Close

22:02
06 Dekabr 2024

“Sağlam dişlərə sahib olmağın sirri...” - MÜSAHİBƏ

Diş və diş əti xəstəlikləri bütün zamanlarda aktual problemlərdəndir.

Sağlam dişlərə sahib olmaq üçün nələr etmək lazımdır? Stomatoloq Röyal Babayev TNS-ə müsahibəsində bu barədə sualları cavablandırıb.

- Dişlərə qulluğun ilkin mərhələsi hansılardır, sağlam dişlərə malik olmaq üçün nələrə diqqət etmək lazımdır?

- Dişləri hər gün səhər-axşam yeməyindən sonra və yatmazdan əvvəl düzgün təmizləmək lazımdır. Bundan başqa, diş fırçası 3 aydan bir dəyişdirilməlidir. Diş sapı və ağız yaxalayıcısından istifadə edilməlidir. Hər 6 aydan bir dişlərə qulluqla bağlı stomatoloqa müraciət olunmalıdır.

Dişlərin birində olan karies və ya digər xəstəliyin yan dişlərə nüfuz etməsinin qarşısı vaxtında alınmalıdır. Əks halda ağız boşluğunda müxtəlif xəstəliklər yaranacaq.

- Diş əti xəstəlikləri, dişlərin erkən sıradan çıxması azyaşlılar arasında da müşahidə olunur. Bunun səbəbi nədir?

 - Uşaqlarda müşahidə olunan dişlərin erkən sıradan çıxmasının səbəbi müxtəlif ola bilər. Başlıca səbəblərindən biri də şəkərli qidaların qəbuludur. Düzgün olmayan qida rasionu digər orqanlarda olduğu kimi, dişlərdə birbaşa olmasa da dolayı yolla çürüməyə səbəb olur. Ağız boşluğunda əksər bakteriyalar şəkərli qidalarla tez təmasa keçir və onları fermentasiya edərək, süd turşusunu parçalayır, süd turşusu diş minasının səthində  demineralizasiya nöqtələrinin yaramasına səbəb olur. Bu da dişlərdə kariesin və digər xəstəliklərin yaranmasına yol açır.

- Hazırda insanlar daha çox dişlərin sağlamlığına deyil, görünüşünə üstünlük verir. Vinirlərin diş sağlamlığına hansı yan təsirləri var?

- Müasir stomatologiyada dişlərdə estetik və funksionallığı bərpa etmək üçün vinir və zirkon qapaqlardan istifadə olunur. Vinir əsasən, ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanan estetik diş bərpa növüdür. Stomotoloqlar vinirləri yerləşdirmədən öncə dişlərin prosesə hazırlanmasına xüsusi diqqət yetirməlidirlər. Əgər dişlər sağlamdırsa, onlara sağlam şəkildə qulluq daha məqsədə uyğundur. Dişlərin estetik görünüşü və sağlamlığı ağız boşluğunda problem  yaradırsa, bu zaman estetik görünüş vermək üçün dişləri mümkün qədər az zərər vermək və maksimal dərəcədə qorumaqla vinirlərlə əvəz etmək olar. Lamina deyilən vinirlər dişlərin formasında, ölçüsündə, rəngində əhəmiyyətli dəyişikliklər etməyə imkan verir. Qeyd etdiyim prosedurla dişlərə az müdaxilə etməklə, istənilən estetik nəticəni əldə etmək mümkündür.

stomotoloq

- Diş əti xəstəliklərinin əlamətləri hansılardır?

- Diş əti xəstəlikləri dişlərin ətrafındakı periodontal birləşdirici toxumaya və çənə sümüklərinə təsir edə və diş ətini birbaşa zədələyə bilər. Sağlam insanlarda da diş əti xəstəliklərinə tez-tez rast gəlinir. Sözügedən xəstəliklər diş ətinin dərinliklərinə nüfuz edir və çənə sümükləri ilə birləşir. Diş əti xəstəliklərini yaradan başlıca amillərdən biri qida qırıqlarıdır. Ağız gigiyenasına düzgün əməl edilmədikdə qidalara aid artıqlar diş və diş əti üzərində yığılaraq, diş daşı deyilən təbəqələrə çevrilir. Diş daşının əmələ gəldiyi toxumalarda iltihaba və müxtəlif xəstəliklərə səbəb olur. Diş və ətraf toxumaların iltihablaşması nəticəsində periodontit və ya gingivit inkişaf edə bilir.

Diş əti problemləri toxumalardakı xəstəliklərin dərəcəsindən asılı olaraq, müxtəlif kliniki əlamətlərlə təzahür edə bilər. Sözügedən əlamətlər bunlardır: Diş ətində şişkinlik, qızartı, həssaslıq, tez-tez müşahidə olunan qanaxmalar, diş ətinin geri çəkilməsi, isti, soyuq qidalara qarşı həssaslıq, dişlərin boşalması və ya dişlərin itirilməsi, çeynəmə zamanı dişlərdə ağrı, diş gigiyenasına nə qədər riayət olunsa da, getməyən ağız qoxusu, diş ilə diş əti arasına iltihablı mayenin yığılması, dişləmə zamanı alt və üst çənənin tam olaraq üst-üstə düşməməsi, diş protezlərinin tam olaraq oturmaması və s.

Bu hallardan biri müşahidə olunduğu təqdirdə həkimə müraciət edilməsi vacibdir.

Ayşən Azadova