Close

“Bu əməliyyat düzgün aparılmasa, infeksiya yarana, sinirlər zədələnə bilər”

Artıq bütün dünyada olduğu kimi, ölkəmizdə də illərdir, kök hüceyrə adlanan üsulla dərinin cavanlaşması prosedurları həyata keçirilir. Amma prosedur düzgün icra olunmadıqda bir sıra fəsadlar, sağlamlıqla bağlı problemlər də yarana bilir. Bu cür problemlər nədən qaynaqlanır və baş verməməsi üçün nələri bilmək vacibdir?

Plastik cərahiyyə mütəxəssisi, professor Vaqif Qələndər TNS-ə açıqlamasında bildirib ki, üzdə qırış və deformasiyaları olan insanlarda piy köçürmə ilə kök hüceyrə əməliyyatları bir yerdə aparıla bilir: “Bu əməliyyatın insan sağlamlığına heç bir ziyanı yoxdur. Amma hər hansı bir problemlə qarşılaşmamaq üçün bu əməliyyatların sahə üzrə peşəkar həkim tərəfindən aparılması vacibdir.

Orqanizm əvvəlcədən yoxlanılmalıdır. Əməliyyat olunacaq insanın qan dəyərləri, kardioloji və ümumi vəziyyəti yoxlanmalıdır”.

Professor vurğulayıb ki, kök hüceyrə və piy köçürmə əməliyyatının yaşla o qədər əlaqəsi yoxdur, müayinələrdən sonra ümumi vəziyyəti uyğundursa, prosesduru hər yaşda tətbiq etmək olur: “Bu cür əməliyyatların fəsadsız olmasında əsas məsələ prosedurun mütəxəssis tərəfindən aparılmasıdır. Piy və kök hüceyrənin alınması, hazırlanması və köçürülməsi peşəkar həkim, plastik-cərrah tərəfindən həyata keçirilməlidir. Vasitələrin necə alındığı, hazırlandığı vacib amildir. Əks təqdirdə, infeksiya yarana, düzgün vurulmasa, sinirlərdə problemlər ortaya çıxa bilər. Bu əməliyyatı aparmaq üçün sırf həkim olmaq kifayət etməz. Bunun üçün plastik-cərrah ixtisasının olması da vacibdir”.

Mütəxəssis bildirib ki, üzdə cavanlaşdırma əməliyyatlarının hər birinin öz yeri var. Amma onlardan ən effektiv olanı piy və kök hüceyrə köçürülməsidir.

Aygün