Naxçıvan Təhsil Nazirliyinin korrupsiya əməli ifşa edildi - FOTOFAKT
“Vasif Talıbovun zamanında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ən geniş yayılmış korrupsiya faktlarından biri müəllimlərə xəyali dərslər yazılması idi. Müəllimlər xəyali dərslər üçün aldıqları məvacibləri direktorlara, direktorlar isə nazirə ötürürdülər. Beləcə, ötür-ötür yoluyla direktorlar və nazirlik yetkililəri qaz vurub qazan doldururdular”.
TNS xəbər verir ki, bunu tanınmış jurnalist Heydər Oğuz sosial şəbəkə hesabında yazıb.
Heydər Oğuz bildirib ki, “xan” həzrətləri getdi, “canişin” əfəndi gəldi. Və muxtar respublikanın bütün dövlət strukturlarında audit yoxlamaları başladı. Yoxlamalar nəticəsində “xan” həzrətlərinin xeyir-duası ilə yüzmilyonlarla dövlət vəsaitinin mənimsənildiyi ortaya çıxdı.
“Gözləmək olardı ki, yeni dövrdə “canişin” əfəndi “gözüçıxmış xan” qardaşının taleyindən ibrət dərsi alacaq və ötür-ötür korrupsiyasının qarşısı alınacaq. Təəssüf ki, əldə etdiyim məlumatlar “canişin” rejiminin də “xan” rejimindən fərqlənmədiyini göstərir”, - Heydər Oğuz yazıb.
Juranalist Naxçıvan şəhər 1 nömrəli orta məktəbin fiziki tərbiyyə müəllimi Səriyyə Qəmbərovaya aid bank köçürmələrinin fotolarını paylaşıb. Müəllimənin dediyinə görə, ona hər ay 90 manat əlavə pul yazılır, o da bu pulu bank köçürməsi yoluyla məktəb direktoruna göndərirmiş.