Close

Kürdə batan atanın meyiti tapılıb, qızının axtarışları davam edir

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun cəsədi çayın Zərdab rayonu, Pərvanlı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 5 km uzaqlıqda FHN-Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

TNS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Nazirliyin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən həftə Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.