə malik olmadıqları mövzu barədə və danışmamağa çağırıb.