Paşinyan: "Ermənistan Konstitusiyasına zidd olan müqavilələr ratifikasiya oluna bilməz"
Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi və onun ölkə parlamenti tərəfindən ratifikasiyası Bakıya qarşı ərazi iddialarının olmaması demək olacaq.
TNS xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan Konstitusiyasına zidd olan müqavilələr ratifikasiya oluna bilməz və əgər sülh müqaviləsində Ermənistan və Azərbaycanın ərazi iddialarının olmaması barədə müddəa olduğunu fərz etsək, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyacaq və heç bir ərazi iddiası ilə çıxış etməməyi öhdəsinə götürəcək.
“Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsinin müddəalarını Konstitusiyaya uyğun hesab edərsə və parlament onu ratifikasiya edərsə, belə bir qərar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinin hüquqi təsdiqinə çevriləcək”,- Paşinyan qeyd edib.
Azərbaycan Ermənistanın konstitusiyaya düzəlişlər etməsini təkid edir, çünki orada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı birbaşa çağırışlar var. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan Konstitusiyasına dəyişikliklər edilərsə, Bakı ilə İrəvan arasında sülh əldə oluna bilər.