Sumqayıtda yaşayış binası partladı - Yaralılar var - FOTO
Sumqayıtda yaşayış binasında partlayış olub.
TNS xəbər verir ki, 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınan partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
DİN Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
TƏBİB-dən isə bildirilib ki, 03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.