Close

23:10
07 Noyabr 2024

Türkiyədə "Qərbi Azərbaycana Qayıdış" Qars Forumu keçirilib

Türkiyənin Qars şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə, Türkiyə Azərbaycan Assosiasiyaları Federasiyası (TADEF) və Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Assosiasiyası tərəfindən təşkil olunan “Qərbi Azərbaycana Qayıdış” Qars Forumu keçirilib.

Dövlət Komitəsindən TNS-ə bildirilib ki, forumda siyasi partiya nümayəndələri, şəhər ziyalıları, QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

TADEF üzvü Qars Assosasiyasının sədri Nəbi Arıq tədbirdə giriş nitqi ilə çıxış edib. Sonra TADEF-in sədri vəzifəsini icra edən Pərviz Məmmədzadə, DİDK sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars bələdiyyəsi başçısı professor Ötiken Senger çıxışlarında forumun əhəmiyyətindən danışıblar. Çıxışçılar bu toplantıların Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması və onların vətənlərinə dönmələri prosesinin gündəmdə saxlanılmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər.

Forumun TADEF sədrinin müavini Səttar Kayanın moderatorluğu ilə keçirilən ikinci hissəsində Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Hikmət Babaoğlu, Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlu, QAİ İH-nin üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı dosent Nazim Mustafa və Qafqaz Universitetinin professoru Mustafa Kop çıxış edərək Qərbi Azərbaycan anlayışı və həqiqətləri, eləcə də Azərbaycanın haqlı tələbləri barədə məlumat veriblər.

Qars səfəri çərçivəsində Valeh Hacıyev şəhər valisi Ziya Polat və bələdiyyə sədri Ötügen Senger ilə görüşüb, onlara forum barədə məlumat verib. Eyni zamanda, onlara xatirə hədiyyələri təqdim olunub.

Görüşdə TADEF-in nümayəndələri də iştirak ediblər.