“Pasiyentin mədəkiçiltmə əməliyyatından sonra kökəlməsi mümkündür” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov TNS-in mədəkiçiltmə əməliyyatı ilə bağlı suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Emin həkim, mədəkiçiltmə (bariatrik cərrahiyyə) əməliyyatı nədir?
- Mədəkiçiltmə əməliyyatı piylənmə müalicəsində tətbiq edilən cərrahi müdaxilələrdən biridir. Ən çox yayılan növü "sleeve qastrektomiya"dır. Bu prosedur zamanı mədənin böyük bir hissəsi çıxarılır və qalan hissəsi boru formasına salınır. Əməliyyat mədənin həcmini azaldır, qida qəbulu məhdudlaşır və aclıq hormonu (grelin) ifrazı azalır, nəticədə çəki itkisi sürətlənir.
- Piylənmədən əziyyət çəkən insanların bu problemdən xilası üçün daha çox hansı əməliyyatlardan istifadə olunur?
- Ən sadə, cərrahiyyəsiz metod mədə balondur. Belə ki, mədəyə havalı və ya mayeli yarım litr həcmində balon taxılır və altı ay mədədə saxlanılır buda öz növbəsində toxluq və az yeməyə səbəb olur. “Sleeve qastrektomiya” (mədə kiçiltmə əməliyyatı) sadə və effektiv olması səbəbindən ən çox istifadə olunan bariatrik əməliyyatdır. “Gastrik bypass” mədənin və nazik bağırsaqların bir hissəsi bağlanaraq, qidanın həzm yolu qısaldılır. Daha mürəkkəb, amma effektiv prosedurdur. “Gastrik bandlama” tənzimlənə bilən silikon bantın mədəyə yerləşdirilməsi ilə qida qəbulu məhdudlaşdırılır, daha az istifadə olunur və.s. Daha az istifadə olunan digər metodlar da mövcuddur.
- Mədəkiçiltmə əməliyyatından sonra bir sıra fəsadlar ortaya çıxa bilir. Bu fəsadların ortaya çıxmasında hansı amillər rol oynayır?
- Xəstənin ümumi sağlamlıq vəziyyəti xüsusilə şəkərli diabet, hipertoniya, ürək və ağciyər problemləri fəsad riskini artır. Cərrahın təcrübəsi çox ciddi amildir, təcrübəsiz həkimlər tərəfindən aparılan əməliyyatlar texniki səhvlərə səbəb ola, ağırlaşmalar əmələ gələ bilər. Əməliyyatdan sonra tövsiyələrə əməl edilməməsi, qidalanma planına riayət olunmaması, yara infeksiyası tromb və ya həzm problemləri yaradır. Psixoloji faktorlar -xəstənin emosional vəziyyəti və motivasiya səviyyəsi də reabilitasiyaya təsir göstərir.
- Adı keçən əməliyyatdan sonra mədənin yenidən böyüməsi, yaxud yenidən çəkinin artması problemi yarana bilirmi?
- Əgər əməliyyatdan sonra xəstə həkim tövsiyələrinə, xüsusilə qidalanma və fiziki aktivlik qaydalarına əməl etməzsə, mədənin həcmi zamanla yenidən genişlənə bilər. Bu, yenidən kilo almağa səbəb ola bilər. Problemin qarşısını üçün müntəzəm dietoloq nəzarəti vacibdir.
- Uşaqlarda mədəkiçiltmə əməliyyatının icrası nə qədər doğrudur?
- Bu əməliyyat, adətən, yalnız ağır piylənmə və həyat üçün təhlükə yaradan vəziyyətlərdə uşaq və yeniyetmələr üçün nəzərdən keçirilə bilər. Mütləq olaraq, multidissiplinar bir komanda (pediatr, dietoloq, psixoloq və cərrah) tərəfindən qiymətləndirmə aparılmalıdır.
- Bu əməliyyatı etdirmək istəyən insanlar qərarı verməzdən əvvəl hansı məsələləri araşdırmalı, nələri bilməlidirlər?
- Cərrahın təcrübəsi çox vacibdir, mütləq sertifikatlı və təcrübəli bir bariatrik cərrah seçilməlidir. Əməliyyatın mümkün ağırlaşmaları və gözlənilən nəticələri barədə ətraflı məlumat əldə edilməlidir.
Xəstə əməliyyatdan sonra qidalanma və həyat tərzində ciddi dəyişikliklərə hazır olmalıdır. Çünki proses sadəcə əməliyyatla bitmir. Pasient yeni həyat tərzinə hazır olmalıdır, əməliyyatdan əvvəl və sonra psixoloji dəstək almaq müsbət nəticələr əldə etmək üçün mühümdür.
- Hansı amillər əməliyyatı edəcək olan həkimə güvənməməyə əsas verə bilər?
- Lisenziyanın olmaması, belə ki, həkimin müvafiq təhsili və sertifikasiyası və barriatrik əməliyyat təcrübəsinin azlığına ciddi yanaşılmalıdır. Xəstə tərəfindən soruşulmalı və diqqətə alınamlıdır. Əvvəlki xəstələr tərəfindən həkim haqqında mənfi rəylərin olması həkimə inamı azalda bilər. Cərrahın əməliyyatın risklərini tam dolğun izah etməməsi, əməliyyatınn ağırlaşmaları barədə məlumat verməməsi xəstənin tam informasiya almamasıdır və həkimə güvənsizlik yaradır. Bu əməliyyata qərar vermək ciddi tibbi qiymətləndirmə və psixoloji hazırlıq tələb edir. Peşəkar bir komandadan dəstək almaq vacibdir.
Aygün İbrahimli