Close

"Həkimlər arasında ən böyük yalançılar nevroloqlardır" - MÜSAHİBƏ

Dünyada təxminən 65 milyona yaxın insan epilepsiya xəstəliyindən əziyyət çəkir. Hər il 2,3-2,4 milyon insana xəstəliyin diaqnozu qoyulur.

İxtisaslaşmış nevroloq, 10 ildən artıqdır, Almaniyada işləyən, bu ölkədə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Samir Həşimov mövzu ilə bağlı TNS-in suallarını cavablandırıb.

- Samir doktor, əvvəlcə epilepsiya xəstəliyi ilə bağlı məlumat verməyinizi istərdik...

- Epilepsiya xroniki xəstəlikdir. Epileptik tutma zamanı beyindəki neyronların ani və idarə olunmayacaq şəkildə boşalması baş verir. Nəticədə əzələlərdə gərginlik, şüurda duyğusal dəyişikliklər meydana gəlir.

Beyni bir elektrik mərkəzi kimi düşünsək, elektrik naqilləri bizim neyronlarımızdır. Orqanlarımızı da hər hansı bir elektrik aləti kimi təsəvvür edək. Əgər elektrik mərkəzində hər hansı səbəbdən partlayış olarsa, işığın gücü 220 yox, 500 volt olarsa, evdəki elektrik əşyaları sıradan çıxacaq. Bu xəstəlik zamanı da neyronlarda birdən-birə boşalma yaşanır və onun da nəticəsində beynin, belə deyək, qısaqapanması kimi bir şey baş verir.

- Bu qısaqapanmaya nələr səbəb ola bilər?

- Deyək ki, kənardan həmin elektrik mərkəzinə bir dəmir atılır, su tökülür. Toxunulur və ya nəsə bir şey olur. Bu zaman yaranan tutma hər hansı orqanik səbəbdən baş verən epilepsiyadır. Beynin içərisində şiş, qanaxma ola bilər. Keçirilmiş iltihabi proses, əməliyyat çapığı da mümkündür. Yaxud beynin çox qızması, yəni temperatur, infeksiyalar ola bilər ki, bunların nəticəsində beynin qısaqapanmaları baş verir və tutmalar yaranır. Bir də  qeyri-iradi tutmalar var. Minlərlə müayinə aparırsan, amma heç bir səbəb ortaya çıxmır. Müayinə edirsən, sağlam insandır, amma epileptik tutmaları var. Xəstəliyin bu formada seyri daha çox qarşımıza çıxır. Statistkanı da əsasən, epilepsiyanın bu cür forması təşkil edir. Xəstəliyin bu forması müalicəyə daha çətin tabe olur.

- Uşaqlar arasında olan “dil qatlanması” epilepsiya hesab olunurmu və bu zaman çənəni açmağa çalışmaq nə qədər doğrudur?

- Ümumiyyətlə, “dil qatlanması” deyilən bir anlayış yoxdur. Hətta insanlar bu zaman çənəni açaraq dili çıxarmaq istəyir ki, nəticədə ya xəstənin dişlərini sındırır, yaxud da hər hansı xəsarət yetirilər. Ona görə də epileptik tutması olan insanın heç vaxt çənəsini açmağa, dilini tutmağa ehtiyac yoxdur. Sadəcə olaraq, yan üstə çevirib başının altına yumuşaq bir şey qoymaq və tənəffüs yollarını açıq tutmaq məsləhətdir. Bu, təhlükəsiz duruş hesab olunur.

Epileptik tutma uşaq vaxtı daha çox yüksək temperatura görə baş verir. Uşaq vaxtı olan qıcolmaların sonradan keçib getməsi hələ ki, qarşıma çıxmayıb. Epilepsiya xroniki xəstəlikdir. Bu xəstəlik ya uşaq vaxtı ortaya çıxır, ya da ki, 50-55 yaşından sonra.

- Xəstəliyin yaranmasında genetik amillərin və qorxunun rolu nə qədərdir?

- Qorxudan yaranan tamamilə başqa bir formadır. Bunlar həqiqi epileptik tutmalar deyil. Onun psixiatrik bir mənşəyi var. Yəni, epilepsiyanın qorxu ilə əlaqəsi yoxdur. Amma genetik amillərin nəinki epilepsiyada, bütün xəstəliklərdə rolu var.

- Xəstəliyi, məsələn hər hansı bir orqanik səbəbdən baş verən epileptik tutmaları tamamilə sağaltmaq mümkündürmü?

- Yaranmış hər hansı bir orqanik səbəbi tamamilə aradan qaldırmaq mümkün olmadığı üçün bu təsirdən yaranan epilepsiyanı da sağaltmaq mümkün deyil.

Mən deyərdim ki, həkimlər arasında ən böyük yalançılar nevroloqlardır. Çünki “filan xəstəliyi müalicə etdik” deyirlər. Nevroloji xəstəliklərin hardasa 99 faizi müalicə olunmur. Remissiya olunur. İçi mən qarışıq, heç kim kimisə müalicə etdiyimizi deyə bilmərik. Məsələn, epilepsiyanın səbəblərindən biri olan insult. Bunu kim müalicə edə bilir? İnsulit ani ölüm deməkdir. Beyin toxuması öldüsə, həmin yerdə yaranan boşluğu necə yerinə gətirə bilərik? Yəni, bu cür xəstəlikləri ancaq remissiya (yatırmaq) edirik. Yanar vulkan kimi hər an ortaya çıxa bilər.

- Xəstəliyin müalicəsində əsasən hansı üsullardan istifadə olunur?

- Müalicəsi əsasən, dərmanların qəbulu ilə aparılır. Epileptik cərahiyyə var ki, o da özünü tam olaraq təsdiq etməyib. Beyində həmin qıcığı yaradan nahiyəni kəsib götürürdülər, onunla xəstəlik bitirdi. Amma zamanla bu da özünü doğrultmadı.

Qeyd edim ki, əslində hər həkimin öz müalicə yolu, metodu var. Biz həkimlər xəstəliyi deyil, xəstəni müalicə etməliyik. Çünki hər bir xəstəlik ayrı-ayrı fərdlərdə fərqli şəkildə özünü göstərir. Elə insan var ki, qrip olanda heç vaxt yatağa düşmür. Amma elə insan var ki, azca soyuqdəyməsi olan kimi yatağa düşür. Bu iki insanın müalicəsi eyni ola bilməz. Ona görə də xəstəliyi deyil, xəstəni müalicə etmək lazımdır. Bu da həkimin öz vicdanı, bilik və təcrübəsinin ixtiyarındadır.

Epilepsiyanın müalicəsində uşaqlara və hamilələrə veriləcək 3-4 preparat, eləcə də böyüklərə veriləcək 3-4 preparat var. Toplamda 10-20 dərman prepartı var ki, bunları da qruplara böləndə 3-5 dərman qalır.

- Dərmanlar tutmaların qarşısını tam ala bilirmi? Ümumiyyətlə, ayda bir dəfə baş verən epileptik tutmanı normal hesab etmək olarmı?

- Digər nevroloji xəstəliklərdə olduğu kimi, burada da əsas məqsəd xəstəliyin susdurulmasıdır. Elə bir xəstəlikdir ki, yol gedərkən, hansı bir dəzgahda çalışarkən tutma olarsa, həyati risk daşıyır. Tutmanın bir dəfə belə olması normal hesab olunmur. Düşünün ki, evdə ayda bir dəfə qısaqapanma olacaq, soyuducu, televizor yanacaq. Bu da normal bir hal deyil. Ona görə də çalışmaq lazımdır ki, xəstələr yaxından təqib olsun və il ərzində tutmaların sayı minumuma endirislin.

Dərmanlar vaxtında qəbul olunmalıdır. Tutmaların baş verməsində qidalanmanın rolu 60-70, hətta 80 faizə qədərdir. Yuxu rejimi, gündəlik həyat tərzi rol oynayır. Siqaret, spirtli içki, qəlyan, elektron siqaret, energetik içkilər, şəkərli və qazlı içkilər, şəkər, mobil telefonun uzun müddət istifadəsi, yuxusuzluq kimi amillər hamısı təsir göstərir.

Yer üzündə insanların sayı artdıqca xəstəliklərin sayı da artır. Bir tərəfdən də genetik modifikasiya olunmuş qidalar, toxumlar xəstəliklərin artmasında öz sözünü deyir.

Epilepsiya xəstəliyindən əziyyət çəkən insanların yaxınlarına tövsiyə edərdim ki, ən əsası bu xəstəlik barəsində məlumat əldə etsinlər. Sadəcə dərman əldə etməklə kifayətlənməsinlər.

- Epileptik tutmalar qadınlar arasında daha çox olur, yoxsa kişilər? Bəs xəstəlikdən ölüm halları yüksəkdirmi?

- Xəstəlikdə letallıq (ölüm törətmə) faizi o qədər çox deyil, amma var. Epileptik statusa girən xəstələr olur ki, çıxarmaq mümkün olmur.

Epileptik tutmalar qadınlar arasında daha çox olur. Məsələn, Almaniyada əsasən qadınlar arasında daha çoxdur. Amma ümumi götürəndə elə də böyük fərq yoxdur.    

Aygün