Close

Sahibə Qafarova Belarusda bir sıra görüşlər keçirib

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TNS-ə verilən xəbərə görə, Natalya Koçanova S. Qafarovanın səfərinin münasibətlərimizə yeni impuls verəcəyinə inamını ifadə edib. O bildirib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş ölkələr deyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykənir.

Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu, bu gün ölkələrimiz arasında münasibətlərin bu möhkəm əsasa söykəndiyini söyləyib.

Öz növbəsində, S. Qafarova bildirib ki, Azərbaycan və Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasa da, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlərimiz arasında əlaqələrin də bu əsaslara söykəndiyini qeyd edib.

Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və spiker Sahibə Qafarova qarşı tərəfi COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransında iştiraka dəvət edib.

66686173af9b366686173af9b4171811672366686173af9b166686173af9b2