Close

Xarabalıqdan cənnətə - Erməni vandallığının izləri silinir… - VİDEO

44 günlük Vətən Müharibəsindən qısa müddət sonra işğaldan azad edilmiş bütün ərazilərdə yalnız bir mənzərə ilə qarşılaşmaq mümkün idi: hər tərəf xarabalıq, viranə qalmş yollar, evlər, kəndlər, qəsəbələr, şəhərlər, heç bir həyat izi olmayan dağılmış yurdlar. Bir sözlə, erməni vandallığının, barbarlığının izləri…

Elə ki həmin bölgələrdə quruculuq-bərpa işlərinə başlanıldı, mənzərə bir az dəyişdi. Azad olunmuş ərazilər xarabalıqla yanaşı, tikinti meydançasına döndü. Xarabalıqların arasında qazıntılar aparılır, su-kanalizasiya xətləri çəkilir, yaşayış binaları, müxtəlif obyektlər ucalırdı. Ora-bura şütüyən iri, ağırtonajlı yük maşınlarını, hər tərəfdə öz işi ilə məşğul olan fəhlələri, briqadaları, yüksək vəzifəli şəxsləri görəndə nə zamansa buraların abad olacağı ümidi yaranırdı.

f7

Qısa müddət sonra Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, xarabalıqlar yavaş-yavaş yurd olmağa başladı. Viranə qalmış ərazilərə həyat qayıtdı. İndi bu bölgələrin portretini çəksək, erməni vandallığını, tikinti meydançasını, abad yurd yerlərini bir çərçivəyə sığdırmalıyıq.

f8

Bir neçə gün əvvəl səfər etdiyimiz Füzuli rayonunda da mənzərə eynidir.

Dövlət Su Ehtiyatları Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində Köndələnçay su anbarları kompleksi ilə tanış olduq.

Azərbaycan Prezidenti İlham Əliyevin təmir-bərpadan sonra açılışını etdiyi kompleks Füzuli rayonu ərazisində, Köndələnçayın məcrasında tikilib. Kompleksdə 3 su anbarı var.

Ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib.

1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metrdir.

Ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib.

Hər üç anbarda işğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində müvafiq təmir-bərpa işləri həyata keçirilib.

f9

Jurnalistlər daha sonra Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi çərçivəsində görülən işlərlə tanış oldular.

Məlumat üçün bildirək ki, layihənin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 5 may 2023-cü il tarixində qoyulub.

Layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian quyuları seçilib. Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verib. Bunu nəzərə alaraq, rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun qazılması nəzərdə tutulub, artıq 3 quyunun qazılması başa çatdırılıb. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə rayonun Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan 4 mərkəzi su anbarının inşası başa çatıb.

Şəhərdə yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək.

Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə tədbirlər görülüb. 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb.

f6

Beləcə, azad olunmuş bütün torpaqlarımızda olduğu kimi, Füzulidə də sürətli şəkildə quruculuq-abadlıq işləri həyata keçirilir.

Dövlətimiz 30 ildən çoxdur, ev-eşiklərindən didərgin düşmüş insanların ən qısa müddətdə doğma torpaqlarına qayıtması, həmin ərazilərdə məskunlaşmanın təmin olunması, dolayısı ilə ermənilərin insanlarla bərabər təbiətə qarşı törətdiyi ən ağır cinayətlərin izlərinin silinməsi üçün böyük layihələr həyata keçirir, xarabalıqları yurda çevirir.

f5

Görülən işlər onu deməyə əsas verir ki, yaxın bir neçə ildə işğaldan azad edilmiş bütün ərazilər cənnətə dönəcək. Xarabalıqlardan əsər qalmayacaq, bölgənin mənzərəsi tam dəyişəcək. İstər daimi yaşayanların, istərsə də qonaqların, turistlərin gördüyü tək mənzərə CƏNNƏT olacaq.

Gülşən Hacıyeva