Close

19:45
03 Noyabr 2024
19:30
03 Noyabr 2024

Dövlət laboratoriyasını ləğv edib özəl müəssisə yaratdılar – Naxçıvan səhiyyəsi “hərraca” çıxarılıb

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin binasında xarici şirkətin təsis etdiyi laboratoriya fəaliyyətə başlayıb.

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi və EXON Biomedikal Sağlıq Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti arasında bağlanan müqaviləyə görə, şirkət tərəfindən tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərən beynəlxalq akkreditasiyalı laboratoriya qurulub. Laboratoriyanın test qruplarına biokimya, immunologiya, genetik, hematologiya, mikrobiologiya, patositologiya, molekulyar, seroloji, vitaminlər və dərman səviyyələri yoxlamaları, həmçinin digər testlər daxildir.

460978268_918794673606856_2788063325590213218_n

TNS xəbər verir ki, laboratoriya uzun müddət lisenziyasız fəaliyyət göstərib. Son vaxtlar muxtar respublikanın İqtisadiyyat Nazirliyi laboratoriyanın fəaliyyəti üçün lazım olan lisenziyanı verib.

Həmin laboratoriyanın yaradılması məqsədilə səhiyyə ocağının bir hissəsi icarəyə verilib. Deməli, dövlətin xəstəxanasında artıq laborator analizlər özəl müəssisədə aparılır.

460851973_918794736940183_7094705028005254601_n

Xəstəxananın laboratoriyası ləğv edildiyindən orada çalışan tibb işçiləri çətin vəziyyətə düşüb. Onlar ya işsiz qalmalı, ya da xarici iş adamının yaratdığı laboratoriyada onun diqtə etdiyi şərtlərlə çalışmalıdırlar. Sual olunur. Naxçıvanın ən böyük xəstəxanasının laboratoriyası niyə ləğv edilib? Dövlət xəstəxanasının daxilində özəl laboratoriyanın fəaliyyətə başlaması hansı zərurətdən doğub? Niyə muxtar respublika sakinləri dövlət xəstəxanasında özəl xidmət almalıdırlar? Bu laboratoriyanın yaradılması üçün Naxçıvanda başqa binadan istifadə etmək olmazdımı?

Əlbəttə ki, bu suallara cavab verən olmayacaq. Çünki Naxçıvanın səhiyyə sistemində biabırçı vəziyyət hökm sürür, muxtar respublika əhalisinin sağlamlığı barədə düşünən yoxdur.

Üstəlik, dövlət xəstəxanasında özəl laboratoriyanın fəaliyyət göstərməsində kimlərsə maraqlıdır. Əks təqdirdə, Naxçıvanın digər xəstəxanalarındakı laboratoriyaların fəaliyyətinə süni əngəllər yaradılmaz, insanlar kütləvi şəkildə bu özəl müəssisəyə yönləndirilməzdi. Bu laboratoriya işləsin, qazansın deyə digər laboratoriyalara reaktivlər verilmir.

Bu laboratoriya türkiyəli iş adamı tərəfindən yaradılıb.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bu günlərdə həmin laboratoriyanın fəaliyyəti ilə tanış olub.

461283325_918794633606860_2326344082620873629_n

Baş Konsulluğun rəsmi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib: “Baş konsul Asip Kaya türk iş adamı Reşat Oymak tərəfindən Naxçıvan Mərkəzi Xəstəxanasının tərkibində yaradılan və ötən iyun ayında fəaliyyətə başlayan EXON Biokimya laboratoriyası ilə tanış olub”.

Göründüyü kimi, dövlət xəstəxanasında qurulan laboratoriyanın sahibi xarici iş adamıdır.

Bəs dövlət tibb müəssisələri icarəyə verilə bilərmi? Qanun bu barədə nə deyir?

“Azərbaycan Respublikasında icarəsinə yol verilməyən müəssisələr haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına görə mənsubiyyətindən asılı olmayaraq, bütün dövlət tibb müəssisələrinin icarəyə verilməsi qadağandır.

İndi deyə bilərlər ki, qərar tibb müəssisələrinin icarəyə verilməsini qadağan edib. Tibb müəssisəsinin binasında bir hissənin icarəyə verilməsi qadağan olunmayıb. Amma qərarda bunun mümkünlüyü barədə də heç bir maddə yoxdur. Həmin qərarda göstərilir ki, tibb müəssisələrinin icarəsinə yol verilmir.

Növbəti sual ortaya çıxır. Naxçıvanın Səhiyyə Nazirliyi bu nüansı araşdırmaq və razılıq almaq üçün Nazirlər Kabinetinə müraciət edib?

Ölkə rəhbərinin bir sıra fərman və sərəncamları da bu məsələyə qismən aydınlıq gətirir.

 “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 5.4-cü bəndində göstərilir: “Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir”.

Proqramın 6.8-ci bəndi isə belədir: “Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Dövlət Xidmətinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir”.

Deməli, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin binası, yaxud bir hissəsi özəl müəssisəyə nə icarəyə, nə də istifadəyə verilə bilər. Hazırda qüvvədə olan qərar, fərman və sərəncamlardan belə anlaşılır.

Bizim bilmədiyimiz nüanslar varsa, yaxud biz yanlış anlamışıqsa, buyursun, Naxçıvanın Səhiyyə Nazirliyi doğru olanları əhaliyə izah etsin. Bu zaman mütləq dövlət xəstəxanasının laboratoriyasının niyə ləğv edildiyini, dövlət tibb müəssisəsində özəl laboratoriya yaradılması zərurətini də əhaliyə izah etməlidirlər.

Buradan belə nəticə çıxır ki, deməli, Naxçıvanın Səhiyyə Nazirliyi, Tibb Müəssisələrinin İdarəetmə Birliyi öz işinin öhdəsindən gələ bilmir, əhaliyə nümunəvi səhiyyə xidməti göstərilmədiyindən çarəni özəl laboratoriyanın yaradılmasında görüblər. O zaman növbəti sual. Öz işinin öhdəsindən gələ bilməyən Naxçıvanın səhiyyə naziri, TMİB rəhbərliyi niyə vəzifələrindən azad edilmir, yaxud onlar niyə istefa vermirlər?

Bu sualların cavabını gözləyirik.

Növbəti yazıda laboratoriyanın necə maliyyələşdirildiyi, icbari tibbi sığortanın oraya necə yönləndirildiyi barədə məlumatları açıqlayacağıq.