Naxçıvanda bu vəzifəli şəxsin işdən çıxarılmasının ŞOK SƏBƏBLƏRİ – Xidmət rəisi nəyə etiraz etmişdi?

Bu günlərdə Naxçıvanda daha bir peşəkar, öz işini layiqincə yerinə yetirməyi bacaran yüksək vəzifəli şəxs işdən çıxarıldı. Beləliklə, Naxçıvanda daha bir sahə bərbad vəziyyətə salınacaq. Ona görə bu qənaətə gəlirik ki, indiyədək vəzifəsindən azad edilən kadrların çoxunun yerinə təyin olunanlar etimadı doğrultmayıblar, rəhbərlik etdikləri sahələri daha bərbad vəziyyətə salıblar. Bu da faktdır ki, rəhbər vəzifəyə təyin olunanların əksəriyyəti həmin sahələrin mütəxəssisləri deyil.
TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, son bir ildə Naxçıvanda vəzifəsindən azad edilən məmurların bir çoxu qanunsuzluqlara, tender “oyunlarına”, Vasif Talıbov dövrdündəki “qaydalar”dan daha betər şərtlər altında işləməyə etiraz etdikləri üçün işdən çıxarılıblar.
Bu günlərdə vəzifəsindən azad edilən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev kimi.
Namiq Paşayev Naxçıvan əhalisi, mütəxəssislər, Dövlət Xidmətində çalışanlar, məmurlar arasında son dərəcə peşəkar, işini bilən, hazırlıqlı və ən əsası vicdanlı məmur kimi tanınır. Son 20 ildə Naxçıvanda energetika sahəsində aparılan islahatlarda - əsas fondların yenilənməsində, bu sahənin idarəolunmasının təkmilləşdirilməsində Namiq Paşayevin mühüm xidmətləri olub. Sabiq xidmət rəisinin son dərəcə təvazökar olmasının, reklamçılıqlan uzaq durmasının nəticəsidir ki, onun rəhbərliyi ilə görülən işlər barədə ictimaiyyətdə kifayət qədər məlumat yoxdur.
Onun təklifləri ilə Naxçıvan Muxtar Respublikasında “yaşıl enerjiyə” keçid, yəni alternativ və bərpa olunan enerjinin həcminin artırılması istiqamətində əhəmiyyətli işlər həyata keçirilib. O, özünəməxsus “idarərtmə anlayışı” olan Naxçıvanın sabiq rəhbəri Vasif Talıbov kimi adama bu sahənin perspektivli olduğunu izah edə bilmiş, onun yenilənəbilən energetika sahəsinə sərmayə ayırmasına nail olmuşdu. Namiq Paşayev Naxçıvanda günəş, su elektrik stansiyalarının layihələndirilməsi prosesinə rəhbərlik edib, onun təşəbbüsü ilə kiçik su elektrik stansiyaları inşa olunub.
Bir sözlə, Namiq Paşayev texnokrat bir məmur, savadlı energetik kimi özünü sübut edə bilib. Hazırda muxtar respublika enerji istehsalında alternativ və bərpa olunan enerjinin ümumi payına görə Azərbaycanın lider bölgəsi sayılır.
Son zamanlar Naxçıvanda energetika sektoru ilə təmasda olan adamlar bildirir ki, muxtar respublikanın yeni rəhbərliyinin təşəbbüs etdiyi bəzi qaranlıq tenderlərin, digər satınalmalara dair planların həyata keçirilməsinə imkan verməməyi, qanunsuz tapşıqrıqları icra etməməyi Namiq Paşayevin peşəkar karyerasına son qoyulmasına səbəb olub.
Beləliklə, Naxçıvan peşəkar və işini bilən, ən əsası isə azsaylı vicdanlı məmurlardan birini itirib. İtirən Naxçıvandır, qazanan isə…
TNS Namiq Paşayevin vəzifəsindən azad edilməsinin səbəbləri ilə bağlı mühüm sənədlər və faktlar əldə edib. Bu barədə növbəti yazıda.