Close

Anar Əsədli: “İranı neytrallaşdırmaq üçün hakimiyyət çox ağıllı addım atdı”

“Zəngəzur dəhlizi ilə İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını eyniləşdirmək olmaz. Zəngəzir dəhlizi Şərq və Qərbin iqtisadi layihəsidir, Çinin Avropa ilə əlaqələrinin qurulmasının mərkəzidir”.

Bunu TNS-ə açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.

Partiya rəhbəri bildirib ki, alternativ məsələsi iqtisadi dəhlizdə ən önəmli faktorlardan biridir: “Əgər Çinin məhsullarını Avropaya daşıyırsansa, mütləq alternativ yolların olmalıdır. Çünki yollar zədələnə bilər, daxili münaqişələr, müharibələr ola bilər. İran üzərindən yaradılan kommunikasiya bağlantıları Zəngəzur dəhlizinə alternativ deyil. Çünki İranla bağlanan anlaşma memorandumu yalnız 3 ölkənin – Azərbaycan, İran və Türkiyənin maraqlarını təmin edir. Ancaq Zəngəzur dəhlizində alternativlər var. Məsələn, Gürcüstan oraya daxil olur. Alternativ yollar faktoruna görə, heç bir kommunikasiya bağlantısı Zəngəzur dəhlizini əvəz edə bilməz. Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaq üçün Tehranı neytrallaşdırmalı idi. Ona görə də hesab edirəm ki, hakimiyyət çox ağıllı, düşünülmüş addım atıb”.

Anar Əsədli Ermənistanın bu layihədən kənarda qalmayacağını vurğulayıb.

“Zəngəzur dəhlizində Çinin, Avropanın maraqları var. Ermənistan nə deyib kənarda qalacaq. Burda İranın narahatçılığı var idi. Azərbaycan da onu ortadan qaldırmaq üçün belə bir addım atdı. Gələcəkdə öz enerji ehtiyatlarını Avropa bazarına daşıması üçün İranın da bu layihəyə çox ciddi ehtiyacı var. Heç vaxt Çin kimi dünyanın super gücü bir xətlə öz mallarını Avropaya çıxarmaz. Deyək ki, daxili münaqişə, müharibə yoxdur, təbii fəlakətdən kim sığortalanıb? Yol təbii fəlakət nəticəsində sıradan çıxsa, nə olacaq? Ona görə də alternativ yolla düşünülür”, - partiya başqanı əlavə edib.