23 il əvvəl girov götürülən şəhidin qalıqları Ağdamda torpağa tapşırıldı - FOTO
I Qarabağ savaşında girov götürülmüş Səfərov Cahangir Səfralı oğlu Ağdamda dəfn olunub.
TNS-in yerli müxbiri xəbər verir ki, Ağdam rayonun Quzanlı qəsəbəsində şəhidlə vida mərasimi keçirilib.
Mərasimdən sonra o, qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin tabutuna sərilmiş Azərbaycan bayrağı onun övladına verilib.
Qeyd edək ki, Səfərov Cahangir Səfralı oğlu 1942 - ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. Yusifcanlı kəndinin 1993-cü il iyunun 12-də birinci dəfə işğalı zamanı kənddə 4 nəfər kənd sakini girov düşüb. Onlardan biri də Cahangir Səfərov olub. O vaxtdan C. Səfərovdan heç bir xəbər almaq mümkün olmayıb.
Onun nəşinin qalıqları Xankəndi şəhərində aşkarlanıb. Qalıqlar məhkəmə - tibbi kriminalistik və məhkəmə - genetik ekspertizaları təyin edilməklə şəxsiyyəti dəqiqləşdrildikdən sonra ailəsinə təhvil verilib.
Ziya Əmirxanlı