Close

Naxçıvanın bu nazirləri vəzifəsindən azad edilir – Bakıdan göndəriləcək kadrlar da artıq müəyyənləşdirilib

Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra muxtar respublika kadr islahatları aparılır. Naxçıvanın daxili işlər naziri Rəşad İsmayılov və fövqəladə hallar naziri Şamı Abdullayev vəzifələtindən azad edildi. Onların yerinə kadrlar Bakıdan göndərildi. Süleyman Nemətov daxili işlər naziri, Şahin Mirzəyev isə fövqəladə hallar naziri təyin edildi.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, yaxın günlərdə Naxçıvanın daha bir neçə nazirinin vəzifəsindən azad ediləcəyi gözlənilir.

Mənbəmizin məlumatına görə, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev yaxın günlərdə vəzifəsindən azad ediləcək. Muxtar respublikaya göndəriləcək kadr artıq müəyyənləşdirilib. İddia olunur ki, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Ceyhun Cəlilov muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunacaq.

Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

2009-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.

2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Mənbəmizin məlumatına görə, yaxın günlərdə muxtar respublikanın iqtisadiyyat, təhsil, mədəniyyət nazirləriin də vəzifəsindən azad ediləcəyi gözlənilir.