Close

COVID-19 strukturunu dəyişdikcə bu xəstəliklər artır

Qış aylarında qripin geniş yayılması ilə yanaşı, xəstəliyin ağırlaşması və uzun sürməsi də insanları narahat edir. Mütəxəssislər tövsiyə edir ki, qripə qarşı ən yaxşı mübarizə üsullarından biri xəstəliyə yoluxmaqdan qorunmaqdır.

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Epidemiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent  Lalə Rüstəmova mövzu ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, payız-qış mövsümündə insanlar arasında kəskin respirator xəstəliklərə yoluxma hallarının artması qeydə alınır: “Kəskin respirator viruslu infeksiyaların törədiciləri kimi daha çox l-lV qrup paraqrip, adenovirus, renovirus, bokavirus, metapnevmaniya və COVID-19-un törədicisi SARS-CoV-2 viruslarını qeyd etmək olar. Qrip virusunun konkret ştammı təyin edildikdən sonra onun dövr etdiyini demək olar”.

Həkim bildirib ki, qeyd olunan respirator virus infeksiyaları bəzi hallarda çox ağır formada keçir və müxtəlif fəsadlara səbəb olur: “Məlumdur ki, hətta COVID-19 pandemiyası dövründə tələb olunan peyvənd dozası almış şəxslərdə bir müddətdən sonra yenidən koronovirus infeksiyası ilə yoluxma baş verir. COVID-19-a qarşı peyvənd fonunda və ondan sonra virusun genetik strukturunun dəyişilməsi, müxtəlif yeni variantların yaranması səbəbindən də əhali arasında respirator xəstələnmə səviyyəsinin artması gözləniləndir.

Odur ki, belə şəraitdə tələb olunan profilaktik tədbirlər kompleksini həyata keçirmək vacibdir”.

Lalə Rüstəmovanın sözlərinə görə, hər il qrip infeksiyasının yayılmasının profilaktikası məqsədilə qrip əleyhinə peyvənd olunmalıdır.

Həkim bildirib ki, qripdən qorunmaq vacibdir: “İnsanların kütləvi toplaşdığı yerlərdən uzaq olmaq, əl gigiyenasına, “respirator etiket” qaydalarına ciddi əməl etmək, evdə və iş yerlərində müntəzəm havalandırma aparmaq, təmiz havada çox olmaq lazımdır. Kəskin respirator xəstəlik simptomları olduqda evdə qalmaq, həkim məsləhəti almaq, evdə digər insanlarla təması minimuma endirmək, dərman preparatlarını yalnız həkim tövsiyəsi ilə qəbul etmək, mövsümi qrip əleyhinə peyvənd olunmaq, uşaqlarda xəstəlik simptomları olduqda məktəb və bağçaya getməmələri tövsiyə olunur”.

Aygün