Close

23:10
07 Noyabr 2024

Naxçıvanda səhiyyə işçiləri də etiraz edir – Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər

Duzdağ Fizioterapiya Mərkəzinin işçiləri əməkhaqqı ala bilmədiklərinə görə, etiraz edirlər.

TNS xəbər verir ki, bu gün mərkəzin 40-dan çox əməkdaşı Naxçıvan Ali Məclisi binasının önünə toplaşıb.

Onlar bildirib ki, sonuncu dəfə dekabrın 15-də əməkhaqqı alıblar.

İşçilərin dediyinə görə, onları Naxçıvan şəhərindən Duzdağa aparan servis avtomobili ödənişlidir. Bu gün pul tapa bilməyiblər, ona görə də heç kim işə çıxmayıb.

İşçilər indiyədək dəfələrlə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Mərkəzin əməkdaşları Yeni ili, Novruz və Ramazan bayramlarını pulsuz keçirdiklərini deyiblər: “Belə vicdansızlıq olar? Biz 3 bayramı pulsuz keçirmişik. Nə dərdimizi dinləyən var, nə də şikayətimizə baxan. 4 aydır, əməkhaqqı ala bilmirik”.

Məlumata görə, Naxçıvan Ali Məclisinin yüksək vəzifəli şəxsi şikayətçiləri qəbul edib. Onlara problemin tezliklə həll olunacağı bildirilib.

Qeyd edək ki, son vaxtlar Naxçıvanda belə hadisələr tez-tez baş verir. Bir müddət əvvəl Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin bir qrup əməkdaşı iş şəraitinə etiraz olaraq işə çıxmaqdan imtina etmişdi. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına gələrək çalışdıqları yerdə təhqir olunduqlarını, işləmək üçün heç bir şəraitin yaradılmadığını, əməkhaqlarının azaldıldığını bildirmişdi.

419c9534-8828-4cf4-b68e-7b12bbe7f93e

b5ff8a49-d7d8-4ff5-8fe1-3aafd2de544b

f40d2267-07c1-4b18-b7a5-9b48a8b5fabe