Close

"Arzularımın arasında bircə dəfə korrupsiyada ittiham olunmaq da olub" - MÜSAHİBƏ

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin TNS-ə müsahibəsi.

- Qulu müəllim, apel ayında 55 yaşınız oldu. Necə qarşıladınız yubiley yaşınızı?

- Evdə - ailəmlə birlikdə. Hər zaman olduğu kimi adi, sadə şəkildə.

Mart ayının sonunda “Görsən üşüyürsən...” adlı şeirlər kitabım çıxıb. Ondan da əvvəl Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovanın mənim haqqımda “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab işıq üzü görüb. Şair-publisist Təranə Dəmir isə “Üşüyəndə özünü yandıran şair” adlı kitab buraxıb.

Qələm adamı üçün bunlardan gözəl nə hədiyyə ola bilər?

Yeni kitablarla bağlı fərqli bir tədbir də gündəmdədir, planlar var. Maraqlı bir layihə ilə ortaya çıxmaq istəyirəm. Hələ ki, nə olacağını demirəm.

- Gördüyünüz işlər, yazdıqlarınızla bağlı hesabat xarakterli nəsə olar yəqin...   

- Yox. Mən özüm daxil heç kimə hesabat vermirəm. O sözdən də xoşum gəlmir. Təyin olunmuş ad günlərini də sevmirəm. İnsan ömrü günlərə hesablanmayıb ki...

Harada və neçənci ildə doğulduğumu ikinci dəfə soruşanlara başqa vaxt və yer demişəm. İndi sizə tamam başqa yer deyərəm. Bu, oxucuları çaşdırmasın. Təkrarçılıq o qədər sevmədiyim bir şeydir ki, hətta hər dəfə eyni yerdə və eyni gündə doğulmaq istəmirəm. Edəcəyim hər işin fərqli olmasını istəyirəm.

Rus şairi Sergey Yesenin demiş, lap qurbağa səsi çıxar, amma fərqli, öz səsin olsun. Hamının ad gününə eyni münasibət var.  Bu, gözəldir. Amma mən bunu qəbul edə bilmirəm.

Mənim üçün sənətin iki qolu var: realist və sürrealist sənət. Fotoqrafsan və dünyanın ən gözəl mənzərələrini lentə alırsan. Mən bu adamları sevirəm və alqışlayıram. Bu cür yazıçı və şairlər də var. Amma mən nədənsə lap uşaqlıqdan fotoqrafiyanın yox, rəssamlığın tərəfindəyəm. Qarşımdakını olduğu kimi yox, olmadığı kimi təsvir etməyə çalışıram. Axı, mən güzgü deyiləm. Ədəbiyyatın güzgü olduğunu desələr də, mənim üçün ədəbiyyat hər şeyi olduğu kimi göstərən güzgü deyil. Mənim istədiyim kimi göstərir.

Qəribə görünsə də, bir müqayisəmi deyim. Almaniyada bir eksperiment aparıblar - meşənin girişinə güzgü və kamera qoyublar. Aslan gəlib meşədə başqa bir aslan görür və vurub güzgünü dağıdır. Ona elə gəlir ki, kimsə onun meydanına girir. İnsansa aynaya baxanda görmək istədiyini görür. 70 yaşında kişi baxanda özünü cavan və saçı qapqara, şux biri kimi görür, yəni özünü görə bilmir. Güzgüyə baxan aslan məhz özünü gördü. Biz də o cür görsək, güzgünü dağıdarıq.

Mənim üçün ədəbiyyat həyatın olduğu kimi inkası və güzgüsü deyil. Nəsə başqa bir şeydir. Nə olsa, fərqli omasını istəmişəm.

Bir dəfə soruşdular ki, işlədiyiniz yerlərdə (bu yerlərin arasında AzTV də var) heç pul almısınız? Fikirləşdim ki, bəlkə də alardım, amma heç mənə təklif edən olmayıb ki...

Hətta arzularımın arasında bircə dəfə korrupsiyada ittiham olunmaq da olub. Yəni, həyatıma rəng qatmış olardı.

Növbənin çoxluğundan dünyanın üzündən öpmək arzum da, tüpürmək istəyim də baş tutmayıb. Dünya adamı bunların hər ikisini bacarandır. Məndə heç biri alınmayıb.

- Belə yaşamaq çətin deyil ki?

- Hamı olmaq, tək və fərqli olmaqdan daha çətindir.

- Doğum gününüzlə bağlı cavabdan sonra soruşacaqdım, araya başqa mövzu girdi. Heçmi umub-küsdükləriniz olmur?

- Mənim üçün neçə adamın təbrik etməyi, neçəsinin məni oxumağı heç vaxt vacib olmayıb. Kimin etdiyi önəmli olub.

Hər şeydən qıtlıq çəksəm də, sevgidən heç vaxt qıtlıq çəkməmişəm.

Əlbəttə ki, xoş sözlər eşitmək yaxşıdır.

Anam yaşasın deyə, işğalın uzanmağını istəmişəm 

- Şairin yurd-yuvası işğal olunanda, taleyinə didərginlik, yurd həsrəti çəkmək yazılanda o, daha həssas, sözə qarşı diqqətli olur və bu ağrını, acını uğurla poetikləşdirə bilir. Haqqınızda yazılan bir yazıda idi bu fikir...

- İnsan öz taleyini seçmir ki... Yatsam, yuxuma girməzdi ki, bizim kənd, rayon işğal olunar, talan edilə bilər. Mən bu günə qədər hələ Qarabağa gedə bilməmişəm. İlk video mənə göndəriləndə dedim ki, bura bizim yer deyil. Mənim nəzərimdə orada - evimizdə qardaşımın mənə Bakıdan alıb göndərdiyi Azərbaycan Sovet Ensiklopediyası arxa otaqda olmalı idi. Yasəmən budağı şüşəbəndin gözünə girməliydi. Döşəmənin arasında gizlətdiyim qəpiklər yerində durmalı idi. Anamın bacım üçün aldığı cehizlik, hələ də işlənməmiş orada durmalı idi. Nə anam, nə bacım, nə də ev var. Heç biri yoxdur. İndi get oraları gör...

Bir dəfə radiotamaşa vermişdim. Yaxşı pul almışdım. Kefim kök evə gəldim, pulları tökdüm. Anama dedim ki, ürəyin nə istəyir, alım? Əlim hər yerə çatar, dedim. Qayıtdı ki, əlin kəndə çatarmı yarım saatlıq məni ora aparasan? Birdən-birə yaşadığım sevinc, aldığım pullar – hər şey mənasını itirdi.

O vaxt başa düşdüm ki, anam o qədər xəstəlik, ağrı-acı ilə ona görə sağdır ki, kəndin işğaldan azad olunmağını görmək istəyir. Ürəyimdə fikirləşdim ki, kaş, işğal uzansın. Kənd azad olunan kimi anam dünyasını dəyişəcək. Ölənə kimi də elə bildi ki, bu gün sabah torpaq alınacaq. Amma görmədi...

Atam İkinci Dünya Müharibəsi iştirakçısı kimi yaralı, qazi kimi qayıtmışdı və aldığı yaralardan dünyasını dəyişdi. Mənim o zaman iki yaşım olub, üzünü xatırlamıram. Hərbi biletində bir şəkli olub, o da itdiyinə görə heç görməmişəm. Atam bu günə qədər hamının yuxusuna girib, təkcə məndən başqa.

Düşünürdüm ki, anamı aparıb onun yanında dəfn edərəm.  Biləndə ki, onun qəbrin də dağıdıblar...

Başa düşdüm ki, həyatda bəzi şeylərlə başa çıxa bilməzsən.

Bütün bunlar da təbii ki, hansısa formada yazı-pozuya gəlir. Necə yazdığımı da bir mən, bir də Allahım bilir. Təbii ki, bir də oxucu.

Məsələn, “Ağdam” şeiri. İki gündə yazmadım ki... 30 il idi yazırdım.

- Qarabağ-müharibə, işğal və nəhayət qələbə mövzusunun ədəbiyyatımızda istənilən şəkildə yer almadığını deyənlər çoxdur. Siz nə fikirləşirsiniz?

- Bizim ədəbiyyat bir vaxtlar məğlubiyyəti gözdən salmışdı, indi qələbəni gözdən salır.

Söhbət zəif əsərlərdən gedir. Ağlaşma-şivən tipli yaradıcılıq məğlubiyyət ədəbiyyatı deyildi. İndiki pafoslu şeirlərin də harasında qələbənin olduğunu tapmaq lazımdır. Müharibə başlayanda ilk yazım belə başladı:

“Dünyada ən böyük yüksəklik Ruh yüksəkliyidir!

Ordumuz əvvəl o yüksəkliyi fəth elədi”.

Müharibədə bütün xalq vuruşdu. Bütün xalqa isə heç bir qüvvə qalib gələ bilməz. 30 ilin intiqam hissi var idi. Çünki layiq olmadığımız sonla üz-üzə qalmışdıq. Bu xalq ona layiq deyildi. Bunu həzm edə bilməzdi.

İndi aparılan çəkilişlərə baxıram, adam gedib viran olmuş yerdə vaxtilə basdırdığı boşqabı əli ilə qoyulmuş kimi tapır. Deməli, 30 ildir, bu adamların təsəvvüründə torpaq işğal olunmayıb. Dedilər ki, Azərbaycan ədəbiyyatı qələbəni əks elətdirmir. Mən deyərdim ki, Azərbaycan ədəbiyyatında Qarabağ heç vaxt işğal olunmayıb. Ədəbiyyatımızda Qarabağ həmişə diri, azad idi.

- Qarabağa nə vaxt getməyi düşünürsünüz?

- Yəqin ki, yaxın vaxtlarda. İlk gedişimdə kamera ilə getmək istəmirəm. Sakitcə gedib torpaqla görüşmək, ziyarət etmək istəyirəm. İnsan anası ilə görüşəndə şəkil çəkdirmir ki...

Bir-iki deyəcəklərim var, onları deyəcəm.

O torpaqda bundan sonra nə qurulsa, necə tikilsə də, yaddaşımda var olduğu kimi qalacaq. Çünki ora mənim uşaqlığımın vətənidir.

- Yazıçılar Birliyinin binasına daxil olanda adama elə gəlir ki, burada nəsə yazmaq, yaradıcılıqla məşğul olmaq çətin olar. Ab-hava bir az ciddi gəldi... 

- Bura şeir, əsər yazmağa gəlmirik.  Hər şeydən əvvəl idarədir, o baxımdan doğru deyirsiniz. Hətta jurnalın yazılarını da evdə oxuyuram. Çünki gələnlər çox olur. Xahişə, davaya gələnlər olur...  Katiblər, rəhbərlik heç biri burada şair, yazçı işləmir. Məmurdurlar. Çingiz Abdullayev birinci katib postunda yazıçı deyil ki...

Sevimli aktyorumuz Novruz Qartalı teatra gedəndə yazı-pozu başında gördüm və fikirləşdim ki, sevdiyim aktyora bax, hesabat yazır. Mənə də qəribə gəlirdi.

- Bəs yaradıcılığa necə vaxt tapırsınız?

- Yaradıcılıq sevgidir. İnsan sevməyə necə vaxt tapırsa, o cür. Yaradıcılıq təbiət hadisəsidir, gələndə soruşmadan gəlir. Yazı vərdişlərimlə bağlı heç vaxt düzünü demirəm. Kim düzünü deyir ki?..

Ən azından mən sizə deyəcəm, biri çıxıb televiziyada səsləndirəcək. Elə biləcəklər ki, mən ondan götürmüşəm. Sonradan başa düşdüm ki, bəzi şeyləri heç deməmək daha yaxşıdır.

Vaxt məsələsini də deyim. İnsan ömrü çox da qısa deyil. Bir işlə məşğul olanda günün necə uzun olduğunu görürsən. İnsan ömrü çox darıxdırcı olduğu üçün darıxmamaq üçün hər şey etməlidir. Biz də etməyə çalışırıq. “Ulduz”un hər nömrəsində maraqlı nələrsə edirik ki, adiləşməsin.

Məsələn, ilk dəfə açıqlayım ki, əgər çatdıra bilsək, jurnal bu aydan tamamilə fərqli dizayna keçir.

İlk şeirim Moskvaya həsr olunub

- Lenin haqqında yazdığınız şeirin çap olunmasından sonra rayonda hamı sizi şeir yazan kimi tanıyıb, belə demək mümkündürsə, erkən məşhur olmusunuz...  

- O vaxt qardaşımla domino oynayırdıq. Uduzanın şeir yazmağını təklif elədim. Uduzdum və ilk şeirimi Moskvaya həsr elədim. Sonra anaya, ataya, təbiətə şeirlər yazmağa başladım. Qohumlardan biri kəndə gələndə həmin şeirlərdən seçib Bakıda “Azərbaycan pioneri” qəzetində çap elətdirdi. 1980-ci ilin may ayında ilk şeirim çıxdı, 5-ci sinifdə oxuyanda. Birdən-birə rayonun şairi oldum. 1000-ə yaxın məktub aldım. Üst-başım topa-topa üzərlik idi.  Nəzərə gəlməyim deyə, anamgil hər tərəfimə üzərlik qoyurdular. Mənimlə görüş keçirildi, kostyum aldılar və s . Amma erkən məşhurluq məni ona görə məhv etmədi ki, o qohum bir də kəndə gəlmədi və mən daha çap olunmadım.

- Yaxşı ki, gəlməyib, yoxsa necə?

- Yaxşı ki, gəlməyib. Çünki erkən məşhur olmaq çox insanın sonradan özü olmağına imkan verməyib. Hər zaman sevilmək və gündəmdə olmaq istəyi onları publika üçün işləməyə məcbur edib.  

Bayaq seçə bilmədiyimiz taledən danışdıq.

Allahın bizə verdiyi talenin içində əlimizdə olmayanlardan...

Məsələn, 1994-cü ildə “Ulduz” jurnalına şöbə müdiri gəlmişəm. Bir ay işləyib qaçmışam. 2004-cü ildə təkrar gələndə fikilrəşdim ki, bu necə ola bilər? 10 il sonra yenidən dəvət etmişdilər. Bu dəfə gəldim və qaldım. Fikirləşdim ki, bu, taledir.

Yazçıların çoxu Fəxri xiyabanı arzulayır

- Narazı deyilsiniz ki, taleyin sizin üçün seçdiklərindən?

- Mən heç vaxt kənarda heç kimi günahlandırmıram. Nə olubsa, “günahkar özüməm”, - demişəm. Özgələri elə özgələrdiir. Bu dünyaya bir də gəlsəm, eyni həyatı seçərəm. Eyni ailəni - ananı, atanı... Yəni, heç nəyi dəyişməzdim. İnsan üçün mühüm olan bir neçə şey var ki, mən onlara əməl etmişəm. Daha çox qazana bilərdim. Daha yaxşı imkanım, böyük vəzifəm ola bilərdi. Amma heç vaxt çoxlu pulumun olmağını istəməmişəm. Çoxlu pulu olan dostlarımın çoxu şəkər xəstəsidir. Gündə birinin barmağı düşür. Bu, mənim nəyimə lazımdır. Nəyimə lazımdır “qəfil qapını döysələr, nə cavab verərəm?” - sualının təlaşı ilə yaşayam. Səhər dururam, Günəşi görəndə bütün günümə bəs edir. Başımızın üstündə səma, ayağımızın altında torpaq. Dünyada tanıdığım iki möcüzə və ikisinin arasında mən - üçüncü möcüzə. Bu da mənə bəs edir.

Yazçıların çoxu Fəxri xiyabanı arzulayır.

Belə çıxır ki, bu adamlar nə bu dünyanı başa düşüblər, nə də o biri dünyanı. Orada olmaq nəyi dəyişir? Hətta öləndən sonra də göz önündə olmaq istəyirlər. Ədəbiyyat təklənmək sənətidir. Bunlarsa zər tutur, cütləyirlər. Hamının adamı olmaq mümkündür, amma mənim nəzərimdə düzgün deyil.

- Bu gün daha çox kimləri, nələri oxuyursunuz?

- Ulduzun poçtunu oxuyuram. e-mail ünvanıma ayda 30-40 yazı gəlir. Məcburam oxuyam. Övladım ingilis ədəbiyyatını oxuyur.  Polemika imkanı yaransın deyə, məcburi şəkildə onun oxuduqlarından oxuyuram.  

q-1

- Gənclərin ədəbiyyata, oxumağa meylini artırmaq üçün nə etmək olar. Siz “Ulduz”a maraq oyatmaq üçün nələr edirsiniz?    

- Əvvəlcə onu deyim ki, ədəbiyyatda indi cəsarət yox, istedad rol oynayır. Cəsarət rol oynayır "Facebook"da. 5-10 belə adam var ki, oxucuların ürəyini ələ alıb. Amma bu, ədəbi fakt deyil.

Oxucuları ədəbiyyata cəlb etməyin yolu var. Biz də ən müxtəlif yollarla çalışırıq ki, “Ulduz” oxucuların bir parçası olsun. Onlar üçün pulsuz nömrələr paylayırıq. Sadə oxuculara jurnal hədiyə göndəririk. Foto çəkdirib bizə yollayırlar. İndi jurnalın 80 faizi abunədir ki, bu, ölkədə ən yüksək göstəricidir. Burada Qulu Ağsəs amili yox, insanların ədəbiyyata qayıtmaq marağı rol oynayır. Kiminsə əlində “Ulduz” jurnalı tutmağı bir az da onu kübar göstərir. 3 manatdan yuxarı başa gəlirik. İki manata satışa qoyuruq. Bu, bizim ziyanımızadır. Amma dövlətdən maliyyələşdiyimiz üçün bunu edə bilirik. Oxucunun bəhanələrini aradan qaldırmaq üçün bütün variantlardan istifadə edirik. Eləsi var, deyir ki, oxumaq istəyir, imkanı yoxdur. 10 abunə etdiyim dostum var ki, 9-u imkansızlar üçündür. Adam var ki, abunə üçün 24 manatı verməyə canı çıxır, amma cibindən 3 min manatlıq telefon çıxarır.

Gənclər gün ərzində 10 manatı kofeyə, badmintona xərcləyir, amma kitabı, jurnalı hədiyyə kimi istəyirlər.

- Burada valideyn amili də var. Büdcəni düzgün xərcləməyi öyrətmək lazım deyil?

- Qızım səhər-səhər anasından, sonra da məndən pul alır. Əlaçıdır, kartında da pul var. Ağzımı açanda da deyir ki, demisən ki, istədiyin yerə daxil olsan, nə istəsən, edəcəyəm. Bir söz vermişəm, gərək edəm (gülür).

- Çox valideyn uşaq vaxtı yaşadıqları çətinlikləri övladlarına yaşatmamaq üçün belə edir...

- Mən əslində öz uşaqlığımı bəsləyirəm, qızımı yox. Elə bilirəm ki, ehtiyacı olan Qulunu bəsləyirəm. Qızıma özüm kimi, dostum kimi baxıram. Mən o vaxtı kimə deyə bilərdim ki, bunu elə, onu elə. Onu deyəcək adam yox idi. Məktəbi bitirdikdən sonra bildim ki, “kojik” pulumu anam boğazından kəsirmiş.

Dul və pensiya alan qadından hər gün “kojik” pulu alırdım. Biləndən sonra fikirləşirdim ki, bunu necə əldə edirmiş?

- Şuşa haqqında çox təsirli şeir yazmısınız. Yəqin ki, işğalını da, azadlığını da sözlə bu cür təsvir etmək asan olmayıb... 

- Şuşada o vaxtlar iki dəfə olmuşdum. Hər iki səfərim planlaşdırılmadan. Sanki hansısa qüvvənin məni dartıb ora aparması ilə baş vermişdi. Hər iki səfərimdə də Şuşa məndə qeyri-adi təəssürat yaratmışdı.

“Şuşa” şeirini təxminən 2015-ci ildə yazdım. Şuşanın işğal olunmağı mənə çox ağır gəlirdi. Elə bilirdim ki, namusumuza məhz Şuşada sataşıblar. Bunda da günahkar özümü, Ağdamı bilirdim. Ağdamdan da çox Şuşanın işğaldan azad olunmağını arzulayırdım.

“Özünü dağ başına qoyan şəhərin” şeiri yarandı, Şuşanın işğal günlərində səsləndirilməyə başlandı. 

Allaha şükürlər olsun ki, qələbə qazandığımız Şuşada yeni bir “Şuşa” şeirim oxundu.

Mənə elə gəldi ki, Şuşaya yazdığım elegiya onu diriltdi.

İkinci yazdığım şeirimin səsləndirildiyi video mənə göndəriləndə 3 gün özümə gələ bilmədim...

Xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

nə vaxtdı,

yad səslərdən yağır qulağına…

mən pambıq götürüm,

sənsə çöp götür,

enək İsa bulağına –

təmizləyək nisgilin,

28 bəlaya gəlmiş ilin!

…Bir də xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

da-rıx-mı-şam!..

 Əslində, biz gedib torpağı özümüzdən pis gündə gördük. Biz torpaq üçün darıxmamışdıq, nə qədər ki, torpaq bizdən ötrü darıxmışdı.

İnsan özünün olanı unuda bilmir. Erməniləri bu torpağa bağlayan unitaz imiş yığdı, getdi. Biz gətirdiklərimizə baxın. “Quran”, evin açarı, nəvə üçün toxunan corab, kitabın arasında qurumuş çiçəklər. Və heç kim çıxanda evini yandırmayıb. Axı insan öz evini yandıra bilməz.

Bax, belə məqamları qələbə ədəbiyyatına gətirmək lazımdır.  Ağlaşma və ya indi çıxarılan hay-küy ədəbiyyat materialı deyil. 

12

Sözlə məsuliyyətsiz davrananlar həyatını itirmir, rüsvay olurlar

- Qulu Ağsəs Allahı qorxudan tanıyır?

- Bəzən deyirlər ki, Allahdan baqşa heç kəsdən qorxmuram. Məndə tərsinədir. Allahdan qorxmuram, sevirəm. Mənim Onun yanında ayrıca bir yerim olub ki, yaradıb. Allah mənim üçün hər yerdir. Bütün dünya, kainat, əşyalar - hamımız bir yerdə bütöv bir varlığıq.

- O biri dünyanın varlığına necə, inanırsınız?

- Mən sözə inanıram. Əgər bu dünya və o biri dünya deyilirsə, o biri dünya da var. Sonsuz sayda dünyaların valığına inanıram.

- Amma sözdən qorxursunuz...

- Hər zaman qorxmuşam. Bu da məsuliyyətdən yaranıb. Mina axtaranlar bir dəfə səhv edir, onunla da həyatlarını itirirlər. Amma sözlə məsuliyyətsiz davrananlar həyatını itirmir, rüsvay olurlar. Bu, daha təhlükəlidir. Söz Allahın yanında kəlamdır. Allah bizə nə göndərib? Söz-kitab göndərib. Onunla necə ehtiyatsız davranmaq olar? Bir insan ömrü bir kəlamı belə anlamağa yetmir. Bir ömür boyu düşünsən də “mən niyə yaşayıram?” sualının gerçək cavabını tapa bilməzsən. Mən sözü yox, o məni çağıranda gedirəm. Sözlə hesablaşıram. Ya yaxşı yazmaq lazımdır, ya da heç nə.

- Müsahibə üçün təşəkkür edirik.

Aygün İbrahimli