Close

“Nənəmin həmin radioqəbuledicisini hələ də saxlayıram” - MÜSAHİBƏ

Qərbi Azərbaycan deyiləndə gözləri yol çəkən, acılı-şirinli xatirələri yada salanlar arasında ölkəmizdən kənarda yaşayanlar da az deyil.

İğdırda anadan olan sosioloq-alim, Türkiyənin tanınmış yazıçısı Mətin Yıldırım da onlardan biridir. Onu Qərbi Azərbaycana, İrəvana bağlayan hansı tellərdir?

Metin bəy TNS-ə müsahibəsində bu barədə danışıb...

- Mətin bəy, sizi bir az yaxından tanıyaq...

-1957-ci ildə İğdırda doğulmuşam. Ailədə 10 uşaq olmuşuq - 3 qardaş, 7 bacı. İndi iki bacım İğdırda yaşayır. Əksəriyyətimiz İstanbulda yaşasa da, İsveçrə və Almaniyaya köçənlərimiz də oldu. Mən İstanbulda yaşayıram.

- Ailə böyüklərinizin İrəvanla bağlılığı hansı formadadır? Onları Azərbaycanla bağlayan nələridir?

- Anamın babası Rüstəm bəy irəvanlıdır. Orada Göy Məscid yaxınlığında yaşayıb. Mən Rüstəm bəyin 1895-ci il təvəllüdlü qızı Səkinə xanımın nəvəsiyəm. Rüstəm bəy vaxtilə İrəvanda ermənilərin çoxalması, onların zorakılığı nəticəsində İğdıra köçmək məcburiyyətində qalıb. Bu köç təxminən 1900-cü illərdə olub. Əhali ilə bağlı qeydiyyat məlumatlarımız İrəvanda qaldığı üçün məlumatlar dəqiq olmaya bilər.

- Bir az həmin dövrdə cərayan edən hadisələr haqqında danışardınız. O zaman çox insan köç edib?

- Ruslar tərəfindən ermənilər, xüsusilə İrəvana yerləşdirildikdən sonra oradakı türklərə qarşı müxtəlif zorakılıqlar etməyə başlayıblar. Bunları bizə nənəmiz danışıb. Köç dediyim kimi, təxminən 1900-cü illərdə olub, o zaman nənəm 5-6 yaşlarında imiş. Nənəm İrəvanda yaşadıqları evi xatırlayırdı. Həmin illərdə İrəvanın müxtəlif bölgələrindən çox sayda insan İğdır və ətrafına köç edib.

Bizim İğdırda kəndimizin adı Yaycıdır. Kəndimizdə hələ də yaşayan seyidlərin hamısı müxtəlif tarixlərdə İrəvandan köçmək məcburiyyətində qalanlardır.

- İrəvandan köç edənlər Türkiyədə əsasən harada yerləşiblər?

- İrəvandan köçənlər daha çox İğdır və ətrafındakı kəndlərə yerləşiblər. O zaman harasa getmək üçün vasitələr çox az oluduğundan imkanı olanlar Amasiya kimi şəhərlərə də köçüblər.

- Türkiyə də Vətən hesab olunur, amma hər insan doğulduğu torpaq üçün darıxır. Nənəniz bu həsrəti necə yaşayırdı?

- Türkiyə dünyada yaşayan bütün türklərin Ana vətənidir. Amma insan üçün doğulduğu torpaqlar əzizdir, onun həsrətini çəkir. Biz İrəvanın mədəniyyət və yaşayış tərzi haqqında nənəmdən çox eşidərdik.

Nənəm həmişə günortdan sonra İrəvan radiosundan yayımlanan yarım saatlıq Azərbaycan türk musiqisini dinləyirdi. Xüsusilə, muğam dinləyəndə həmişə ağlayırdı. Nənəmin dinlədiyi həmin radionu hələ də saxlayıram...

y2

Dediyim kimi, biz İrəvanı nənəmdən öyrənirdik. Xüsusilə, Göy Məscid və ətrafını görməyi çox istəyirəm. Oradakı evimizin hansı olduğunu bilmirəm. Allahdan istəyim odur ki, ölməzdən əvvəl oraları görə bilim. 

Nənəm elə hey Göy Məscidin yanındakı evləri və küçədə oynadıqları oyunlardan danışardı. Deyərdi ki, İrəvanda ermənilər çoxaldıqca atam bizə küçəyə çıxmamağı tövsiyə edirdi.

- Ailəniz Azərbaycan adətlərini qoruyub saxlayıbmı?

- Novruz bayramı, vəfat edənlər üçün “qara bayram”, cümə axşamları kimi adətlərimiz hələ də qalır.

- Qurulan ailələrdə adətlərdən dolayı hansısa bir anlaşılmazlıqlar olmur?

- İğdır bölgəsində Azərbaycan mədəniyyəti yaşadılır. Buna görə də qurulan ailələrdə hər hansı bir problem olmur.

- Mətin bəy, necə oldu ki, yazar oldunuz. Bunda ailə böyüklərinizin yaşadığı hadisələrin təsiri varmı?

- İğdırda, Azərbaycanın böyük bir hissəsində erməni zülmü var. Demək olar ki, hər evdən ən az bir insan qətlə yetiriblər. Mənim ailəmdən də çox sayda insanı öldürüblər. İğdırın Yaycı kəndində 15 insanı bir dama yığaraq, diri-diri yandırıblar. Sonradan mən bu acı hadisələri roman şəklində yazdım. Kitablarda baş verən hadisələrin çoxu real olaylardır və süjeti mənə aiddir. Adlardan isə sadəcə öz qohumum olmayanların adlarını dəyişdirdim. Əsərlərimin hamısı o bölgədəki erməni vəhşiliyindən, zülmündən bəhs edir.

- Azərbaycan türkcəsini gözəl bilirsiniz, tərcümələr edirsiniz. Necə oldu ki, dilimizi bu cür səlis şəkildə öyrəndiniz?

- Ana dilim Azərbaycan türkcəsidir. Eyni zamanda, rəhmətlik Turan Yazgan müəllimin bölməsində, Türk cümhuriyyətləri sosial-iqtisadi struktur və əmək problemləri kafedrasında magistratura pilləsini bitirmişəm. Türk cümhuriyyətləri üzrə mütəxəssisəm. Dissertasiyamın mövzusu “Azərbaycanın təhsil sistemi”dir. Ona görə də Azərbaycan türkcəsini yaxşı bilirəm. Eyni zamanda, Azərbaycan türkcəsində yazılmış 13 əsəri Anadolu türkcəsinə çevirmişəm.

Öz əsərlərimi Anadolu türkçəsi ilə yazmışam.

- Qarabağın, digər torpaqlarımızın işğaldan azad olunması Türkiyədə yaşayan soydaşlarımıza hansı hissləri yaşatdı?

- Torpaqlarımızın azad olunması üçün aparılan 44 günlük Vətən müharibəsi müddətində gecələr yata bilmirdik. Gəncəyə atılan raketlərə görə hamı ağladı, Azərbaycan bayrağını Şuşada gördüyümüz zaman qürurdan sinəmiz qabardı. O gözəl duyguları bizə yaşadan ordumuza - Azərbaycan Ordusuna minnətdarıq. Azərbaycanın bayrağı, ordusu, toprağı bizimdir, bura da bütün tüklərindir.

- Bu gün Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlə keçirilir. Türkiyədəki soydaşlarımız bu dönüşün yaxın zamanda rellaşacağına inanırmı?

- Qərbi Azərbaycana qayıtmağı hamı səbirsizliklə gözləyir. Burada çoxlu dostumuz var, xüsusilə 1988-ci ildə evlərini tərk edənlər oralara dönmək istəyir. Təhlükəsizlik məsələsi həll olunarsa, hamısı geri dönəcək.

Biz babamızın yaşadığı yeri - evi təxminən bilirik. Əlimizdə bir əmlak qeydiyyatı yoxdur.

Amma mən ora gedib, bir skamyanın üzərində oturub Göy Məscidi izləmək, ətrafındakı küçələri gəzmək istərəm. Çünki nənəm də bunu çox istəyirdi.

- Mətin bəy, bu gün qloballaşma prosesi dünya xalqlarının fərqli rənglərini yavaş-yavaş yox edir. Bu gün Türkiyədə yaşayan Azərbaycan əsilli türklərin öz keçmişlərini unutması, adətlərini yaddan çıxarması problemləri varmı?

- Dünya sürətlə dəyişir. Mədəniyyətlərin bir-birindən təsirlənməsi normaldır. Önəmli olan təməl mədəniyyətin unudulmamasıdır. Bizim mədəniyyətimiz, digər mədəniyyətlərdən təsirləndiyi kimi, digərləri də bizim mədəniyyətdən təsirlənir. Bu təsir iqtisadi gücümüz əsasında formalaşır. Məncə, Novruz bayramını unutmayan bir xalq, digər mədəniyyətini də unutmaz.

- Türk dünyası yaxınlaşır, Türk Dövlətləri Təşkilatı qurulub. Sizcə, bu istiqamətdə daha hansı addımlar atıla bilər? 

- Türk Dövlətləri Təşkilatının qurulması çox önəmli bir hadisədir. Bu prosesdə aktiv güc Türkiyə və Azərbaycandır. Digər Türk cumhuriyyətlərinin də daha aktiv rol oynaması lazımıdır. XXl əsr Türk əsri olacaq.

Aygün İbrahimli